“Ərəb ölkələrində təkcə Türkiyə klubları yox, digər ölkələrin də komandaları da oynayırlar. Elə yaxın günlərdə İtaliya Superkuboku da ərəb ölkəsində keçiriləcək. Ərəblər yaxşı pul təklif edirlər, bu da klublar üçün cəlbedicidir. Bu amili nəzərə alsaq, Türkiyə klublarının bazara girmək istəyində qeyri-adi heç nə yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.
O, dekabrın 29-da Türkiyə Superkubokunun final mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilərkən son anda ləğv olunan “Galatasaray”–“Fenerbahçe” matçından söz açıb. Dördpendirli pizza
Xatırladaq ki, qarşılaşmanın ləğv olunmasına səbəb Səudiyyə Futbol Federasiyasının stadionda Atatürklə bağlı şüarların və plakatlara qadağa qoyması olub.
N. Muxtarlının fikrincə, görünən odur ki, təşkilatçılar bütün məsələləri nəzərə almayıblar:
“Xüsusən də siyasi amilləri. Ərəblər yaxşı pul verə bilər, amma onlar siyasi maraqlarını qurban verməyəcəklər. Pul verdikləri üçün də istədiklərini diktə edirlər. Ərəblərlə danışıqları kim aparıb? Bu məsələlər əvvəlcədən müzakirə olunubmu? Yəqin ki, bütün bunlar araşdırılacaq.
Türkiyənin dövlət kimi nüfuzuna zərər dəyib, bu, birmənalıdır. Buna görə kimsə cavab verməlidir. Türkiyə Superkubokunun təşkilatçısı isə Türkiyə Futbol Federasiyasıdır. Belə məqamda diqqətlər öncə federasiya prezidenti Mehmet Büyükekşiyə yönəlir. Ona görə də, federasiya prezidentinin istefaya gedəcəyi gözləniləndir.
Bütün hallarda araşdırmanın nəticələrini gözləmək lazımdır. Bu qalmaqalla bağlı çox az məlumat verilir. Yəqin ki, daxili araşdırma aparılır. Hətta dövlətin məsələyə qarışacağı şəksizdir. Ən qısa zamanda Türkiyənin nüfuzuna kimlərin zərər vurduğu bəlli olmalı və o, istefaya göndərilməlidir. İctimaiyyət də bunu tələb edir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız