Generalın dəfninə Müdafiə Nazirliyindən gedən olmadı: “Səhvinizi təcili düzəldin”

saytların hazırlanması

Evə çatdırılma

Generalın dəfninə Müdafiə Nazirliyindən gedən olmadı: “Səhvinizi təcili düzəldin”

Siyasət

14 Oktyabr 2025 20:28 1611


“Bu qeydləri yazmasaydım, bəlkə də altmış ildən bir qədər çox ömrümün, həyatımın ən şərəfsiz bir gününü, ayını yaşamış olardım. Yazacağım bu qeydlərin Azərbaycanda olan hər bir Silahlı Qüvvələr mənsubuna bu və ya digər şəkildə aidiyyəti var. Söhbət bir azərbaycanlı generaldan, özü də kabinet generalı olmayan, döyüşü şəxsən keçmiş, şərəfli zabit həyatı yaşamış, sonda isə layiq olmadığı şəkildə son mənzilə yola salınmış bir döyüşçü dostumuzdan, yoldaşımızdan, Azərbaycan Silahlı Qüvvələri üçün misilsiz xidmətləri olmuş generaldan gedir”.

“Yeni Sabah” xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O qeyd edib ki, ilk dəfə olacaq ki, bu qeydlərində elə də çox ad və soyad çəkməyəcək: Toyuqlu pizza

“Baş verənlərdə hər kəsin - sənin, mənim, bu qeydləri oxuyanın və Silahlı Qüvvələr sırasında, xüsusən də Azərbaycan Ordusunda hazırda vəzifə tutan əksər yuxarı komandanlığın, rəislərin məsuliyyət və vicdan payı məsələsi var.”

Ü.Cəfərov bildirib ki, oktyabrın 11-də səhər tezdən vaxtı ilə döyüşlərdə bərabər iştirak etdiyi Füzuli və Ağdam döyüş briqadalarında şərəfli xidmət etmiş zabitinin tədbirinə gedərkən yolda sarsıdıcı xəbər alıb:

“Bir anlıq gözlərim qaraldı, nitqim tutuldu. Mənimlə bərabər olan 10-a yaxın zabit dostuma ‘general Rasim Əliyev vəfat edib’ sözlərini deyəndə boğazımı qəhər boğdu. Xəbər mötəbər yerdən verildiyinə görə bir xeyli susdum, onunla olan təmaslarım, görüşlərim ildırım sürəti ilə gözümün qarşısından keçdi. Yolun xeyli hissəsini getdiyimiz üçün geri qayıtmaq mümkünsüz idi. Amma nədənsə əmin idim ki, Bakıda olan dostlar, xüsusən də bu cür hadisələrdə öndə olmalı dövlət və hökumətin güc strukturları lazım olanı edəcəklər. Amma və lakin!!!”.

Polkovnik qeyd edib ki, general qardaşının Mehdiabad qəsəbəsində dəfn olunduğunu eşidəndə inana bilməyib:

“Gecədən xeyli keçəndən sonra Bakıya qayıdanda düşünürdüm ki, dövləti və xalqı üçün can qoymuş bir döyüş generalını yəqin ki, ən yüksək səviyyədə, Azərbaycan qanunlarına uyğun olaraq ritualla, orkestrin müşayiəti ilə, Fəxri Qaravulun açdığı atəş sədaları altında son mənzilə - özü də layiq olduğu şəkildə yola salıb dəfn ediblər. Səhər tezdən tanıdığım yoldaşlardan dəqiqləşdirəndə ki, general qardaşımızı Bakının... Mehdiabad qəsəbəsindəki məzarlıqda dəfn ediblər, doğrusu inanmağım gəlmədi. Daha bir neçə döyüşçü dostdan, əziz zabit və general yoldaşlardan dəqiqləşdirəndə ki, həqiqətən də generalı kənd qəbiristanlığında, adi qaydada, heç bir rəsmi şəxs və Fəxri Qaravul olmadan, yaylım atəşi açılmadan dəfn ediblər, məni dəhşət bürüdü.”

Ehtiyatda olan polkovnik məsul şəxslərin bağışlanılmaz səhvə yol verdiklərini bildirib:

“Hətta generalın ailəsi belə təkid etsəydi ki, onu yeni açılmış Hərbi Memorial Qəbiristanlığında (HMQ) dəfn etməsinlər, döyüş yolu keçmiş, minlərlə zabit və general yetişdirmiş, Müdafiə Nazirliyində nazir müavini statusuna bərabər böyük və mühüm bir idarənin rəisi olmuş, 44 günlük Vətən müharibəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş general mütləq və mütləq bütün qayğı və diqqət göstərilərək həmin HMQ-də son mənzilə yola salınmalı idi.

Eşidirsinizmi məni, ay bunu etməyə borclu olan, amma hansısa səbəbdən - bilmirəm, hikkədən, ya qəsdən - bunu etməyən vəzifəli şəxs və şəxslər?! Sizin üçün də bu əcəl zəngi gec və ya tez çalınacaq. Bu hadisənin gənc nəslin vətənpərvərlik ruhuna necə sarsıdıcı zərbə olduğunu niyə ciddiyə almadınız? Sabah hansı cavan oğlan öz həyatını Silahlı Qüvvələrdə xidmətə bağlayacaq, əgər o bu gün əsl generala, özü də haqqı olan bir Vətən müdafiəçisinə bu cür soyuq və məsuliyyətsiz münasibəti görür?!”

Hərbi ekspert eyni zamanda general Rasim Əliyevin ruhundan da üzr istəyib:

“Bağışla bizi, əziz və dəyərli paşamız! Ötən gün Heydər Məscidinə kimlər gəlməmişdi - iki general-polkovnik, sabiq müdafiə naziri Səfər Əbiyev və müdafiə nazirinin sabiq müavini, Naxçıvan Əlahiddə Ümümqoşun Ordusunun sabiq komandiri Kərəm Mustafayev, Rasim Əliyevlə bərabər xidmət keçmiş minlərlə general və polkovniklər. Aralarında Müdafiə Nazirliyinin hazırkı və sabiq general rütbəsi daşıyan yüzlərlə döyüş keçmiş əsl zabitlər, Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatının və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyində təmsil olunan bir neçə yüz general, polkovnik, admiral və digər yüksək rütbəli şəxslər gəlmişdilər. Hər kəsə sonsuz minnətdarlığımı öz adımdan və döyüş generalımız, qardaşımız Rasim Əliyevin ailəsi və doğmaları, əzizləri adından bildirirəm.”

O əlavə edib ki, Bakıdakı Heydər məscidində son illər bu qədər hərbçi iştirakı ilə keçirilən başqa bir anım mərasimi xatırlamır:

“Bu hörməti, bu məhəbbəti əsl zabit kimi general Rasim Əliyev öz insanlığı və vəzifə borclarına vicdanla yanaşması ilə qazanmışdı. Məhz buna görə də inanıram ki, əlaqədar dövlət və hökumət strukturları baş vermiş bu xoşagəlməz hadisədən nəticə çıxaracaq, bu sahədə olan ciddi boşluqları təcili aradan qaldıracaqlar. Bunun həm də gənc, böyüməkdə olan, hərbi sahəni və Vətəni müdafiə etməyi öz həyat amalına çevirməyə qərar verən nəsil üçün böyük əhəmiyyəti vardır.”

Ü.Cəfərov vurğulayıb ki, qalib ordunun əsl generallarından biri olmuş Rasim Əliyevə belə münasibət yolverilməzdir:

“Bu qeydlər təkcə mənim deyil, baş vermiş faciədən sarsılan minlərlə Rasim Əliyevi sevən, ona sayğısı olan general və aşağı rütbəli bir neçə min Silahlı Qüvvələr və Azərbaycan Ordusunun üzvü olan şəxslərin hayqırtısı və narahatçılığıdır. Aidiyyəti qurumlar bu qeydlərimin hansısa qərəz və ya başqa məqsədlə yazıldığını əsla fikirləşməməlidirlər. Səhvlərinizi təcili düzəldin, cənab idarə edən və vəzifəsinin mahiyyətini hələ də dərindən anlamayanlar!

Allah Silahlı Qüvvələrimizin adını ucalara qaldıran şəhidlərimizin ruhunu şad, məkanlarını cənnət eləsin. Xidmətləri olan bütün şəxsi heyətə isə can sağlığı arzulayıram.

Allah döyüş generalımız, silahdaşımız, gözəl ailə başçısı olmuş Rasim Əliyevə qəni-qəni rəhmət eləsin. İnşallah, tezliklə olan anlaşılmazlıq aradan qaldırılacaq və o, layiq olduğu şəkildə, layiq olduğu yerdə son mənzilə yola salınacaqdır!

Bu qeydlərimin bütün döyüş keçmiş əsl zabit və əsgərlər tərəfindən geniş şəkildə paylaşılmasını rica edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!