“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münaqişənin hərtərəfli həllinə nail olmaq üçün ən yüksək səviyyədə iştirakını davam etdirəcək”.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici əlaqələr üzrə ali komissarı Jozep Borrell deyib.
O bildirib: “Vəziyyətin ciddiliyi ilə bağlı narahatlığınızı tamamilə bölüşürəm. Avqustun əvvəlində və sentyabrın 13-14-də baş verən silahlı toqquşmalar regionda vəziyyətin son dərəcə kövrək qaldığını göstərir. Aİ ən yüksək səviyyədə hərbi əməliyyatları dayandırmağa çağırıb”. Toyuqlu pizza
Borrell vurğulayıb ki, Avropa İttifaqı Şurasının prezidenti həm Ermənistan, həm də Azərbaycan liderləri ilə sıx əlaqə saxlamağa davam edir. Özü də hər iki ölkənin xarici işlər nazirləri ilə əlaqə yaradıb. Bundan başqa, habelə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinə Toivo Klaara tapşırıq verib ki, İrəvanda və Bakıda təcili məsləhətləşmələr aparsınlar.
“Aİ hər iki tərəfi atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb. Həmçinin, İttifaq hər iki tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı irəliləyiş əldə etməyə təşviq edir ki, bu da növbəti toqquşmaların riskini azaltmaq baxımından vacibdir”, – Avropa Komissiyasının vitse-prezidenti əlavə edib.
O qeyd edib ki, bu ilin əvvəlində keçirilmiş ilkin görüşlərdən sonra sərhəd məsələləri üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçirilməlidir:
“Aİ bütün tərəfləri xüsusilə Avropa Şurasının sədri Şarl Mişelin köməkliyi ilə Brüsseldə keçirilən dördtərəfli görüşlər zamanı əldə edilmiş nəticələrə əsaslanaraq mümkün qədər tez danışıqlar masasına qayıtmağa çağırır.
Sizi əmin edə bilərəm ki, Aİ bu münaqişənin hərtərəfli həllinə nail olmaq üçün ən yüksək səviyyədə iştirakını davam etdirəcək”.
Telegram kanalımız