Bunun adı “Kitayiski inqilab”dır

saytların hazırlanması

Evə çatdırılma

Bunun adı “Kitayiski inqilab”dır

Siyasət

24 Aprel 2025 11:00 488


Prezident İlham Əliyevin Çinə səfəri təkcə diplomatik bir addım deyildi — bu səfər, həm də diqqətlərin qərbdən şərqə çevrildiyinin simvoluna çevrildi. Səfərin nəticələrinin Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli olacağını düşünmək üçün kifayət qədər əsas var. Axı Çin bu gün təkcə dünyanın iqtisadi nəhəngi deyil, eyni zamanda elm, texnologiya və intellektual inkişaf baxımından da aparıcı “beyin mərkəzinə” çevrilməkdədir.

İllər əvvəl oxuduğum bir məqalə yadıma düşür. Həmin vaxtlar Çin istehsalı olan məhsullara çoxları yuxarıdan aşağı baxırdı, “kitayiski” sözü adətən keyfiyyətsizliyi ifadə etmək üçün işlədilirdi. O məqalədə çox cəsarətli bir proqnoz verilmişdi: yaxın gələcəkdə Çin ilə ABŞ və Avropa arasında avtomobil istehsalı və satışı sahəsində səssiz, lakin həlledici bir mübarizə gedəcək və bu mübarizənin qalibi Çin olacaq. Ardınca isə Çin yalnız avtomobil sektorunda deyil, müasir texnologiya, elm, təhsil, ixtiraçılıq, istehsalat və yüngül sənaye də daxil olmaqla bir çox istiqamətlərdə qarşısıalınmaz bir gücə çevriləcəkdi.

Həmin proqnoz tam anlamıyla özünü doğrultdu. Bu gün dünyanın bir çox ölkələrinin küçələrində Çin istehsalı avtomobillər üstünlük təşkil edir. Elə Bakı küçələrinə bir nəzər salaq – cəmi bir-iki il əvvəlki mənzərə ilə indiki vəziyyəti müqayisə etdikdə dəyişiklik açıq şəkildə görünür. Uzun illərdir şəhərimizin simasına çevrilmiş Yapon “Toyota Prius” modelləri, yerini tədricən və sakitcə Çin istehsalı “BYD” avtomobillərinə verir. Üstəlik, bu dəyişiklik heç bir böyük təbliğat kampaniyası, reklam və ya bazar mübarizəsi olmadan baş verir. Nə qarşıdurma oldu, nə də gözdənsalma. Sadəcə seçim dəyişdi. Sezar pizza

Gözdənsalma demişkən, uzun illər boyunca Çin istehsalı məhsulların keyfiyyətsizliyi qərbdə təkcə biznes dairələrində deyil, ədəbiyyat və kinematoqrafiyada da sistemli şəkildə təbliğ olunurdu. Bu mesajlar insan şüuraltısına elə ustalıqla yeridilirdi ki, nəticədə “Made in China” ifadəsi bir növ istehzaya çevrilmişdi. Elə bu sətirləri yazarkən yadıma “127 saat” filmi düşdü. Qayanın arasında sıxışıb qalan qəhrəman xilas olmaq üçün Çin istehsalı kiçik bir bıçaqdan istifadə etməyə çalışır, amma alət onu yarı yolda qoyur. Filmdə Çin istehsalına açıq şəkildə tənqidi münasibət bildirilir. Bu da, əslində, qərbin apardığı mədəni təbliğatın bir hissəsi idi.

Lakin Çin bu tənqidlərə və təbliğata aqressiya ilə cavab vermədi. Əksinə, məsələyə Şərq müdrikliyi ilə yanaşdı. Səssiz-səmirsiz, amma ardıcıl şəkildə çatışmazlıqları aradan qaldırdı və nəticəni sözlə yox, əməllə göstərdi. Bu nəticə artıq təkcə küçələrdəki avtomobillərdə deyil – hər yerdə hiss olunur. Geyimimizdə, evimizdə, hamamımızda, mətbəximizdə, əlimizə aldığımız telefonda...

Bu sətirləri yazarkən klaviaturamı qaldırıb etiketinə baxıram: “Made in China...” yazılıb. Masamın üstündəki gül dibçəyində də eyni ifadə qarşıma çıxır. Çin indi sadəcə məhsul ixrac etmir – o, həyatımıza daxil olub. Səssizcə, lakin dərin izlərlə.

İndi elə bir dövrdə yaşayırıq ki, insanları zorla hansısa məhsulu almağa məcbur etmək mümkün deyil. Azadlıq anlayışı nə qədər nisbi olsa da, seçim azadlığı bu gün daha konkret və realdır. İnsanlar artıq seçimlərini şəxsi iradələri ilə edirlər. Alternativləri dəyərləndirir, həm keyfiyyət, həm də qiymət baxımından ən uyğun olan məhsulu seçib onun əvəzini ödəyirlər.

Və Çin – məhz bu yeni dövrün tələblərinə cavab verə biləcək intellektual və istehsal potensialına sahibdir. O, sadəcə ucuz məhsul istehsal etmir; o, indi insanların seçimlərinə uyğun məhsullar təklif edir.

Prezident İlham Əliyevin Çin səfəri, yalnız bir diplomatik təmas olmaqla qalmır, həm də Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin başladığını göstərən mühüm bir addımdır. Bu səfər, ölkəmizin beynəlxalq əlaqələrində balanslı və müstəqil bir yanaşmanı təsdiqləyir. Prezidentin bu addımı, Azərbaycanın qlobal siyasətdəki yerini möhkəmləndirir və göstərir ki, ölkəmiz yalnız Qərbin deyil, Şərqin də strateji tərəfdaşıdır.

Bu, həmçinin dünyanın artıq birqütblü olmadığını göstərən siyasi mesajdır. Qlobal güclərin təkcə hərbi və iqtisadi təsir gücü ilə deyil, həm də mədəni və elmi inkişafa verdikləri töhfələrlə müəyyənləşdiyini görürük. İndi, yuvarlaq dünyada imkanlar sonsuzdur. Artıq işğalçılıq heç nəyi həll etmir. İndi güc – silahda deyil, təhsildə, elmdə və bunun nəticəsi olaraq ortaya çıxan müasir istehsalatdadır. Bu dəyişiklik, eyni zamanda, dövlətlərin beynəlxalq münasibətlərdə iqtisadi və elmi gücə dayalı bir hegemonluq strategiyasını təbliğ etməsini ortaya qoyur.

Azərbaycanın öz müstəqil siyasi kursunu və qarşılıqlı faydalı əlaqələr siyasətini ön plana çıxarması, bizə daha geniş bir meydan açır. Əsl inqilab da elə buradan başlayır. 

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!