“Ermənistanda iqtisadi vəziyyət pisləşməkdə davam edir. İl ərzində pandemiyanın yaratdığı iqtisadi problemlər və daha sonra İkinci Qarabağ Müharibəsinin Ermənistan iqtisadiyyatına vurduğu zərər iqtisadi vəziyyətin pisləşməsi üçün şərait yaradır. Eyni zamanda müharibədən sonra Ermənistanda yaranmış siyasi böhran da səmərəli iqtisadi siyasətin aparılmasına mane olur, iqtisadi problemlərin həllinə imkan yaratmır və iqtisadi subyektlər siyasi böhranın necə bitəcəyini gözləyirlər”.
Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçi Orxan Bağırov bildirib.
O qeyd edib ki, post-müharibə dövrünün ilkin mərhələsində Ermənistanda formalaşmış durğunluq və çaşqınlıq iqtisadi göstəricilərin əsaslı şəkildə pisləşməsinə imkan verməsə də artıq ilk mərhələ sona yaxınlaşdığından iqtisadi göstəricilərin pisləşməsi prosesi başlanıb və bu proses gələn il daha sürətlə gedəcək: pizza
“İqtisadi göstəricilərin pisləşməsinin gec başlamasının digər səbəbi pandemiya ilə əlaqədar olaraq iqtisadi aktivliyin kəskin azalması idi. İqtisadi subyektlərin fəaliyyət imkanlarının daralması onların müharibənin yaratdığı iqtisadi problemlərə adekvat və cəld rekasiya verməyə imkan yaratmır. Ona görə də zaman keçdikcə iqtisadi subyektlərin mövcud iqtisadi problemlərə reaksiyası özünü tam olaraq göstərəcəkdir və bu proses ölkədən valyuta axını meyllərinin artması, maliyyə resurslarının çatışmazlığı, xarici borcun artması, xarici valyuta ehtiyatlarının azalması kimi iqtisadi problemlərlə müşayiət olunacaqdır. Bu problemlərin əlamətləri artıq görünməyə başlanıb. Bu özünü istər iqtisadi göstəricilərdə baş verən dəyişikliklərdə, istərsə də hökumətin iqtisadi sahədə verdiyi qərarlarda özünü göstərməkdədir”.
Bir sıra iqtisadi göstəricilər üzrə vəziyyəti təhlil edən O.Bağırov vurğulayıb ki, Ermənistanda iqtisadiyyat ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri qiymət artımı – inflyasiyadır:
“Son aylarda iqtisadi vəziyyətin daha da pisləşməsi inflyasiya ehtimallarını əhəmiyyətli sürətdə artırsa da gözləntilərin əksinə olaraq qiymətlərin azalması (deflyasiya) müşahidə edilirdi. Belə ki, avqust ayında aylıq inflyasiya mənfi 0.1%, sentyabrda mənfi 0.2%, oktyabrda isə mənfi 0.5% səviyyəsində olub. Deflyasiyanın yaranmasının əsas səbəbi iqtisadi aktivliyin kəskin azalması və bunun nəticəsində də əhalinin müxtəlif xidmət və məhsullara olan tələbatının kəskin məhdudlaşması idi. Tələbatın azalmasına baxmayaraq məhsul çatışmazlığının qarşısını almaq üçün dövlət əsas məhsulların istehsalını yüksək səviyyədə saxlamağa çalışırdı. Ona görə də təklif tələbi üstələdiyindən deflyasiya baş verirdi. Tərəfimizdən aparılan təhlillər onu göstərirdi ki, bu vəziyyət uzun müddət davam edə bilməz və post-müharibə dövründə Ermənistanda inflyasiyanın sürətlənməsi baş verməlidir. Buna müharibədən sonra yaranmış vəziyyətlə əlaqədar olaraq istehsalın azalması, sahibkarlıq fəaliyyətinin kəskin daralması, siyasi-iqtisadi vəziyyətin istehsalçılara və istehlakçılara psixoloji təsiri kimi amillərin səbəb olacağı gözlənilirdi. Noyabr ayından etibarən bu gözləntilər özünü doğrultmağa başladı. Belə ki, noyabr ayında Ermənistanda 1.3% inflyasiya qeydə alındı. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.2% daha çoxdur”.
Ekspert deyib ki, Ermənistanda qiymət artımı illik ifadədə də sürətlənməyə başlayıb:
“Belə ki, oktyabrda son 12 ayın inflyasiya göstəricisi 1.3%, noyabrda 1.6% olub və dekabrın sonuna bu göstəricisinin 2.5%-ə çatacağı gözlənilir. Ermənistanda müşahidə edilən qiymət artımına eyni zamanda milli valyutanın ucuzlaşması da öz təsirini göstərib. Noyabrda ümumi qiymət artımına ən çox təsir edən amillər ərzaq məhsullarının qiymətinin 2.6%, qeyri-ərzaq məhsullarının qiymətinin 0.6% və xidmət tariflərinin 0.1% artması olub. İllik ifadədə isə ərzaq məhsullarının qiyməti noyabrda ərzaq məhsulları 1.7%, qeyri-ərzaq məhsulları 1%, xidmət tarifləri isə 1.5% bahalaşıb. Ərzaq məhsullarının aylıq ifadədə qiymət artımının illik ifadədə qiymət artımını üstələməsi onu göstərir ki, inflyasiya sürətlənməkdədir. Ən yüksək qiymət artımının məhz ərzaq məhsullarında müşahidə edilməsi isə sosial narazılığın artması üçün əsas yaradır. Əgər Ermənistan hökuməti ərzaq məhsullarının qiymət artımının qarşısını ala bilməsə bu əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə və gələcəkdə sosial baxımdan narazı kütlənin sayının artmasına səbəb olacaqdır”.
O.Bağırov söyləyib ki, Ermənistanda ərzaq məhsullarının qiymətinin artımına İkinci Qarabağ Müharibəsinin təsiri də böyükdür:
“Ona görə ki, Ermənistanda ərzaq sənayesinin inkişafında işğal edilmiş torpaqlardan əldə edilmiş xammalın rolu böyük idi. Ermənistanın bu ərazilərdən məhrum olması isə ərzaq sənayesinin inkişafına əhəmiyyətli sürətdə təsir edəcəkdir. Noyabrda ərzaq məhsullarının qiymətinin artımı da bu prosesin başladığını göstərir. Nümunə üçün taxıl istehsalını göstər bilərik. Azərbaycanın işğal edilmiş torpaqları azad etməsi nəticəsində Ermənistan taxıl istehsalının 47.3%-dən (illik 90 min ton) məhrum olub. Bu isə Ermənistanda gündəlik istehlakda böyük paya sahib olan un məhsullarının istehsalı imkanlarının azalması və nəticədə qiymətlərin qalxması deməkdir. Eyni zamanda işğal edilmiş torpaqların azad edilməsi Ermənistanda digər kənd təsərrüfatı məhsullarının çatışmazlığına da səbəb olacaqdır. Çünki böyük həcmdə kənd təsərrüfatı məhsulları işğal edilmiş torpaqlardan Ermənistana gətirilirdi. Ermənistanın bu məhsullardan məhrum olması yerli istehsal imkanları məhdud olduğundan həmin məhsulları xaricdən idxal edilməsinə gətirib çıxarır. Bu isə sözsüz ki, qiymət artımına yol açır və bu proses gələcəkdə daha sürətlə davam edəcəkdir”.
Telegram kanalımız