“Ermənistanda istər qiymət artımı, istərsə də valyutanın ucuzlaşması prosesləri sürətlənməkdədir. Siyasi böhranın davam etməsi, zaman keçdikcə iqtisadi problemlərin özünü daha qabarıq şəkildə göstərməsi və əhali arasında qeyri-müəyyənliyin artması bu proseslərin sürətlənməsinə imkan yaradır”.
Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırov bildirib.
Ekspert qeyd edib ki, hər iki prosesin paralel getməsi Ermənistan hökumətini dilemma qarşısında qoyur: Dördpendirli pizza
“Ona görə ki, bir tərəfdən inflyasiyanın qarşısını almaq üçün hökumət yenidən maliyyələşmə faizlərini artıraraq sərt pul siyasəti yeritməyə məcburdur. Çünki qiymət artımı sosial narazılığın artmasına imkan yaratmaqla siyasi hakimiyyət üçün təhdid formalaşdırır. Digər tərəfdən isə Ermənistan idxaldan asılılığı azaltmaq üçün və valyuta ucuzlaşmasının inflyasiya idxalına imkan yaratmaması üçün yerli istehsalı stimullaşdırmaq məcburiyyətindədir. İşğal edilmiş torpaqlardakı resursların əldən çıxması yerli istehsalın genişləndirilməsinə olan tələbatı daha da artırıb. Lakin, sərt pul siyasətinin yürüdüldüyü vaxtda, yəni iqtisadiyyatın maliyyələşdirilməsinin azaldıldığı vaxtda yerli istehsalı stimullaşdırmaq çətindir. Geniş stimullaşdırma həyata keçirildiyi təqdirdə isə inflyasiya riskləri artmış olacaqdır. Eyni zamanda stimullaşdırma tədbirləri keçirilsə belə hazırkı böhran dövründə maliyyə vəsaitlərinin istehsala səmərəli şəkildə yönəldilməməsi riskləri də vardır”.
O.Bağırovun fikrincə, belə vəziyyətin formalaşmasına baxmayaraq Ermənistan Mərkəzi Bankı faiz dərəcələrinin yüksəldilməsini həyata keçirir:
“Aydındır ki, istehsal imkanlarını artırmaq və idxaldan asılılığı azaltmaq hazırkı mərhələdə çətindir və bu uzun zaman alan prosesdir. Ona görə də hökumət stimullaşdırıcı tədbirlərin gözlənilən nəticələri verə bilməməsindən də ehtiyat edir. Lakin, inflyasiyanın hədəflənməsinə yönələn tədbirlər iqtisadi aktivliyi azaltmaqla yanaşı valyutanın ucuzlaşmasının qarşısını ala bilmir hansı ki, özü də inflyasiyanın sürətlənməsinə təsir edir. Belə bir vəziyyətdə hökumətin sərt pul siyasətinə üstünlük verməsi qısa müddətli dövrdə effektiv ola bilər. Çünki zəif iqtisadi aktivlik şəraitində idxala olan tələbat artır və valyutanın ucuzlaşmasının qiymət artımına təsir imkanlarını genişlənir. Bu isə onu deməyə əsas verir ki, sərt pul siyasəti də bir mərhələdən sonra inflyasiyanın qarşısını ala bilməyəcəkdir və həm qiymətlərin artması, həm də valyutanın ucuzlaşması prosesi davam edəcəkdir”.
Ekspert vurğulayıb ki, Ermənistanın işğal etdiyi əraziləri itirməsi onun iqtisadiyyatında, xüsusilə də məhsul istehsalı və ticarətdə balansın əsaslı şəkildə pozulmasına imkan yaradıb:
“Belə bir vəziyyətdə yeni iqtisadi strategiyanın müəyyən edilməsinə və tətbiqinə ehtiyac vardır. Mövcud siyasi böhran isə belə bir strategiyanın hazırlanmasına imkan vermir. Ona görə də hökumət qısa müddətli dövrdə daha tez təsir edə biləcək vasitələrə əl atmağa məcbur olur. Siyasi böhran gözləniləndən daha çox vaxt alarsa o zaman bu vasitələrin də təsir imkanları aradan qalxacaqdır və dərin maliyyə böhranı formalaşacaqdır. Ona görə də qarşıdan gələn dövrdə Ermənistanı çətin iqtisadi sınaqlar gözləyir. Onu da vurğulamaq yerinə düşər ki, Paşinyanın hakimiyyətə gəlməsində iqtisadi problemlərin rolu böyük idi və iqtisadi problemləri aradan qaldıracağı ilə bağlı verdiyi vədlər onu əvvəlki hakimiyyətlərdən fərqləndirən əsas cəhətlərindən biri idi. Hakimiyyətə gəldikdən sonra da Ermənistanda iqtisadi sahədə baş verən müsbət dəyişikliklər Paşinyanın hakimiyyətinin möhkəmlənməsinə imkan yaratdı. Ona görə də iqtisadi və sosial vəziyyətin gərginləşməsi xalq arasında Paşinyana olan etimadın azalmasına və siyasi böhranın daha da dərinləşməsinə səbəb ola bilər. Qarşıdan gələn aylarda Paşinyan hakimiyyətdə qalarsa onun hakimiyyətdən getməsinə çalışan qüvvələr üçün iqtisadi problemlər əsas təsir vasitələrindən birinə çevriləcəkdir”.
Telegram kanalımız