Fırıldaqçıların yeni tələsinə   DİQQƏT!

saytların hazırlanması

Evə çatdırılma

Fırıldaqçıların yeni tələsinə DİQQƏT!

Sosial

17 Aprel 2025 11:38 523


Azərbaycanda son aylarda bank kartlarından oğurluq hallarının sayı kəskin şəkildə artıb. Vətəndaşlar, sadəcə bir klik və ya qısa telefon zəngi ilə minlərlə manat itirdiklərini bildirirlər. Sosial şəbəkələrdə, xəbər portallarında bu cür şikayətlərə tez-tez rast gəlinir: "Axırıncı dəfə 150 manat çıxdılar, linkə daxil oldum, pulumu oğurladılar", "Uşağın kartından 800 manat yoxa çıxıb", "Pulu evdə saxlamaq daha təhlükəsizdir."

Mütəxəssislər isə xəbərdarlıq edir: rəqəmsal aləmdə fırıldaqçıların üsulları hər keçən gün daha da peşəkarlaşır. İnsanlar azacıq ehtiyatsızlıq nəticəsində kart məlumatlarını ələ verərək pul itkisilə üz-üzə qalırlar.

Təhlükəli linkləri necə tanıyaq? Dominos pizza

İnformasiya texnologiyaları üzrə mütəxəssislər bildirir ki, fırıldaqçıların göndərdiyi keçidlər adətən aşağıdakı xüsusiyyətləri daşıyır:

Qeyri-rəsmi və şübhəli ünvanlar (məsələn: bankabc-login.netsecure-pay.az.biz)

Tanımadığınız nömrələrdən və sosial şəbəkələrdən gələn mesajlardakı linklər

Cihaza zərərli proqram yükləyən “.zip”, “.exe”, “.apk” uzantılı fayllar

Kart məlumatlarının daxil edilməsini tələb edən saxta bank və ya poçt səhifələri

Bu keçidlər çox vaxt “Hesabınız bloklanıb”, “Sizə bağlama var”, “Mükafat qazandınız” kimi cəlbedici başlıqlarla təqdim olunur.

Güvənli linklərə necə əmin olaq?

Ekspertlər güvənli keçidləri ayırd etmək üçün aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edirlər:

Sayt ünvanının https:// ilə başlaması və kilid işarəsinin olması

Rəsmi və tanış domenlərdən istifadə edilməsi (www.kapitalbank.azwww.pashabank.az və s.)

Məlumat almaq üçün linkə klikləmək əvəzinə, rəsmi sayta birbaşa daxil olmaq

Qısa linklərə ehtiyatla yanaşmaq və öncədən onların arxasında hansı saytın olduğunu yoxlamaq

Mütəxəssislər və hüquq-mühafizə orqanları bildirirlər ki, vətəndaşlar ilk növbədə şəxsi və kart məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamalı, SMS, WhatsApp və digər platformalardan göndərilən linklərə klikləməzdən əvvəl ciddi şəkildə düşünməlidirlər. Alış-veriş və digər əməliyyatlar yalnız güvənilən mənbələr və rəsmi saytlar vasitəsilə aparılmalıdır. Əgər hər hansı bir şübhəli hal baş verərsə, dərhal bankla əlaqə saxlamaq və kartı müvəqqəti bloklamaq tövsiyə olunur. Rəqəmsal dövrdə maliyyə təhlükəsizliyi hər bir istifadəçinin şəxsi diqqətindən asılıdır. Fırıldaqçılara qarşı mübarizədə ən güclü silah isə məlumatlı və ayıq-sayıq davranmaqdır.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!