Pandemiya dövründə Azərbaycan film bazarı bir müddət tamamilə ölü vəziyyətdə qaldı. Lakin sonradan dövlət dəstəyi ilə Azərbaycan filmlərinə dəstək olmaq məqsədilə büdcə ayrıldı ki, filmlər, seriallar çəkilsin. Kinoteatrlarda filmlərin təqdimatı başladı, premyeralar maraqlı təqdimatlarla sərgilənməyə başladı.
Buna baxmayaraq, pandemiyadan sonra Azərbaycanda komediya filmləri sahəsində durğunluq hökm sürür. Bu sektorda yeni simalar görünmür, kinoteatrlar yeni komediya filmlərinin təqdimatını keçirmir.
Bəs görəsən, bu sahədəki süstlük nə ilə əlaqəlidir? Dominos pizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış komediya aktyoru Elməddin Cəfərov səbəbləri açıqlayıb.
O, bunun pandemiya və sonrakı dövrlərdə komediya filmlərinin sərt tənqid edilməsi ilə əlaqəli olduğunu bildirib:
"Pandemiya dövründə 2-3 il kinoteatrlar bağlı oldu, bu da istər-istəməz kino sahəsinə öz təsirini göstərdi. Bundan əlavə, həmin dövrdən sonra komediya filmləri barəsində "qara reklam kampaniyası" başladıldı. Jurnalistlər ardıcıl olaraq Azərbaycandakı komediya filmlərini tənqid hədəfinə çevirdilər, niyə dram filmləri çəkilmir deyə etiraz etdilər. Onsuz da dram filmləri ölkədə baxılmırdı, üstəgəl, komediyanı da tənqid etdilər, tamaşaçı da dedi ki, heç komediyaya da getmirəm. Beləcə, tamaşaçılar Azərbaycan istehsalı heç bir filmə getməməyə başladılar. Bununla da komediya sferası öldü. Artıq yerli tamaşaçı ya xarici, ya da türk filmlərinə gedir".
Aktyorun sözlərinə görə, artıq sponsorlar da komediya filmlərinə pul xərcləməkdə maraqlı deyillər:
"Bu gün sponsorlara da komediya filmləri maraqlı deyil. Çünki onlar da mətbuatda yayılan xəbərləri oxuyurlar, düşünürlər ki, deməli, komediyaya pul xərcləmək olmaz. Vəssalam, komediya bazarını da bununla öldürdük. Bəzən nə isə yazırlar, televiziyada deyirlər, amma düşünmürlər ki, ağızlarından çıxan bu söz həmin sferanı öldürəcək. Sfera öldükdə nə qədər insan qazanc yerindən olur. Artıq komediya sahəsi bitdi, dincəlsinlər.
Tamaşaçı da artıq yerli filmləri izləmək istəmir, o vaxt biz bu sektoru "Xoxan" filmi ilə bir az diriltmişdik, həmin vaxt sponsorlar da maliyyə ayırmağa hazır idilər. Amma indi onlar da şüuraltı zədələniblər. Bu nə zaman düzələr, onu da bilmirəm. Sponsorların əvvəlki marağı yoxdur. Onlar düşünürlər ki, bu yazılanlardan sonra komediya filmlərinə pul ayırmaq ayıb şeydir".
E.Cəfərov gənclərin də bu sahəyə marağı olduğunu, lakin sərmaye olmadığı üçün yeni işlərin ortaya çıxmadığını qeyd edib:
"Biz doğulan körpəni böyütmək əvəzinə onu bələkdə öldürürük. Gənclər bu gün komediya sahəsinə maraqlıdırlar, lakin onlar daha çox "TikTok"da, "İnstagram"da fəaliyyət göstərirlər, çünki başqa yolları yoxdur. Film bazarını öldürdüyümüz üçün onların filmə çəkilmək şansları da yoxdur. Sərmayeyə gedən yolu bağlamasaydıq gənclər filmlərə çəkilməyə canla-başla hazır idilər. Biz isə qapıları bağladıq. Yerli filmləri çıxıb efirdə pisləyirdilər. Bunu niyə etdilər bilmirəm. Danışmağa sözmü yox idi? Başı çıxan da, çıxmayan da, əlinə mikrofon alan hər kəs başladı komediya filmlərini pisləməyə. Düşünürdülər ki, bundan danışsam trendə düşərəm. Amma sabahı heç kəs düşünmədi.
İndi də başlayıblar komediya seriallarının üzərinə düşməyə, arada onları "qaşıyırlar". Görək axırı nolur. İnsanlarda elə bir psixologiya yaranıb ki, istəmirlər Azərbaycanda nə isə olsun, istəyirlər televizoru açanda yalnız xəbərlərin buraxılışı olsun. Bunu niyə dediklərini özləri də bilmir".
Əsmətxanım Rzazadə
Telegram kanalımız