Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Formula-1 və digər idman yarışlarının mərkəzinin Qobustan olmasını təklif edib.
Bu barədə Yenisabah.az-a danışan rejissor Qobustanda böyük turizm mərkəzinin yaradılmasının faydalı olacağını bildirib:
“Formula-1 yarışları möhtəşəm təbliğat vasitəsidir. Həmçinin gəlir mənbəyidir. Əgər ölkəmizdə bu yarışlar keçirilirsə, biz bunu stimullaşdırmalı, hər şeyi sxemləşdirməli, bundan istifadə etməliyik. Toyuqlu pizza
Mən təklif edirəm ki, bu cür yarışları Bakının 50 km yaxınlığında olan, dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Qobustanda keçirək. Bu cür yarışlar üçün Qobustanda möhtəşəm bir stadion, otellər tikək, oranı turizm mərkəzi edək. Orada qədim tariximiz, mədəniyyətimiz bütün dünyaya göstərilsin. Bütün dünya ölkələrindən gələn turistlər də həm Bakını, həm də Qobustanı görsünlər və heyrətə gəlsinlər.
Ay hökumət nümayəndələri, oturub bu cür şeylər fikirləşmək, dövlətə, dövlətçiliyə xidmət edən layihələr irəli sürün. Yarışları Qobustanda keçirməklə görün bir güllə ilə neçə dovşan vurmuş oluruq: həm Bakı rahat olur, tıxaclardan qurtulur, həm dünyanın ilk yaşayış məskənlərindən olan Qobustan tanıdılır, həm də onlarla yeni iş yeri açılmış olur. Hər il orda yarışma keçirməklə turizmi inkişaf etdirmək olar. Bakıdan Qobustana cəmi yarım saatlıq yoldur”.
O, bu sayədə Qobustanın tarixinin bütün dünyada tanıdılacağını da qeyd edib:
“Şahdağ turizm mərkəzi kimi Qobustanda analoq yaratmaq mümkündür.
Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal Qobustana dəfələrlə gəlib, o deyirdi ki, dünya Azərbaycandan - Qobustandan başlayır.
Mən də ağsaqqal bir sənətçi kimi bunu təklif edirəm, bu ideyanı gerçəkləşdirsək həm ziyarət, həm ticarət olacaq.
Mən bu məsələdə yalnız dövlətimizin, xalqımızın marağını güdürəm, başqa heç bir marağım yoxdur. Orada gözəl istirahət zonaları açmaq olar, dənizlə Qobustan arasındakı məsafəyə kanatlar yerləşdirmək olar. Bununla turistlər tarixin içində gəzişəcək, bu layihədən milyardlar götürmək olar, heç neft-qazı satmağa da ehtiyac olmaz.
Əgər dövlət belə bir ideyada maraqlı olsa, mən də öz yardımımı etməyə hazıram. Çünki həm özüm o bölgədə doğulub-böyümüşəm, hər daşına-kəsəyinə bələdəm. Orada elə sirrli-xudalı yerlər var ki, insanlar görəndə heyrətə gəlir. Orada 3-4 film də çəkmişəm”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız