Dünən Türkiyədə keçirilən bələdiyyə seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ümumi səslərin 37,89 faizini toplayaraq marafonun qalibi olub. Hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faiz səslə ikinci yerdə qərarlaşıb.
İqtidar partiyasının ölkənin 5 böyük şəhərində və ümumi seçkilərdə əsas rəqibi olan CHP-yə uduzması böyük əks-səda doğrurub. Bir çox siyasi dairələr bu nəticələrin artıq illərdir davam edən AKP dönəminin sonu olduğunu qeyd edir. Hakim partiyanın məğlubiyyəti isə müxtəlif səbəblərlə izah olunur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Turan Rzayev bildirib ki, seçkilərin nəticəsinə təsir göstərən bir sıra əsas faktorlar var: Dominos pizza
“AKP bu günə qədər keçirilmiş seçkilərin böyük əksəriyyətində qələbə qazanmışdı və nəticədə onlarda ciddi arxayınlıq yaranmışdı. Etiraf etmək lazımdır ki, hakim partiya bələdiyyə seçkilərinə o qədər də yaxşı hazırlaşmadı. AKP-dən fərqli olaraq, Cümhuriyyət Xalq Partiyasında partiya rəhbərinin dəyişməsi və paralel olaraq Mansur Yavaş və Əkrəm İmamoğlu kimi mühüm şəxslərin yeni partiya rəhbəri ilə komanda halında işləməsi nəticə etibarı ilə partiyanı ön plana çıxardı. Ümumiyyətlə, nəticəyə bir neçə faktor təsir etdi. Birincisi, Türkiyədə bu gün özünü göstərən sosial-iqtisadi problemlər hər kəsə bəllidir və CHP bundan çox yaxşı istifadə etməyi bacarır. AKP isə bu cür məsələləri həll etməyə çalışsa da, o qədər də effektiv yanaşma sərgiləyə bilmir. Bu da nəhayətində seçkilərə təsir edir. Bu baxımdan birinci səbəb olaraq istisadi və sosial sahədə olan problemləri göstərə bilərik. Hətta onu da demək lazımdır ki, bu səbəblərdən AKP-yə səs verən seçicilərin müəyyən bir qismi seçkiyə qatılmadı və bununla da partiyanın siyasətinə etirazını bildirmiş oldu. İkinci məsələ CHP-nin ciddi kadr ehtiyatının olması və xarizmatik lderlərə daha çox üstünlük verməsidir. Təsadüf deyil ki, bunun nəticəsində İstanbul, İzmir, Ankara hətta AKP-nin daha çox güvəndiyi Bursa kimi şəhərlərdə də CHP qələbə qazandı. Üçüncü səbəb namizədlərlə bağlıdır. AKP-nin namizədlərinin bir çoxu xarizmatik liderlər deyil və ənənəvi partiya tərəfdarları daha çox Ərdoğan tərzində mühafizəkar liderlərə üstünlük verir. AKP-nin namizədləri CHP-nin namizədləri ilə müqayisədə kütləyə yad olan şəxslərdi. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, seçkidən qısa müddət öncə AKP bir çox namizədini dəyişdirdi. Bu isə həm seçki kampansiyasına, həm də seçkilərin nəticəsinə təsir etmiş oldu”.
Politoloq Cümhuriyyət Xalq Partiyasının növbəti prezident seçkilərində qələbə qazana biləcəyini də istisna etməyib:
“Ümumilikdə bütün bunları nəzərə alsaq, deyə bilərik ki, AKP-nin seçkilərdə CHP qarşısında məğlub olmasının təməl faktorları bundan ibarətdir. Artıq AKP və Türkiyə post-Ərdoğan dövrünə qədəm qoyub və Ərdoğan sonrası bu partiya artıq iqtidar üçün yarışmayacaq. Əgər AKP vaxtında islahatlara başlamasa və daxilində təmizlik etməsə, bu onların iqtidardan getməsinə gətirib çıxaracaq. CHP isə hazırda çox ciddi kadr ehtiyatına malikdir və bundan öncə bələdiyyə sədri seçilmiş namizədlər etimadları tam doğruldub. Bu isə partiyanın elektoratını gücləndirir, hətta mühafizəkar təbəqə belə CHP-yə səs verir. Bu CHP-nin iqtidara əmin addımlarla getdiyini göstərir. Mümkündür ki, CHP növbəti seçkilərdə qələbə qazansın. Lakin digər bir məsələ sürpriz partiyalarla bağlıdır. Bunlardan biri də Yenidən Refah Partiyası oldu. Nəzərə almaq lazımdır ki, bu partiya mərhum Nəcməddin Ərbakanın Refah Partiyasının belə desək, varisidir. Təcrübə onu göstərir ki, CHP hakimiyyətləri təkbaşına hökuməti qura bilmir. Gələcəkdə belə bir problemlə üzləşsələr və YRP öz reputasiyasına qoruyub saxlasa, növbəti dönəmdə CHP-nin ən böyük rəqiblərindən biri olacaq”.
Nazim Hacıyev
Telegram kanalımız