Keçən həftə Rusiya "Arsenal"ına qalib gəlməklə dillərdən düşməyən "Neftçi" İsrailin "Bney Yehuda" komandasına məğlub olmaqla gözdən düşdü.
Yox, əvvəlcə, o əldəki daşları, silahları qoyuruq kənara və yaxın otururuq. Gözdən düşdü deməklə, kiminsə sevgisinə əl uzatmırıq. Tam əksi, istəyirik o sevgidən kor olan gözlər bir az açılsın. Necə ki, dünən axşam "Neftçi"nin qapısı evə daimi gələn qohum qapısı kimi rəqibin üzünə taybatay açılmışdı. Balaca da qapını çırpıb gedirdi, böyük də...
70-ci dəqiqədə artıq rəqib 2 qol vurub, "Neftçi" geridədir, rəqibin bizim Premyer Liqamızdakı oyunlara gələn azarkeşlərinin sayı qədər olan azarkeşləri meydanı "Bney Yehuda" sədaları ilə silkələyir. Və bizim çox hörmətli, çox əziz başbilən Bordin vaxtını başını ancaq o tərəf bu tərəf vurnuxmaqla aparır. Pepperoni pizza
Hələ keçən il "Neftçi" "Uypeşt"ə uduzanda görünürdü ki, bu insanın baş məşqçi olaraq düzgün taktikası, yolu yoxdur. Yenidir deyilib, keçilmişdi. Amma italiyalının gəlişinin 40-ı da çıxıb, bu artıq onun 2-ci ilidir Azərbaycanda. Lakin hələ bu insan komandası uduzanda onu toparlayıb qələbəyə motivasiya edə bilmir, hətta nəinki komandanı motivasiya etmək, özünü də itirir. Elə itirir ki, məğlubiyyəti özündən başqa bütün Yer kürəsindəki canlılarda axtarır.
Ola bilsin ki, meydanda qarışqa var idi və o rəqib futbolçunun ayağın dişləyəndə o bədbəxt də ayağın bilmədən topa vurub, olub qol. Yox, Bordin günahkar deyil. Sizsiniz günahkar. Şərhçi azarkeşləri ümidli olmağa səsləyir, amma Bordin yarıtmaz taktikası ilə (ki, o da taktika deyil, sadəcə başqa nə ad vermək olar, bilmədik) ümidləri öldürür. Futbolçulardan danışmağa ehtiyac duymuram, hər şey göz önündə, hər şey açıq-aydın...
Və 90+3 rəqib qapısına təyin olunan penaltini Emin Mahmudov qola çevirir. 30 saniyə içində daha bir qol gözlənilir. 90 dəqiqədə edə bilinməyən bir şey son 30 saniyə üçün tələb olunur. Başa düşmək olar, futboldur, saniyənin də kəraməti böyükdür. Amma... Amma yox, olmur, alınmır və budur final fiti. Beləliklə, "Neftçi" bu illik Avroliqada mübarizəni dayandırır, yol alır Azərbaycan Premyer Liqasına doğru. Bu da həzin son.
Rusiyanın "Arsenal"ını bəh-bəhlə kənarlaşdırıb, "Bney Yehuda"ya qarşı dırnaqarası rəqib kimi yanaşanda son başqa necə olmalı idi ki? "Arsenal"ı somavar çayına dəvət edən "Neftçi"ni "Bney Yehuda" çaya susuz aparıb susuz gətirdi. Geriyə, tarixə qalan nəticədir. Necə oynamaq yox. Sən pis də oynaya bilərsən, amma sən qalibsənsə, o pis oynamaq ancaq sənin rəqibinin yadına düşə bilər.
Razıyam, rəqib futbolçuları yerli-yersiz yerə uzanıb vaxt öldürürdülər. Aha, bəs nəticə? Onlar play-off-dadı. Bəli, əzizlərim. Bu günki futbol budur, lazım gəlsə, "sürünəcəksən" yerdə, amma matçı qazanacaqsan. İlk oyundan sonra rəqib vaxt öldürür, yerli-yersiz yıxılırdı deyənlər, ümid edirəm ki, İsrail komandasının bu taktikasını artıq anlamısınız. Anlamalısınız. Çünki belə də lazım idi, gərəkən, vacib olan bu idi. "Neftçi" isə "Arsenal" üçün qaynatdığı çaydan bir özü də dadsın, bəlkə də zəhərliymiş.
Naibə Məmmədova
Telegram kanalımız