Gürcüstanda baş verən son hadisələrlə bağlı politoloq İlqar Vəlizadənin "Yeni Sabah"a müsahibəsi:
- Hazırda Gürcüstan cəmiyyəti iki hissəyə bölünüb. Bir tərəfdə, hakim “Gürcü arzusu” partiyası və baş nazir İrakli Kobaxidzenin tərəfdarları, digər tərəfdə isə şərti olaraq prezident Zurabişvilinin də aralarında olduğu qərbyönümlü etirazçılar. Sizcə, getdikcə artan ixtişaların fonunda Gürcüstanı hansı aqibət gözləyir?
- Bunu öncədən heç kim tam dəqiq proqnozlaşdıra bilməz. Belə məsələlərdə uzaqgörənlik etmək çox çətindir. Hazırda Gürcüstanda dövlət çevrilişi ssenarisi aktuallığını saxlayır. pizza
Aparıcı fiqurlardan biri prezident Salome Zurabişvilidir. Təəssüflər olsun ki, o, bu mövzuda qeyri-konstitsional mövqe tutub. O, etirazçıları açıq-aşkar təxribatlara çəkir. Bu, mümkün şey deyil. Prezident öz səlahiyyət çərçivələri daxilində çıxış etməlidir.
Doğrudur, müxalifətə yaxın olub-olmaması öz işidir, amma bunu açıq-aşkar bildirməməlidir. Zurabişvili bundan öncə səlahiyyətlərini dəfələrlə aşıb və yenə də aşır. Təsəvvür edin ki, məktəbliləri belə ixtişaşlara qoşulmağa çağırır.
Etirazçılara dəstək verən Qərb ölkələridir. İş orasındadır ki, hazırda iğtişaşların başında duran konkret fiqur yoxdur. Salome Zurabişvili müxalifətin nümayəndəsi deyil. Yəni iğtişaların lideri yoxdur. Düşünürəm ki, etirazçılar özlərinə lider təyin etməsələr, qarşıdurmaları sonadək davam etdirə bilməzlər.
- Qərb ölkələri Gürcüstana ciddi sanksiyalar tətbiq etməyə başlayıb. Rəsmi Tbilisinin Avropa İttifaqına üzvlüyü təxirə salınıb, ABŞ isə Gürcüstanla strateji tərəfdaşlığını rəsmən dayandırıb. Hətta Bidzina İvanişviliyə qarşı sanksiyalar elan edilib.
Gürcüstan xaricdən gələn maliyyə axınına olduqca bağlı ölkədir. Bu rəsmi Tbilisi üçün ciddi "oksigen çayışmazlığı"na gətirib çıxara bilərmi?
- Yox, o, təslim olmayacaq. Əksinə, sanksiyalar Gürcüstan hakimiyyətini digər oyunçularla daha sıx münasibət qurmağa məcbur edəcək. Xüsusilə, Çin və Yaxın Şərq ölkələri ilə. Yenə də Gürcüstanın Avropada müəyyən tərəfdaşları var. Avropa İttifaqı sərt mövqe tutsa belə, Ruminya, Macarıstan və bəzi Balkan ölkələri bu məsələdə fərqi münasibətdədir. Ona görə də düşünürəm ki, Gürcüstan üçün kritik bir şey olmayacaq. Bütün hallarda Gürcüstanın əsas mənfəəti tranzit layihələridir. Fikrimcə, Qərbin tətbiq etdiyi sanksiyalar rəsmi Tbilisi üçün əsaslı təsirə malik olmayacaq.
- Azərbaycanın bu məsələdə rəsmi mövqeyi necə olmalıdır?
- Biz həmişə kənar güclərin hesabına dövlət çevrilişlərinin əleyhinə çıxış etmişik, indi də edirik. Burada açıq-aşkar xaricdən təhdidlər və Gürcüstanın xarici işlərinə qarışmaq faktları, hakimiyyəti zorla dəyişmək cəhdləri var. Əlbəttə, Azərbaycan bunun əleyhinə çıxış və bunu açıq formada bəyan edir.
Avropa və ABŞ-nin yanaşması bundan ibarətdir ki, hansı yolla hakimiyyətə gəlirsən gəl, təkcə narrativlərimizi yerinə yetirməlisən. Qərb tərəfindən belə bir dəst-xətt müəyyən olunub. Biz bunun əleyhinəyik. Çünki başqa kimlərinsə istəyi ilə başqa ölkələrin hakimiyyəti formalaşmamalıdır.
- Gürcüstanda yaşayan azərbaycanlılar sizcə, hansı tərəfin yanında yer alacaq?
- Gürcüstan azərbaycanlılarının adından danışmaq düzgün olmaz. Onların mövqelərini özləri müəyyən etməlidir. Onların hamısı Gürcüstan vətəndaşlarıdır. Gürcüstanın daxili işlərinə müdaxilə etmirik.
Nazim Hacıyev
Telegram kanalımız