“Elə bir nazirlik varmı ki, orada rüşvət və korrupsiya olmasın?” – Müsahibə

saytların hazırlanması

Evə çatdırılma

“Elə bir nazirlik varmı ki, orada rüşvət və korrupsiya olmasın?” – Müsahibə

Siyasət

20 May 2020 16:55 1435


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Əli Abbasovun "Yeni Sabah“a müsahibəsi: 

- Əli müəllim, yeni islahatlar erasını və ya kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? Gənc kadrları irəli çəkməklə hakimiyyət komandasında keyfiyyət dəyişikliyinə nail olmaq mümkündür?

- Demək olar ki, 2003-cü ildən sonra belə meyllər var idi. Cəmiyyət bunu gözləyirdi, amma proses tam şəkildə baş vermədi. Hazırda isə proses gedir. Lakin bir şey maraqlıdır ki, bu kampaniya, yoxsa ümumi  bir siyasətdir? Buna qiymət vermək lazımdır. Ümumiyyətlə, biz bilməliyik ki, hədər olan insanlar kimlərdir. Vəzifəyə gələn insanlar ilk növbədə cəmiyyət tərəfindən dəstəklənməlidir. Kadrlar yuxarıdan yox, aşağı və ortadan gəlməlidirlər... Yaxşı olardı ki, dövlətin bir strukturu olsun, hansı ki, həmin strukturda bəzi namizəd olan insanlar müzakirə edilsin, bu praktika başqa ölkələrdə var, ondan istifadə etmək  müsbət olar. pizza mizza

- Siz düşünürsünüzmü ki, kadr dəyişiklikləri kampaniya xarakteri daşıyır?

- Digər illərlə müqayisə etdikdə kampaniyaya oxşamır. Deyəsən, belə bir fikir var. Biz hələ yolu təzə başlamışıq, ortaya qədər gəlib çatmışıq, axırını görmək lazımdır. Amma görürük ki, vəzifəyə gələn gənclər xaricdə təhsil alan, dil bilikləri olan və xarici praktikanı bilənlərdir. Rüşvətxorlara qarşı mübarizə olmalıdır və biz onu gizlin şəkildə görürük.

- İcra başçılarının silsilə həbsi idarəçilikdə problemlərin olduğunu göstərir...

- İcra başçıları başqa ölkələrdəki kimi seçilmiş adamlar olmalıdır. Onları təyin edirlər. Proses düzgün aparılmalıdır, nə qədər ki düzgün olmayacaq, problemlərlə üzləşiləcək. Biz tez-tez görürük ki, bir rayona başqa rayondan kimisə təyin edirlər. Yaxşı olardı ki, başçıları əsl seçki ilə rayon, məntəqə özü seçsin. 

- Sizcə, bəzi məmurların bu qədər çirkaba bulaşmasının səbəbi nədir?

- Səbəbi odur ki, illərlə, bəlkə də onillərlə buna heç kim fikir verməyib. Azərbaycanda korrupsiya o səviyyədədir ki, dövlət strukturlarının yanında hansısa korrupsion bir obraz yaranıb. Deməli, dövlət özü də başa düşür ki, korrupsiya çox yüksək səviyyədədir. Amma konkret olaraq bu strukturların işini biz görmürük. İndi güman edək ki, bundan sonra strukturlar işləyəcək və korrupsiyaya qarşı ciddi mübarizə olacaq. Dövlət işıqlananda korrupsiya çıxıb getməlidir.

- Rütbəli məmurların ardıcıl həbslərdən dərs çıxarmamam səbəbi nədir?

- Vəzifədə olub qara işlərlə məşğul olanların hamısı başa düşür ki, işin üstü açılsa, cinayət işi açılacaq. Amma əks praktika göstərdi ki, nə qədər tez pul yığsan, o qədər yaxşıdır, ona görə də korrupsiyanın səviyyəsi qalxıb. Tutulan adamlar qorxmadıqları üçün tutulublar, amma başqaları baş verənlərdən nəticə çıxarmalı, ölçü götürməlidirlər. Burada struktur belədir ki, korrupsiyon insanlar ancaq özləri üçün yox, həmçinin özlərindən yuxarı səviyyədə olanlar üçün də nə isə alırdılar. Bu sistem bütün Azərbaycanı tutub. İndi buna qarşı mübarizə aparırıq, görək nəticəsi nə olacaq.

- Həbslər idarəçilikdə mövcud olan rüşvət və korrupsiyanın yox olması üçün yetərli olacaqmı?

- Həbslər  heç nə göstərmir. Açıq məhkəmələr olsun, hamı görsün ki, filankəs doğrudan bu hərəkətləri edib və həmin hərəkətlər korrupsiyadır. Bunu insanlar real şəkildə gördükdən sonra dəqiq biləcəklər ki, vəziyyət ciddidir. Baxın, çoxlarını onlar haqqında yazılan yazılardan sonra həbs elədilər, haqlarında cinayət işi açıldı. Yəni səssiz cəmiyyətin səsi də bilinməlidir. Bunun da məsələnin həllində rolu var.

- Necə düşünürsüz, Azərbaycanda rüşvət və korrupsiyanın kökü nə vaxtsa kəsiləcək?

- İnanmaq  istəyirik, amma inanmaq çətindir. Artıq yavaş-yavaş bu işləri etmək lazımdır, başqa yolumuz yoxdur, vəziyyət çox gərgindir.

- Yəni bu problemin həll yolu yoxdurmu?

- Problem ondadır ki, artıq Azərbaycan mədəniyyətində rüşvətə pis bir şey kimi baxılmır. Hər bir səviyyədə rüşvət var. Biz deyirik ki, yuxardan rüşvət alırlar, amma aşağıdan da şirinlik formasında rüşvət alanlar var və buna normal yanaşırlar. Bu mədəniyyətdən çıxarılmalıdır ki, daha sonra cəmiyyətdən çıxarıla bilsin.

- Bildiyiniz kimi, DTX Mədəniyyət Nazirliyinə də əməliyyat təşkil edib və bir neçə nəfər həbs olunub. Sizcə, rüşvət aşağıdan yuxarı, yoxsa yuxarıdan aşağı doğru yayılıb?

- Azərbaycanda elə bir nazirlik varmı ki, orada rüşvət və korrupsiya olmasın? Mən biliriəm ki, siz “yox” deyərsiz. Amma bunu izah eləmək, təsdiq eləmək lazımdır. Ümumiyyətlə, Gürcüstanın Saakaşvilinin zamanında götürəndə biz görürük ki, bir ilin içərisində korrupsiyanı başqa millətin səviyyəsində aradan götürüblər. Belə bir təcrübə var, ondan istifadə etmək lazımdır. Aşağıdan başlamaq lazımdır. Rüşvətxor sistem getməlidir. 

- Rayonların sayını azaltmaq, ölkəni vilayətlərə bölməklə bağlı təkliflər səsləndirilir. Sizcə, rayonların sayını azaltmaqla idarəçilikdəki nöqsanları aradan qaldırmaq mümkün olacaq?

- Vaxtilə çox rayonları bölüşdürüb  bir neçə rayon ediblər. Sanki bu kiməsə lazım idi. Azərbaycanda bir-biri ilə bağlı rayon bölgüləri olub. Bir zamanlar iqtisadiyyatla bağlı  bütün Azərbaycanı 4-5 böyük əraziyə bölüblər. İndi o forma olsa, əla olar. Bir də burada problem rayonlarda deyil, əsas odur ki, insanlar o rayonlarda işləyə bilsin. Azaltmaq yaxşı olardı, amma proses məntiqi olmalıdır.  Rayonlar arasında iqtisadi, mədəni bağlılıqlar nəzərə alınmalıdır. Tələsməyə ehtiyac yoxdur. Konkret proqram olmalıdır, o proqramı müzakirə etməliyik ki, Azərbaycanın yeni territorial, administrativ bölgüsü bu formada olmalıdır. Lap elə bu məsələni referenduma da çıxarmaq olar. Bu problem xalqla bağlıdır, ona görə də yaxşı olardı ki, referendum yolu ilə həll olunsun. Bir  də komissiya olmalıdır, vaxtilə Konstition Komissiyası var idi.

- Vətəndaşların dövlət idarəçiliyində rolunu artırmaq, ictimai nəzarət mexanizmini təşkil etmək üçün hansı işlər görülməlidir?

- Əli Abbasov bunu bilsəydi, götürüb yazardı. Bu, bir adamın  işi deyil. Bunun üzərində institutlar, böyük qruplar işləməlidir. Müzakirə, təsdiqləmə, daha sonra  isə referenduma çıxarma olmalıdır. İsveçrə kimi bir dövlətdə heç bir qanunu referendumdan əvvəl qəbul etmirlər. Bu elə-belə problem deyil ki, biz bunu bir günə həll edək. Ümumilikdə isə cəmiyyət inanmalıdır ki, onun rəyi,səsi nəzərə alınır. İkincisi, formalar olmalıdır, ictimai rəy hər hansı formadan gedib çatmalıdır. Səviyyələri qaldırmaq lazımdır.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!