“Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelinin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrası, bütün göstərilən xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır. Bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, ən əsası vətəndaş amilinə verilən dəyərin nəticəsidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev ötən ilin sonlarında «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu təsdiqlədi. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edildi. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Həmçinin dövlət başçısı İlham Əliyev 2023-cü ilin dövlət büdcəsini təsdiqlədi. Builki dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqətdədir. pizza
“Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara geniş yol açır" söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bir əsas məqamı da unutmayaq ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
YAP Xətai rayon təşkilatının sədri qürur hissi ilə qeyd edib ki, Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə dayanıqlı inkişafa böyük töhfələr verəcək, güclü sosial siyasət üçün imkanlar yaranacaq. Özünüməşğulluq proqramının coğrafiyasının genişlənməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyəcək.
Telegram kanalımız