44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan Orxan Cəlilovun Yenisabah.az saytına müsahibəsi:
- Adətən, hərbçilər danışmağı sevmirlər. Yəqin ki, bu, peşə xüsusiyyətindən irəli gəlir...
- Elədir. Amma müharibədən sonra danışmaq olar. Qələbə sevincini bölüşmək lazımdır. Pepperoni pizza
- Əvvəlcə sizi yaxından tanıyaq...
- Mən 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşam. 2012-ci ildə liseyi bitirib, Ali Hərbi Məktəbə qəbul olub, 2016-cı ildə oranı bitirmişəm. Bundan sonra Ordu sıralarında zabit kimi çalışmışam. Hazırda N saylı hərbi hissədə baş leytnant rütbəsində, bölük komandiri kimi hərbi xidmətimi davam etdirirəm.
- Necə oldu ki, 15 yaşında hərbi liseyi seçdiniz? Hərbiyə maraq sizdə hardan yaranıb?
- Bu kökdən gəlirdi. Bizim nəsildə hərbçilər çox olub, əmim oğlu da hərbçi idi. Bu maraq da mənə ondan keçmişdi, Vətənə, torpağa bağlılığı ondan öyrənmişəm.
- Hərbi liseydə təhsil almaq çətin olmadı ki? Bəzən görürük ki, kursantlar təhsillərini yarımçıq saxlayırlar...
- Xeyr, heç bir çətinliyim olmadı. Düzdür, bəzən müəyyən çətinliklər olurdu, amma bir peşənin arxası ilə getmişiksə, onu davam etməli idik. Bu peşə Vətənə, torpağa bağlılıq, sevgidir. Bu sevgini biz yarımçıq qoyub çıxa bilməzdik. Ona görə sona qədər davam etdik.
- Uğrunda döyüşdüyünüz Qarabağ torpaqlarını əvvəl görmüşdünüzmü?
- Xeyr, görməmişdim. Döyüşlərdən qabaq o torpaqlarda olmamışam. Əslən Qubadlı rayonundanam. Bizim bütün nəslimiz Qubadlıdandır, oralar haqqında danışırdılar. Mənə hamısı nağıl kimi gəlirdi, çünki görməmişdim. Qubadlının dağlarından, meşələrindən, təravətli torpağından həmişə danışırdılar. Şükür Allaha, bizə qismət oldu, döyüşlərdən sonra oraları gördük. Məndə hərbiyə marağı həm də torpaqlarımızın işğalda olması yaradıb.
- Müharibənin olmasını arzulayırdınızmı?
- Bəli, çox arzulayırdım. Həmişə ürəyimdən keçirdi ki, müharibə olsun, torpaqları azad edək, oraları görmək bizə qismmət olsun. Hətta Naxçıvanski adına hərbi liseyə qəbul olanda ürəyimdə arzu etmişdim ki, İnşallah, qismət olsun biz o torpaqları azad edək, Xocalının intiqamını döyüş meydanında alaq. Qisas eşqi ilə yaşayırdıq.
- Müharibənin nə vaxtsa başlayacağını gözləyirdinizmi?
- Bəli, gözləyirdim. Ali Baş Komandanın o əmrini gözləyirdik, şükürlər olsun ki, zamanı gəldi, əmr verildi. Bu əmr gələndə çox sevindik. Sevinirdik ki, intiqamımızı alacayıq.
- Cəbhə bölgəsinə nə zaman yollandınız?
- Müharibənin ilk günündə cəbhəyə yollandıq. Döyüş yolumuz Tərtər rayonundan başladı, daha sonra Suqovuşan, Talışkəndə doğru irəlilədik. Oktyabrın 3-ü Suqovuşanı azad etdik.
- Ermənilərdə bir mif var idi ki, onların ordusu çox güclüdür. İlk döyüşlərdən nə müşahidə etdiniz? Müqavimət göstərirdilərmi?
- Xeyr, müqavimət göstərmirdilər. İlk döyüşümüz Tərtərdə Mübariz postunda olub. O postu aldıq, bizim bölük o postun alınmasında şəxsən iştirak etdi. Orada ermənilər çox sayda itki verdilər. Bizdən də şəhidlər oldu. İlk yolumuz Mübariz postundan başladı, daha sonra Tərtər rayonundakı bir sıra postların alınmasında iştirak etdik. Ermənilər üzbəüz döyüşlərdə müqavimət göstərmirdilər, qaçırdılar. Elə ilk döyüşdə ermənilərin belini qırdıq.
- Suqovuşanın bizim üçün həm də mənəvi əhəmiyyəti böyük idi. Həmin döyüşü necə xatırlayırsınız?
