Ermənistana Gürcüstan üzərindən hərbi sursat daşınması ilə bağlı iddialar gündəmin əsas müzakirə mövzularından biridir.
Yenisabah.az xatırladır ki, yayılan xəbərlərə görə, Serbiyadan Ermənistana müxtəlif iriçaplı minaatlar göndərilib. Həmin silahlar isə Gürcüstan üzərindən bu ölkəyə çatdırılıb.
Bu barədə xəbərlər yayılandan dərhal sonra Serbiyanın Azrbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə əldə olunan məlumatlar onun diqqətin çatdırılıb. Səfir Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib. pizza mizza
Gürcüstanın XİN-i isə yayılan xəbərlərin dezinformasiya olduğunu bəyan edib.
Bu gün isə Prezidentin köməkçisi Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında bildirib ki, baş verənlərin araşdırılması üçün Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib.
O əlavə edib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır: “Onlar Azərbaycanın müraciətinə cavab verəcək”.
Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.
Gürcüstan və Serbiya Azərbaycanın strateji tərəfdaşıdır. Bundan əlavə Serbiya Azərbaycan qazını Avropaya çıxaracaq TANAP layihəsinə qoşulmaq barədə qərar verib.
Bu baxımdan, ekspertlər bu məsələdə diqqətli olmağın tərəfdarıdır. Onların fikrincə, yayılan xəbərlər provakasiya da ola bilər.
Lakin Serbiyanın Azərbaycandakı səfirinin XİN-ə çağırılması məlumatların əsassız olmadığına dair şübhələri artırır. Azərbaycanla strateji tərəfdaş olan, TANAP layihəsinə qoşulmaq qərarı verən bir ölkənin hansı səbəbdən bu addımı atması qaranlıq qalır. Bəzi siyasi şərhçilər hesab edir ki, bu Serbiyada Rusiyaya yaxın qüvvələrin işi ola bilər. Məqsəd isə Azərbaycan-Serbiya münasibətlərinə xələl gətirmək və beləliklə bu ölkənin TANAP-la bağlı qərarında dəyişikliyə nail olmaq məqsədi daşıya bilər. Digər tərəfdən, bu məsələdə Bakı və Tiflisi üz-üzə qoymaq cəhdi də istisna edilmir.
Bütün bunlar əlbəttə ki, ehtimaldır. Məsələ hərətərəfli araşdırılandan sonra baş verənlərin qaranlıq tərəflərinə aydınlıq gətirmək mümkün olacaq.
Yeri gəlmişkən, Azərbaycan mediasında baş verənlərə görə Serbiyadakı səfir Eldar Həsənov da ittiham olunur. Bu, onun diplomatik fəaliyyətinin yarıtmazlığı kimi dəyərləndirilir.
Telegram kanalımız