Erkin Qədirlidən müharibə ilə bağlı proqnoz:   “Tezliklə…”

saytların hazırlanması

Evə çatdırılma

Erkin Qədirlidən müharibə ilə bağlı proqnoz: “Tezliklə…”

Siyasət

02 Oktyabr 2020 11:45 1488


"Bizdəki hökumət heç zaman Rusiyayönümlü olmayıb. Bu haqda dəfələrlə yazmışam, əsaslandırmağa çalışmışam. Bununla belə, Rusiya ilə ehtiyatlı davranmağın, cilvəli danışmağın da məqsədini anlamışam. Ağlı başında olan heç bir siyasətçimiz durduğu yerdə Rusiya ilə münasibətləri korlamaq istəməz".

Yenisabah.az məlumat verir ki, bu barədə REAL-çı deputat Erkin Qədirli sosial şəbəkədə yazıb.

"Rusiya həmişə bizim bilinən bilinməyənimiz olub"

O qeyd edib ki, Rusiya ilə olan problemlərimiz Rusiyanın özündən - onun geopolitik maraqlarından qaynaqlanır: "Ermənistan-Azərbaycan münaqişəsində paradoksal bir sabitlik olub həmişə. Paradoksallıq onda olub ki, Rusiya, düşmənimizin müttəfiqi ola-ola, bəlli yerə qədər bizimlə də münasibətlərin yaxşı qalmasını istəyib. "Dostumun dostu dostumdur", "dostumun düşməni düşmənimdir", "düşmənimin düşməni dostumdur" - bunlar çoxdan bilinən və dəfələrlə sınanılmış yanaşmalardır. Bəs, düşmənimin dostu nəyimdir? ABŞ-ın keçmiş Müdafiə Katibi Donald Ramsfeldin dediyi kimi - bilinən bilinənlər, bilinən bilinməyənlər, bir də bilinməyən bilinməyənlər var (there are known knowns, there are known unknowns, and there are unknown unkonwns). Rusiya həmişə bizim bilinən bilinməyənimiz olub. İndiki döyüşlərimizdə bizə mane olmadığını bilirik, amma nə üçün mane olmadığını bilmirik. Düşmənimizin dostu olduğunu da unutmuruq".

"İlham Əliyevin bunları anladığına şübhəm yoxdur"

Müxalifətçi millət vəkili bildirib ki, geriyə baxanda çox şey daha aydın görünə bilir: "Məsələn, İlham Əliyevin bu yaxınlarda Putininin yaxın dostu və yerlisi, Putini hakimiyyətdə saxlayanlardan, rusların özləri dediyi kimi, Kreml qüllələrindən biri olan İqor Seçinə "Dostluq" ordeni verməsinin məqsədini anlamaq olur. Aprel döyüşlərindən fərqli olaraq, bu dəfə nə Putin zəng edir, nə Şoyqu. Üstəlik, Rusiyanın BMT-dəki səfiri bu döyüşlərdə heç kimi dəstəkləmədiklərini deyib. Yalnız Lavrov vurnuxur. Geriyə baxanda başqa şeylər də görünə bilir. Məsələn, Ayaz Mütəllibov, Moskvaya güvənərək və oradan yardım alaraq, Goranboyun və Göygölün kəndlərini erməni muzdlu döyüşçülərdən təmizləyə bildi. Sonra Xocalı qırğını baş verdi və Mütəllibovun hakimiyyəti çökdü. Əbülfəz Elçibəy hakimiyyətə gələndə yaxşı bilirdi ki, Rusiya qoşunları ölkəmizdə qalarsa, bizim üçün strateji təhlükə olacaqlar. Rusiyanın qoşunlarını çıxartdı, Qarabağda uğurulu döyüşlərə başladı, Xankəndinə 14 km qalırdı. Sonra Kəlbəcər işğal olundu və bu işğal Elçibəy hakimiyyətini çökdürdü. İlham Əliyevin bunları anladığına şübhəm yoxdur. Rusiya ilə nə çox yaxın (Mütəllibovun yanlışı), nə də çox uzaq (Elçibəyin yanlışı) olmaq gərəkdir". 

"Müharibə siyasətin başqa yollarla davamıdır"

Deputat E.Qədirli məşhur hərbçi və nəzəriyyəçi Karl fon Klauzevitzin "Müharibə siyasətin başqa yollarla davamıdır" fikrini xatırladaraq vurğulayıb ki, Ağdarə və Füzuli qaytarılandan sonra strateji üstünlük birmənalı bizdə olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!