Son zamanlar sosial durumu ağır olan ailələrə maddi dəstəyin göstərilməsi ənənə halını alıb. İnsanların rəğbətini qazanan bu kampaniya hər gün genişlənir və minlərlə ailəni əhatə edir.
Lakin bəzən sosial şəbəkələrdə qayğıya ehtiyacı olmayan ailələrin də yardım üçün müraciət etdiyinə dair iradlarla qarşılaşırıq. Bunu isə insanların sahib çıxa bilmədikləri nəfsləri ilə əlaqələndirməkdən başqa bir yol qalmır. Maraqlıdır, bu proses gələcəkdə ələbaxımlılığa gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü İlahə Dəmirbəy bildirib ki, işləmək insanı ruhən, fiziki baxımdan cavan saxlayır, lakin bəzi şəxslər buna önəm verməyərək heç nə etmədən rahat həyat yaşamaq istəyirlər: “Qədimdən belə bir söz var: “İş insanın cövhəridir”. Insan işləməklə özünü inkişaf elətdirir. Bəzi insanlar isə lazım oldu-olmadı kiminsə yaxşı niyyətindən istifadə edirlər. Məlumdur ki, insan rahat şeylərə daha tez alışır. Məhz bu səbəbdən yardım olunduqda daha da rahat olurlar. Düşünürlər ki, kiminsə yardım edəcək imkanı varsa, mən niyə əziyyət çəkməliyəm? Amma bu, doğru deyil. Hər kəs pulu əziyyətlə qazanır. Hətta bir insanın hörməti başqası ilə müqayisədə daha çoxdursa, deməli o, daha çox mənəvi zəhmət çəkibdir. Lakin başqa bir məsələ də var. İnsan var ki, həqiqətən də onun fiziki durumu, işsizlik durumu artıq dərəcədədir. Dövlət bunun üçün müxtəlif tədbirlər görüb, ondan istifadə edə bilərlər. Amma belə anlarda çox gözəldir ki, bəzi imkanlı şəxslər kömək edirlər. Deyilənlər onlara şamil edilmir”. pizza
Psixoloq ikinci bir səhv addımın kömək olanda bu köməkdən iki dəfə istifadə etmək istəyənlər tərəfindən atıldığını deyib: “Belə şeylər lazım deyil. Bu dönəm sınaq dönəmidir, həqiqətən yardıma ehtiyacı olana əl tutmaq lazımdır. Hamı bir-birinə əl tutmalıdır, əgər bu gün bu yardımı alıbsa, sabah başqasını düşünməlidir. Çünki başqasının ehtiyacı olduğu halda sən artıq ehtiyacın olmayan yardımı almaq istəyirsənsə, bu, özü də cinayətdir. Bütün bunlar bir növ insanın xarakterindən asılıdır. Biraz xəbis olmamalıyıq, bir-birimizə köməklik göstərək ki, bu rahatlığa gətirib çıxarmasın. Çünki öyrəşilsə, bu bizim işləmək,yuxudan qalxmaq istəməməyimizə səbəb olacaq. Belə şeylər olmamalıdır ki, zehinsəl ölüyə çevrilməyək. Zehinsəl ölü heç bir yerdə işləməyən, fəaliyyəti olmayan, kiminsə kölgəsi ilə gedən şəxslərdir. Bu cür olmamaq üçün sui-istifadəyə yer verilməməlidir”.
Sayad Həsənli
Telegram kanalımız