Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda xüsusi karantin rejiminin qaydaları sərtləşdirilsə də, bəzi vətəndaşlarımızın dünyanı təhdid edən problemə məsuliyyətsiz yanaşdığı müşahidə edilir.
Yenisabah.az xatırladır ki, xüsusi karantin rejimi martın 24-dən tətbiq edilib. Bir həftə ərzində hökumət iki dəfə rejim qaydalarını sərtləşdirmək məcburiyyətində qalıb və nəticədə insanların zəruri hallar olmadan küçəyə çıxması yasaqlanıb.
Amma yenə də küçələrdə insanlar gözə dəyir. Aparılan monitorinqlərdən aydın olur ki, küçədə gəzən insanların əksəriyyəti zərurət olmadan evdən çıxıb. Bu isə qaydaların daha da sərtləşməsinə, fövqəladə hal elan edilməsinə səbəb ola bilər. pizza
Hökumət niyə bu “evdə qal” kampaniyasına ciddi önəm verir? Bəzilərinin düşündüyü kimi bu heç də hansısa siyasi maraqlardan irəli gəlmir. Məsələ burasındadır ki, koronavirus infeksiyası yayılma sürətinə görə digər viruslardan fərqlənir. Bu isə yoluxmanın kütləvi hal almasına səbəb ola bilər.
Necə ki, gün İtaliya və İspaniya bundan əziyyət çəkir. Bu ölkələrdə də ilk günlər insanlar pandemiyaya qeyri-ciddi yanaşır, küçəyə çıxır, hətta Çindən gələn turistlərlə qucaqlaşıb fotolar çəkdirirdilər. Nəticə göz qabağındadır. Bu günə olan məlumata görə, İtaliyada 101 min 739 nəfər infeksiyaya yoluxub, onlardan 11 min 591 nəfəri dünyasını dəyişib. İspaniyada da vəziyyət faciəvidir: 94 min 417 yoluxma, 8189 ölüm. Bu ölkələrdə yoluxma halı həndəsi silsilə ilə artır. Məsələn, bu gün İspaniyada 6461 nəfər infeksiyaya yoluxub.
Azərbaycan hökumətinin əndişəsi yoluxma halının bu cür qarşısıalınmaz məcraya yönəlməsi ilə bağlıdır. Şübhəsiz ki, yoluxanların sayı artdıqca ölüm halları da çoxala bilər.
Tibb mütəxəssisləri də həyəcan təbili çalır ki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Bu gün hər evdən çıxma, kənar şəxslərlə təmas yoluxma deməkdir. Bu isə bütövlükdə ailəni, yaxın ətrafı təhlükəyə atmaqdır. Vətəndaşlar ilk növbədə düşünməlidirlər ki, məsuliyyətsizlikləri üzündən yaxınlarının da həyatını təhlükəyə atmış olurlar.
Pandemiyaya qeyri-ciddi yanaşanlar dünya ölkələrinə diqqət etsinlər. Dünya bütün ciddiyyətilə “evdə qal” kampaniyası aparır. Bu vəziyyətin hansı dərəcədə təhlükəli olduğunu anlamaq üçün yetərlidir.
Telegram kanalımız