Fransada parlamenti formalaşdıracaq seçkilər sürprizlərlə nəticələnib. İki ay əvvəl yenidən Fransa prezidenti seçilən Emmanuel Makronun Birlik partiyası Milli Assambleyada say çoxluğunu itirib.
Modern.az xəbər verir ki, Makronun parlamentdə üstünlüyü əldə verməsi Fransa mətbuatının gündəm mövzusuna çevrilib. Yerli qəzetlər “Fransa idarə oluna bilməz” və bu kimi digər başlıqlı yazılarla hökuməti sərt tənqid ediblər.
Prezident Emmanuel Makronun ən böyük narahatlığı 2017-ci ildə ilk dəfə seçildikdən sonra parlamentdə qazandığı mütləq çoxluğu itirməsi idi. Makronun qorxduğu reallaşdı və o, 289 mandat tələb edən mütləq çoxluğu əldən verdi. pizza sifarişi
Seçkinin ilkin nəticələrinə görə, Makronun partiyası 234 mandat qazanıb. Lakin seçki ilə bağlı müzakirələr bununla bitmir. Diqqət çəkən digər məqam təmizlik işçisinin parlamentdə mandat almasıdır.
Belə ki, Yeni Ekoloji və Sosial Xalqlar Birliyinin (NUPES) parlament seçkilərinə namizədləri arasında təmizlikçi qadın da olub. Həmin qadın Afrika əsilli 48 yaşlı Raşel Kekedir. O, oteldə təmizlik işçisi kimi çalışır. Keke digər işçilərlə birlikdə Fransa tarixində ən uzunmüddətli otel tətillərindən birinə rəhbərlik edib və öz hüquqları uğrunda mübarizə onu Fransa parlamentinə aparıb.
2003-cü ildən “Ibis” otelində xadimə kimi çalışmağa başlayıb. 5 uşaq anası olan Raşel Keke Fransa vətəndaşlığını 2015-ci ildə əldə edib.
Ölkənin ən kasıb bölgəsindən olan sol ittifaqın namizədi Keke güclü rəqibi, keçmiş idman naziri Roksana Marasinyanyu geridə qoyaraq parlament üzvü seçilib. Keke 7-ci seçki dairəsində səslərin 50,3%-ni toplayıb.
Xanımın deputat seçilməsi ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanıb. Keke və tərəfdarları qələbəni birlikdə küçədə qeyd ediblər.
O ilk açıqlamasında xalqının səsi olacağını bildirib:
"Mən bu gün millət vəkili seçildim. Səsi olmayanların səsiyəm. Mən qulluqçuyam, təmizlikçiyəm, tibb bacısıyam. Bütün bu görünməyən peşələri milli parlamentdə görünən edəcəyəm. Mən öz dairəmdə gənclərlə görüşəcəyəm, çünki bu gənclər artıq həyata inanmırlar, çarəsizdirlər. Birgə işləyərək gənclərə Fransanı yeni sima ilə göstərəcəyik".
Telegram kanalımız