Füzuli yenidən çiçəklənir – Azadlığına qovuşan rayonumuza Böyük Qayıdış

saytların hazırlanması

Evə çatdırılma

Füzuli yenidən çiçəklənir – Azadlığına qovuşan rayonumuza Böyük Qayıdış

Siyasət

05 İyul 2025 12:00 2422


44 günlük Vətən Müharibəsində ordumuz xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılacaq bir qələbə qazandı. 

Cəsur döyüşçülərimiz bu müddətdə 30 illik işğala son qoydu, xalqımızın qürurunu bərpa etdi. Və ərazi bütövlüyümüzü təmin edərək bu bölgələrdə həyat şəraitinin normal şəkildə bərpasına zəmin yaratdı. 

Bunun nəticəsidir ki, prosesin ilk günlərindən Şərqi Zəngəzurda və Qarabağda tikinti işlərinə başlanılıb. İşğal dövründə dağıdılmış şəhərlərimiz, kəndlərimiz, tarixi-mədəni abidələrimiz yenidən tikilir. Bu mənada Füzuli şəhəri də istisna deyil. Füzuli şəhəri uzun illər boyu işğal altında olub və müharibə zamanı döyüşlərə məruz qalıb.  pizza mizza

2020-ci il oktyabrın 17-də işğal illərində xeyli dağıntılara məruz qalmış Füzuli şəhəri azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalq qarşısında çıxışında Füzuli şəhərinin işğaldan azad edildiyini bəyan edib. İşğaldan azad edildikdən sonra Füzuli şəhərinin bərpası və quruculuq işləri bölgədə yaşayan insanlar üçün çox vacib məsələ idi. Belə ki, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Füzulidən olan tanınmış yazıçı-publisist Bahəddin Həzi bildirib ki, Füzulinin Füzuli olması üçün orada sürətli və planlı məskunlaşma olması lazımdır:

“İşğaldan azad olunmuş başqa ərazilər kimi Füzuli rayonu da yenidəm qurulur, bərpa edilir. Bilirsiniz, mürəkkəb məsələlərin sadə həlli olmur. Bu cür miqyaslı və amansızcasına dağıdılmış rayonu birdən-birə bərpa etmək asan deyil. Füzuli şəhərində yaşayış evlərinin, məktəb və sair sosial obyektlərin tikintisi, insanların ora köçürülməsi sevindiricidir. 

Füzuli hava limanı çox qısa müddətdə tikilib, hazırda istifadədədir. Zəngilanda və Laçında da hava limanları tikilib Ancaq Füzuli rayonu elə bir strateji coğrafi məntəqədə yerləşir ki, bura faktik olaraq logistika habı rolunu oynayır. Füzulidən həm Şuşa-Laçın istiqamətinə, həm Xankəndi-Xocalı istiqamətinə, həm Xocavənd-Ağdam istiqamətinə, həm Cəbrayıl, Zəngilan və Qubadlı tərəfə, Naxçıvana, eləcə də, İrana yollar gedir. Bu, rayonun ölkə üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. 

Bu günlərdə prezident İlham Əliyev Əhmədbəylidən başlayaraq və Füzuli şəhərindən keçərək Şuşaya gedən yeni yolun açılışını etdi. Bu, Füzuli-Şuşa yol məsafəsini təxminən 20 kilometrədək qısaldır. Həmin yol bölgədə turizmin inkişafına təsir göstərən daha bir amil olacaq. Ancaq Füzulinin Füzuli olması üçün orada sürətli və planlı məskunlaşma olması lazımdır”. 

Bahəddin Həzi təklif edib ki, Füzuli rayonunun adını saxlamaqla, şəhərin adını dəyişdirmək, tarixi "Qarabulaq" adını qaytarmaq yaxşı olardı:

“Əvvəla, mənə qalsa, Füzuli rayonunun adını saxlamaqla, şəhərin adını dəyişdirmək, tarixi "Qarabulaq" adını qaytarmaq yaxşı olardı. İkincisi, Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinin sakinlərinə imkan vermək lazımdır ki, gedib öz kəndlərində, öz ata yurdlarında öz evlərini özləri tiksin, qursun. Dövlətin üzərinə düşən həmin əraziləri mərhələlərlə minalardan tam təmizləyib, camaatın təhlükəsiz şəkildə dönüşünə imkan yaratmaqdır. 

Dövlət yollar çəksin, infrastruktur qursun, lap müəyyən qədər sakinlərə maliyyə yardımı edə bilər. Eyni zamanda tikiləcək evlərin vahid layihə əsasında inşasını tələb edə bilər. Ancaq hər kəs öz ata yurdunda öz evini özü tiksə, həm məskunlaşma sürətlənər, həm də dövlətin üzərinə düşən yük yüngülləşər. Üçüncüsü, ən vacibi budur ki, dövlət iş yerləri yaradılmasına, ora köçürülən insanların dəyər yaratmasına və öz dolanışığını təmin etməsinə kömək etsin. Əgər iş yerləri kifayət qədər deyilsə, insanların dolanışığı üçün lazımi, əlverişli imkanlar yoxdursa, məskunlaşma da çətin gedəcək. 

Əslən Qarabağdan, o cümlədən, Füzulidən olan, ancaq Bakı şəhərində, başqa şəhər və rayonlarda daimi qeydiyyatda olan insanların da qayıdıb yaşamasına icazə verilsə, yaxşı olar. Mən özüm də köçüb, Qarabağda, Füzulidə yaşamaq istəyirəm. Amma 1983-cü ildən Bakıda qeydiyyatdayam. Mənim kimi əsli Qarabağdan olan, Qarabağda yaşamaq istəyən insanlara da şərait yaradılmalıdır. 

Mən demirəm ki, dövlət orda bizə havayı ev versin. Sadəcə, köçüb orada ev tikməyə, yaxud ev almağa imkan olsa, yaxşı olar. Füzuli öz münbit torpaqları ilə, həm yaylağa, həm qışlağa yaxın heyvandarlıq imkanları ilə, həm quru iqlimi, çox faydalı minerallarla zəngin, təmiz havası və suyu ilə Azərbaycanın ən mühüm, bərəkətli, yüksək potensiallı kənd təsərrüfatı rayonudur. Yəni işğaldan əvvəl belə idi. Eləcə də, burada çoxlu dağ-mədən, emal sənayesi, yüngül sənaye müəssisələri var idi. Bu rayonun Azərbaycan iqtisadiyyatına mühüm qatqısı ola bilər. Odur ki, Füzulinin tezliklə bərpası və sürətli məskunlaşması ölkənin inkişafına çox faydalı olar”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!