Yeni mənzil alan bəzi vətəndaşlar gözlənilməz problemlə üz-üzə qalırlar. Ev alqı-satqısı başa çatdıqdan sonra məlum olur ki, yaşayış sahəsinin əvvəlki sahibinin su, qaz, elektrik və ya lift xidmətlərinə görə ödənilməmiş borcu var. Bu cür hallarda yeni alıcı həm hüquqi, həm də maddi baxımdan çətinlik yaşayır. Bəs belə vəziyyətlərin qarşısını almaq üçün alqı-satqı zamanı notarius hansı sənədləri tələb etməlidir və bu məsələ hüquqi cəhətdən necə tənzimlənir?
“Yeni Sabah”a məsələ barədə açıqlama verən əmlak eksperti Elnur Azadov qeyd edib ki, əgər yeni ev alan şəxs əvvəlki sahibin kommunal borcları ilə qarşılaşırsa, bu, əsasən çıxarışı olmayan, yəni dövlət qeydiyyatına alınmamış evlərin alqı-satqısı zamanı baş verir:
“Belə hallarda alıcı evin real hüquqi vəziyyətindən xəbərsiz şəkildə, yalnız qarşılıqlı razılaşma və sadə müqavilə əsasında mənzil alır. Nəticədə, su, qaz, elektrik enerjisi, lift və digər kommunal xidmətlərə görə əvvəlki sahibin ödəmədiyi borclar yeni alıcının üzərinə düşə bilər. Marqarita pizza
Əgər ev çıxarışla, yəni tam mülkiyyət hüququnu təsdiq edən sənədlə satılırsa, bu cür problemlər, adətən, yaranmır. Çünki notarius alqı-satqı prosesini həyata keçirməzdən öncə Forma 1 (qeydiyyatda olan şəxslərin siyahısı) və Forma 2 (evə dair kommunal borcun olmamasını təsdiq edən sənəd) sənədlərini tələb edir. Bu sənədlər təqdim olunmadan notarial qaydada alqı-satqı həyata keçirilmir. Beləliklə, notarius vasitəsilə aparılan satışlar zamanı bu risklər minimuma enir.
Lakin MTK-lar (mənzil-tikinti kooperativləri) çərçivəsində satılan və hələ çıxarış verilməmiş evlərdə vəziyyət fərqlidir. Belə mənzillər adətən "müqavilə əsasında" alınıb-satılır. Yəni tərəflər qarşılıqlı razılaşma ilə rəsmi çıxarış olmadan, yalnız MTK-nın verdiyi daxili müqavilə ilə mənzil satışı həyata keçirirlər. Qanun bunu qadağan etmir, amma bu zaman dövlət tərəfindən hüquqi zəmanət də olmur. Nəticədə, bu cür evləri alan şəxslər sonradan əvvəlki sahibin borcları ilə qarşılaşa bilərlər”.
Ekspert bildirib ki, eyni zamanda, sənədsiz və ya qeydiyyatsız evlərin satışı zamanı da oxşar risklər mövcuddur:
“Belə evlərdə nə rəsmi qeydiyyat var, nə də borcun olub-olmadığını təsdiq edən sənəd tələb olunur. Beləliklə, bu növ satışlarda alıcı həm hüquqi, həm də maliyyə baxımından risk daşıyır”.
Aytac Şahin
Telegram kanalımız