2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan ordusu arasında baş verən toqquşma tarixdə böyük iz qoydu. Bu olay həm Azərbaycan ordusunun döyüş qabiliyyətinin, həm də cəmiyyətdə ruh yüksək olduğunu nümayiş etdirdi. Bu toqquşmanın siyasi tərəfi, aparıcı ölkələrin mövqeyinə gəlincə, Yenisabah.az bu suallara Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə birgə cavab tapmağa çalışacaq.
- Elxan bəy, “Aprel döyüşləri” ilə bağlı dünyanın aparıcı ölkələrinin, xüsusilə Rusiyanın mövqeyini necə dəyərlədirirsiniz?
- Rusiya aprel döyüşlərindən sonra Ermənistana dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə “İsgəndər” raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit verdi. Bunların mənası o idi ki, Rusiya Ermənistanın Azərbaycan qarşısında zəif duruma düşməsini istəmir. pizza mizza
- Aprel döyüşlərindən dərhal sonra Rusiyanın xarici siyasət institutunun rəhbəri Sergey Lavrov Bakıya səfər etdi. Bundan sonra belə xəbər yayıldı ki, Lavrovun münaqişənin həllinə dair hansısa planı var. Belə plan həqiqətən var idimi?
- Belə bir plan yox idi. Bunu Lavrov özü də aprelin 22-də İrəvanda mətbuat konfransında dedi. O bildirdi ki, Rusiyanın münaqişənin həlliylə bağlı yeni planı və təklifləri yoxdur. Bu o demək idi ki, Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürülmədən azad olunması məqsədilə İrəvana təsir etməyəcək.
- ABŞ-ın aprel döyüşlərinə reskasiyası barədə də fikirlərinizi bilmək maraqlı olardı…
- ABŞ-ın o zamankı dövlət katibi Con Kerri arpelin 25-də Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi. Telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışıldı. Bu telefon zəngi Moskvaya mesaj idi ki, “Cənubi Qafqazda biz də varıq”. Buna baxmayaraq, Vaşinqton sonrakı aylarda və illərdə münaqişənin həlli məqsədilə fəallığını artırmadı.
- Aprel döyüşlərindən sonra Ermənistan ordusunda kadr dəyişikləri baş verdi. Sizcə, bu, döyüşlərlə bağlı idi, yoxsa başqa səbəb var idi?
- Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan aprel döyüşlərində ordunun böyük itkilər vermədiyini bəyan etsə də, aprelin 26-dan başlayaraq orduda ciddi kadr dəyişiklikləri həyata keçirildi. Serj Sərkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarətetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan və Ermənistan silahlı qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan vəzifələrindən azad edildilər. Bu istefalar Ermənistan ordusunun aprel döyüşlərində verdiyi itkilərdən və korrupsiyadan xəbər verirdi.
- 2016-cı il aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Alobal Forumu keçirildi. Maraqlıdır ki, BMT-nin o zamankı baş katibi Pan Gi Mun foruma qatılmadı. Sizcə, səbəb nə idi?
- Pan Gi Mun Azərbaycanla yanaşı Ermənistana da səfərini təxirə saldı. Pan Gi Mun bu təxirə salmaları “təcili işləri” ilə əlaqələndirdi. BMT baş katibi Bakıya gəlsəydi, ona ciddi suallar veriləcəkdi, məsələn deyiləcəkdi, bu beynəlxalq təşkilat özünün qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini niyə təmin etmir? Pan Gi Munun İrəvana səfərinin təxirə salınmasını isə onunla izah etmək olardı ki, o tərəflər arasında balans saxlamaq istəyib. Bundan başqa o İrəvana getsəydi, rəsmi İrəvan onu “erməni soyqırımı” abidəsinə əklil qoymağa məcbur edəcəkdi. Bu isə Türkiyə və Azərbaycanda narazılıqla qarşılanacaqdı. Ona görə də BMT baş katibi başı ağrımasın deyə həm Bakıya, həm də İrəvana səfərdən imtina etdi.
Telegram kanalımız