“Çimərliklərin əsas çirklənmə səbəbi məişət tullantıları, axıntı sularının, sənaye tullantılarının dənizə axıdılması ilə bağlıdır”.
Bunu “Yeni Sabah”a açıqlamasında ekoloq Müslüm Qurbanov deyib.
Onun sözlərinə görə, çirklənmənin qarşısını almaq üçün ilk növbədə Bakının kanalizasiya sistemini mükəmməl vəziyyətə gətirmək lazımdır:
“Bakıda 2-2.5 milyon əhali yaşayır. Əhali bu qədər çox olduğu üçün yerli kanalizasiya sistemi çox mükəmməl olmalıdır. Tullantıları təmizləmədən buraxmaq olmaz. Qaldı ki, ümumi məişət tullantılarına əlbəttə ki, bunların da rolu var. Mərkəzləşmiş kanalizasiya sistemlərinin gücü artırılmalıdır, təmizləmə qurğuları alınmalıdır. Xüsusən iri sənaye müəsisələrinin, məişət obyektlərinin tullantıları ümumi sistemə buraxılmazdan əvvəl təmizlənməlidir. Təmizləmə üçün işlər gedir, yəqin ki, lazımi səviyəyə çatdırılacaq”.
Müslüm Qurbanov bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini və xarici təcrübənin öyrənilməsinin vacib olduğunu qeyd edib:
“Həm xarici ölkələrdə, həm də Azərbaycanda bu sahə ilə bağlı standartlar var. Sənaye müəssiələrinin tullantılarının, bunlardan yaranan müxtəlif tipli üzvi və və qeyri-üzvi maddələrin buraxılmasına dair standartlar mövcuddur. Bunların pozulmasına görə cərimələr də tətbiq olunur. Mərkəzləşmiş kanalizasiya sisteminin imkanlarını yeni üsul və texnologiyalarla artırmaq lazımdır. Bizdə hazırda ən çox işlədilən bioloji təmizləmə qurğularıdır. İnnovativ texnologiyalar var ki, bunların imkanları ənənəvi təmizləmə üsullarından daha üstündür”.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün daha bir neçə çimərliyin istifadəyə yararsız olduğunu açıqlayıb.
Elnarə İlham
Telegram kanalımız