Tanınmış iş adamı olan ərinə qarşı dələduzluq etməkdə suçlanan qadın indi də başqasını hədələməkdə ittiham edilir. Onun cəzadan yayınmaq üçün özünü xəstəliyə vurması barədə məlumatlar var.
Musavat.com xəbər verir ki, söhbət Təyminə Abdullayeva (boşandıqdan sonra Yusifova) adlı qadının ətrafında yaranan və hələ də davam edən qalmaqallı proseslərdən gedir.
Təyminə Yusifovanın keçmiş əri tanınmış biznesmen Barat Abdullayev idi. pizza
Yusifova ərinin əmlakını ələ keçirmək üçün saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilərək həbs edilmişdi.
İttihama görə, Təyminə əri Barat Abdullayevin onun adına aldığı mənzili ərinin xəbəri olmadan satmaq üçün öz şəxsiyyət vəsiqəsini dəyişib və bilərək saxtalaşdıraraq orada özünü “subay” kimi qeyd edib. Çünki evli olduğu təqdirdə mənzili satmaq və ya girov qoymaq üçün Barat Abdullayevin də razılığı tələb olunurdu. Bundan sonra Barat Abdullayevin 2 milyon dəyərində evini "Faktor Lizing" şirkəti ilə əlbir olaraq 135 000 müqabilində lizinqə keçirib. Təyminənin niyyəti həmin evi sonradan lizinqlə birgə sataraq pulu mənimsəmək olub.
Məhkəmə prosesində Təyminə Yusifova iddia edirdi ki, həmin pulu Səkinə İsmayılova adlı falçıya verib.
Ailə üzvlərinin, övladının gələcəyindən, öləcəyindən ehtiyat edən Təyminə Yusifova falçıya külli miqdarda pul verdiyini iddia edirdi.
Həmin vaxt T.Yusifova 8 il müddətinə azadlıqdan məhrum edildi. 2 il sonra isə əfv sərəncamı ilə azadlığa çıxdı.
Səkinə İsmayılova isə Təyminənin ifadəsi əsasında həbs edildi. Amma məhkəmə onun barəsində bəraət hökmü çıxardı.
Hər iki şəxs azadlığa çıxsa da, tərəflər arasında mübahisə davam edir.
Bu dəfə Səkinə İsmayılova Təyminəni məhkəməyə verib və ona böhtan atmasından şikayətçi olub. Bu dəfə Təyminə Yusifova bilə-bilə yalan xəbərçilik etməkdə ittiham edilərək məhkum olunub.
Amma məhkəmə qərarı icra olunmurdu. Səkinə İsmayılova iddia edir ki, Təyminə tərəfindən hədələnir.
Musavat.com-a müraciət edən İsmayılova bildirirdi ki, T.Yusifova barəsindəki hökm icra olunmur.
Hökmə əsasən, Təyminə Yusifovaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdi. Təyminə Yusifovanın üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması təyin edilmişdi.
S.İsmayılova iddia edirdi ki, Təyminə Yusifovaya elektron qolbaq taxılmaması, hərəkət edə biləcəyi sahənin məhdudlaşdırılmaması onun həyatına təhlükə yaradır. Çünki o, Təyminə Yusifova tərəfindən hədələndiyini deyirdi.
Bu barədə məlumat Musavat.com saytında dərc edildikdən sonra Təyminə Yusifova barəsində hökm icra olunub.
Bu barədə Səkinə İsmayılova özü Musavat.com-a məlumat verib. İndi isə işin ilginc tərəfləri üzə çıxıb.
Məlum olub ki, Təyminə Yusifova cəzadan yayınmaq üçün xəstəxanaya müraciət edib.
“Hökmün icra olunmaması ilə bağlı sizin redaksiyaya, ölkə rəhbərliyinə, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və Ədliyyə Nazirliyi Probasiya Xidmətinə müraciət etmişdim. Həmin zaman sizin qəzetdə “Tanınmış biznesmenin arvadı ətrafında daha bir qalmaqal” başlığı ilə məqalə dərc olundu.
Bundan sonra digər qurumlar şikayətimi obyektiv araşdırdı və Təyminə Yusifovanın barəsindəki hökmün icra olunması təmin edildi. Ona qolbaq bağlanmaqla azadlığın məhdudlaşdırılması cəzasının icrasına başlandı. Buna görə də sizə təşəkkür edirəm.
İndi isə Təyminə Yusifova mənə bildirir ki, o, hal-hazırda azadlığın məhdudaşdırılması cəzasını icra etməyəcək, qərarın icrasını qolbağın bağlanması müddətindən deyil, hökmün icraya yönəldiyi vaxtdan hesabladacaq. Deyir ki, Kəramət və Əkbər Yusifoğlu adında tanışları ona kömək edəcək. Ali Məhkəmənin hakimi Fərhad Kərimovun icraatında olan hazırkı iş üzrə olan hökmü ləğv edəcəyini deyir. Bu insanın şantajı, hədə-qorxusu dayanmır.
Aldığım məlumata görə, Təyminə 8 sentyabr 2020-ci i tarixdən özünü xəstəliyə vuraraq 4 saylı Sumqayıt şəhər xəstəxanasına yerləşib. Onun heç bir xəstəliyi yoxdur, sadəcə özünü xəstəliyə vurub cəzadan yayınmaq istəyir. Əminəm ki, Sumqayıt şəhər İcra və Probasiya şöbəsi bu halı xüsusi nəzarətə götürəcək. Bu gün Təyminənin xəstəxanada olub-olmamasını özüm də yoxlayacam”.
Onu da qeyd edək ki, Təyminə Yusifova həbs edilən zaman onun vəkili Janna Bağırova idi. Həmin məhkəmə prosesi bir çox qalmaqallarla yadda qalmışdı. Janna Bağırova bir neçə gün əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.
Telegram kanalımız