- Suqovuşan uğrunda döyüş üçün gecə oraya yollandıq. Döyüş təxminən səhər 7-ə qalmış başladı. Həmin döyüş 4 saat davam etdi. Orada da ermənilər xeyli itki verdilər. Bizimlə üzbəüz döyüşə girmədilər. Bizim ordunu görən kimi postu qoyub qaçırdılar, silahlarını atırdılar.
- Əsgərlərimizin döyüş ruhu necə idi?
- Onlarda döyüş ruhu çox yüksək idi. Hər bir əsgər irəli atılmaq istəyirdi. Elə əsgərlərimiz vardı ki, yaralanırdılar, deyirdim ki, gəlmə, təxliyə olun. Etiraz edirdi ki, “Yox, Komandir, gedəcəm, son nəfəsimə qədər döyüşəcəm”. Bizdə elə hal olmayıb ki, kimsə geriyə qalsın, hətta yaralı-yaralı vuruşurdular. O eşqlə yaşayırdılar ki, hansısa postu və ya rayonu alanda oraya bayrağımızı sancsınlar.
- Bu 44 gün ərzində yəqin ki, könüllülərlə də birgə vuruşmusunuz. Elə bir halla rastlaşdınızmı ki, qolunu və ya ayağını itirən hansısa əsgər yaxud könüllü peşmanlıq hissi keçirsin?
- Xeyr, belə halla rastlaşmadım. Hamı deyirdi ki, Vətənə nəinki əlim, ayağım, canım belə fəda olsun. Bölüyümüz arasında şəhidlər də oldu. Döyüşün ilk günündə əsgər Allahverdiyev Allahverdi şəhid oldu, əslən Şuşa şəhərindən idi. İlk şəhidimiz o oldu, 18 yaşı vardı. Kimsə şəhid olanda digər əsgərlər daha amansız olurdular, intiqam hissi ilə yaşayırdılar.
- Neçə döyüşdə iştirak etdiniz?
- 7 döyüşdə iştirak etmişəm. Tərtərdən başladıq, Ağdərəyə kimi getdik. Ən ağır döyüşlərimiz Ağdərədə oldu. Ermənilərin qüvvələri orada çox idi. Biz orada da onların səddini yardıq. Elə olurdu ki, bir posta 400-500 əsgər yerləşdirirdilər.
- Döyüşçü yoldaşların arasında sizin qollarınızda canını tapşıran oldumu? Sənə vəsiyyət edən, son sözünü deyən var idimi?
- Bəli, oldu. Mənim bölüyümdə müddətdən artıq xidmət edən hərbi qulluqçum var idi. Xəyal İdrisov, əslən Ağdaşdan idi. Onu snayper vurdu, döyüş vaxtı mənim sağ tərəfimdə idi. Snayper birinci onu sol barmağının arasından vurdu. Ondan sonra şoka düşdü, qışqırdı ki, “komandir, kömək elə”. Dedim gözlə çatıram, elə bir yerdə idik ki, çox tərpənmək olmurdu. Düşmən postuna çatmağa haradasa, 15 metr məsafəmiz qalmışdı. Mənim ona çatmağıma az qalmış fırlandı ki, mənə tərəf gəlsin, həmin vaxt snayper sol böyründən vurdu. İkinci dəfə vurulmağını bilmədim, arxaya çəkdim, dedim ki, əlini sarıyın, gəlsin. Dedilər ki, “Komandir, böyründən vurulub”. Qucağımda idi, smartfonu var idi, uzatdı, dedi ki, bunu məndən xatirə kimi ailəmə verərsən. Son sözü o oldu, canını da qucağımda tapşırdı. Sonra ailəsi ilə görüşdüm, telefonu verdim.
- Müharibə ilk gündən ermənilərin iftiralarıyla yadda qaldı. Hətta Azərbaycan tərəfdən muzdlu döyüşçülərin olduğunu da iddia edirdilər...
- Bunlar cəfəng söhbətlərdir. Mən 44 gün ərzində Qarabağda Azərbaycan əsgərindən başqa heç kimi görmədim. Amam ermənilər tərəfdən muzdlu döyüşçülər vuruşurdu. Biz onları da ermənilərlə birlikdə gəbərdirdik.
- Sonda nəsə demək istərdiniz?
- Bir məsələni demək istəyirəm. Bəzən danışırlar ki, ermənilər nə vaxtsa güc toplayıb, yenidən üstümüzə gələcək. Bu söhbətləri eşidəndə gülürəm. Azərbaycan Ordusu Qarabağda ermənilərə elə bir dərs verdi ki, dünya durduqca, biz tərəfə baxmağa belə cəsarət etməyəcəklər...
ƏSMƏTXANIM
Telegram kanalımız