Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı silahlı birləşmələrə müraciət edərək onlardan İrəvana gəlmələrini istəyib. Erməni müxalifəti hesab edir ki, bu, vətəndaş müharibəsi istiqamətində atılan ilk addımdır. Hökumət başçısı narazı insanları və müxalifəti ordunun siyasi proseslərə müdaxiləsi hesabına əngəlləməyə çalışır.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanın ordunu çağırmasının hansı məqsəd daşıdığı hələ tam aydınlaşmayıb:
“Amma görünən odur ki, bu, guya Moskvada Putinin vasitəçiliyi ilə imzalanan Azərbaycan-Ermənistan arasındakı atəşkəsə əməl olunması, müharibənin dayandırılması və bundan sonrakı məsələlərin dinc yolla həll edilməsilə bağlıdır. Çünki həmin bəyanatda ordunun dekabrın 1-dək Azərbaycanın işal edilmiş ərazilərindən çıxarılması nəzərdə tutulur. Amma hazırda Ermənistan cəmiyyətində Paşinyana qarşı ciddi tənqidi münasibətlər formalaşmaqdadır, hətta ona qarşı sui-qəsd edilməsi barədə də informasiya yayılıb. Bununla bağlı Təhlükəsizlik Xidmətinin keçmiş rəisi həbs olunmuşdu. Məhkəmə onu həbsdən azad etdi, amma ittihamlar irəli sürülərək o, yenidən məhkəməyə sövq edilib. Paşinyan erməni cəmiyyətində həm müxalifət, həm də siyasi elitanın müəyyən nümayəndələri tərəfindən “hakimiyyətdən get” çağırışının müxtəlif təxribat və sui-qəsdlərlə nümayiş etdirildiyini başa düşür”. Marqarita pizza
Siyasi şərhçi vurğulayıb ki, bu gün Ermənistan cəmiyyətinin böyük hissəsi Paşinyana qarşıdır, amma ordunun general elitası və böyük hissəsi Paşinyanın müdafiəçisidir:
“Çünki ən real vəziyyəti ordunun komanda heyəti və əsgərlər bilirdi. Onlar yaxşı görürdülər ki, Azərbaycan Ordusunun zərbələri qarşısında Ermənistan ordusu pərən-pərən düşüb, müxtəlif dəstələr, ordu qruplaşmaları arasında əlaqə itib, komandanlıq vahid idarəetmə sistemini tətbiq edə bilmir, hətta xüsusi təyinatlılar belə döyüş meydanından qaçır. Buna görə də ordunun təkidi ilə Paşinyan bu bəyanatı imzalamağa məcbur oldu. İndi isə onu bəyanata görə xəyanətkarlıqda günahlandırırlar. Bu, erməni cəmiyyətinin əxlaqi cəhətdən deqradasiya olunmasının bir göstəricisidir. Bu cür etirazlara qoşulanlar axı nəyə etiraz edir? Onlar işğalçı olublar, başqasının torpağını işğal edib orada yaşayanları etnik təmizləməyə məcbur ediblər. Bu isə beynəlxalq hüquq nöqteyi-nəzərdən hərbi cinayət hesab olunur. İndi həmin torpağın sahibi onları qovub çıxarır, sevinsinlər ki, onları bu biabırçılıqdan imzalanmış saziş qurtardı. Rus siyasi elitası açıq şəkildə elan edib ki, rus sülhməramlıları Ermənistan dövlətçiliyini və ordusunu xilas etdi. Amma erməni ermənidir, qəbullanmaq istəmir”.
Həmsöhbətimiz qeyd edib ki, son zamanlar Paşinyan ciddi repressiyalara başlayıb:
“Bu repressiyalarda onu Qərb müdafiə edir. Rusiya isə dinməzcə prosesləri müşahidə edir. Çünki əgər əvvəl Rusiya Paşinyanın yıxılmasını istəyirdisə, indi hələ bir müddət Paşinyanın hakimiyyətdə qalmasını istəyir ki, müəyyən niyyətlərini həyata keçirə bilsin”.
Politoloq Ermənistanda irimiqyaslı vətəndaş müharibəsinin olacağını ehtimal etmədiyini diqqətə çatdırıb:
“Paşinyan ordunun köməyilə cəmiyyətdəki qarşıdurmaları səngidə bilər. O, bu qarşıdurmaların inkişaf edərək vətəndaş müharibəsinə çevrilməsinə imkan verməyəcək. Çünki baş verənlərdə ordu, ordunun komanda heyəti bəlkə də Paşinyandan daha çox məsuliyyət daşıyır. Onlar həm döyüşə bilmədilər, həm də meydanı qoyub qaçdılar. Ona görə də onlar cəmiyyəti inandırmaq, milli psixozdan, heç bir real fakta söykənməyən şovinist şuarlardan daşındırmaq üçün lazım gəlsə, hərəkət də keçəcəklər. Yəni Ermənistan cəmiyyəti baş verənləri həzm etməyi bacarmalıdır. Bu cırtdan millət nə vaxta qədər əsassız ambisiyalarla yaşayacaq? Bunun içərisində əgər ziyalı kütlə xalqı başa sala bilmirsə, Paşinyan ordunun köməyinə də müraciət edə bilər. Ordu isə beş-üç başıpozuğu (Paşinyan onları küçə dilində ulayanlar adlandırır) sakitləşdirməyi bacarar. Cəmiyyətdə gərgin abu-havaya hökm sürəcək, siyasi temperaturu qalxmaqda davam edəcək, amma qanlı qarşıdurmaların olacağını təxmin etmirəm”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız