“Bölgələrdəki kənd evlərinin müştərilərə kirayə verilməsi son illərdə ölkəmizdə yayılmış bir prosesdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və otelçilik üzrə mütəxəssis Cabir Dövlətzadə deyib.
Müsahibimiz rayon yerlərində məşhur olan günlük və həftəlik evlərin müştərilərə təqdim edilməsi, habelə bunun yerli turizmin inkişafına verdiyi töhfələrdən söz açıb. Marqarita pizza
“Biz bilirik ki, evlərin kirayə verilməsi həm Bakı şəhərinin mərkəzində, həm də regionlarda mövcuddur. Çünki elə insanlar var ki, standart, butik və lüks otelləri tərcih etmir, ailələri ilə bərabər gəlir və bu müddətdə ev turizmindən faydalanır. Bu tip evlərin qiyməti müştərilər üçün daha mütənasib və uyğundur. Çünki ailəliklə gələn müştərilər daha çox ev potensialından istifadə edirlər.
Ona görə ki, ev birbaşa onlara kirayə olunur və bu müddət ərzində kirayənişinlər evdə bütün lazımi avadanlıqlarla təmin olunduğu üçün onların xərcləri daha minimuma düşür”, – o, qeyd edib.
Mütəxəssisə görə, həm VÖEN ödəyiciləri bu şəkildə işləyir, həm də rayonlarda yaşayan insanların müəyyən büdcəsinin artırılmasında bu tendensiya kömək edir:
“Yerli müştərilərdə də bu vəziyyət görünən haldır ki, onlar da bölgələrə səfər edərkən evlərdən istifadə edir və həmin evlər onlar üçün daha ucuza gəlir. Sadəcə olaraq, turizm-otelçilik sistemində rəqabət artdıqca, evlərin keyfiyyətinin artırılması da məqsədəuyğundur. Çünki evlərin keyfiyyətinin artırılması nəticədə həmin evlərin satış qabiliyyətinin artırılmasına gətirib çıxarır. Yəni keyfiyyətli evlər daha çox xarici və yaxud büdcəsi yaxşı olan yerli müştərilər tərəfindən götürülür və onlar həmin evlərdən faydalanırlar”.
Həmsöhbətimizin fikrincə, bu, müsbət bir haldır:
“Çünki bunun üçün bir sıra beynəlxalq saytlar var. Məsələn “Booking”, “Expedia” kimi saytlar turizm bazarı saytlarıdır. Bu saytlar hər kəsə açıqdır və həmin saytlar vasitəsilə müştərilər rezervasiya edib rahat bir şəkildə yerlərini götürə bilirlər. Necə ki mehmanxana fəaliyyətləri şaxəli olursa, bu da müştərilər üçün əlçatan olur və bu, müştəri məmnuniyyətini özü ilə bərabər gətirir”.
Onun sözlərinə görə, ev turizminin inkişafı Avropada olduğu kimi, Azərbaycanda da yüksək şəkildə olmalı, inkişaf etdirilməlidir:
“Sadəcə evlərin bölgələrdə hansı şəraitdə olması əsasdır. Əgər sahibkar evi yaxşı bir şəkildə təmin edib müştərilərə kirayə verirsə, təbii ki, bunun reytinqi və qazancı yüksək olur. Bu, normal haldır və məncə, bu bazar genişlənəcək. Çünki bu, sayca otel qiymətlərinin bahalığı ilə əlaqədar deyil, əksinə, həmin yöndə gedən müştərilərin portfeli ilə bağlıdır. Yəni elə insanlar var ki, onlar oteli deyil, sırf evləri tərcih edirlər.
Ölkəmizdən xaricə gedən bir çox insanlar da var ki, onlar da evlərdə qalmağı seçirlər. Onlar rahat şəkildə həmin evlərdə qalaraq, həm biznes fəaliyyətlərini, həm də ailəvi istirahətlərini təşkil edə bilirlər. Sadəcə bu və ya digər dövlət orqanlarının bunu nə dərəcədə nəzarətə götürməsi artıq texniki bir məsələdir. Çünki regionlarda bunun tətbiq edilməsi insanların rahatlığına nə dərəcə kömək edəcək, bu da bir az çətin məsələdir. Ona görə ki, normalda turizm bazarında bu şaxələnmənin olması vacibdir”.
İqtisadçı Xalid Kərimliyə görə isə ümumiyyətlə, gündəlik, yaxud aylıq kirayə evlər Bakıda və dünyada çoxdan mövcuddur:
“Hətta bununla bağlı məşhur “Airbnb” sistemi var ki, siz Bakıda oturaraq, Amsterdam, yaxud Dehlidə ev kirayələ bilərsiniz. Bu, inkişaf etmiş bir sistemdir və əgər sərfəli olmasa, insanlar bundan istifadə etməzdi. Çünki bu sistem vasitəsilə sən evini kirayə verib əlavə pul qazanırsansa, bu, niyə sərfəli olmasın?

Burada əsas sual isə odur ki, əlində pul varsa və investisiya qoymaq istəyirsənsə, oturub biznes imkanlarını təhlil etməlisən. Bu halda sən gəlirliyi qiymətləndirməlisən.
Tutaq ki, Azərbaycanın hansı rayonunda evlərin qiyməti nədir, ilin neçə ayı kirayə vermək olur, pik aylarda və qeyri-pik aylarda gəlir nə qədər gəlir? İllik gəlir, xərclər və xalis mənfəət və qoyulan investisiyaya nisbətlər gəlirlik nə qədərdir?”
“Məsələn, Bakıda dənizqırağı ərazidə evləri olan adamların çoxu bu işlə məşğuldur. Təbii ki, bu məsələ sərfəlidir, ancaq yeni biznesə başlayanda oturub təhlil etməlisən. Əgər investisiya qərarı verirsənsə, bu cür təhlillər etməlisən. Vətəndaşların bu cür edirmi-etmirmi, bu, başqa problemdir.
Qısacası, bu tip evlərin kirayə verilməsi yaxşıdır, bazar üçün yaxşıdır və otellərdə rəqabət yaradır.
Ümumiyyətlə, alternativlərin olduğu və seçim imkanın genişləndiyi hər şey yaxşıdır. Bu, həm vətəndaşlar üçün əlverişli şərtlərlə xidmətin təşkilinə gətirib çıxarır, həm də, eyni zamanda bu rəqabət biznes subyektlərinin əl-ayağının yığışmasına gətirib çıxarır”, – ekspert təhlil edib.
X. Kərimli diqqəti ona da yönəldib ki, burada hökumətin heç bir siyasəti yoxdur, çünki sahibkarların özü bu bazarı formalaşdırır və mövcuddursa, işləyirsə, deməli, sərfəlidir:
“Çünki burada kimsə kimsəni məcbur etmir ki, bu addımı atsın. İnsanlar getdikcə daha çox rasionallaşıb, daha çox qazanc əldə etmək istəyirlər. Burada elektron mühitin, rəqəmsalllaşmanın da önəmi var və hər şeyi elektron şəkildə quraşdırırsan. Yəni rəqəmsallaşma, müştəriyə çatma sahibkar üçün daha rahat olur. Bunun özü imkan verir ki, bu, müvafiq bazarın inkişafına kömək edir”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız