Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ötən gecə qəfildən dünyasını dəyişməsi ölkə gündəminin bir nömrəli mövzusuna çevrildi. İşıqlı siması ilə təkcə tərəfdarlarını deyil, həm də əleyhdarlarını təsir altına salmağı bacaran Hacı Şahinin ürəktutmasından vəfat etməsi yüz minlərlə mömini göz yaşlarına boğdu. Maraqlısı isə odur ki, Hacı Şahinin ölümünü təkcə dindarlar deyil, hətta onun inandığı dinə inanmayanlar da acı təəssüf hissi ilə qarşıladı. Bu ölüm dindarla dinsizi, ateistlə deisti bir araya gətirdi. Hacı Şahin qəfil və vaxtsız ölümü ilə ən müxtəlif qütblərdə təmsil olunan insanları birləşdirə bildi...
Hacı Şahin kim idi?
O, təkcə dini eləmləri deyil, həm də dünyəvi elmləri dərindən bilən bir ziyalı, bir alim idi. Dördpendirli pizza
O, doğma Azərbaycan dili ilə yanaşı, həm də rus, ərəb, fars dillərində mükəmməl danışan bir şəxsiyyət idi.
O, böyük İslam peyğəmbərinin "elm Çində də olsa, onun arxasınca gedin" tövsiyyəsinə əməl edən savadlı bir bir mömin idi.
Nəhayət, o, damarlarından azərbaycanlı qanı axan, fevralın 26-da günahsız Xocalı qurbanları üçün göz yaşı axıdan, kədərlənən, noyabrın 8-də Şuşa üçün sevinən, bu böyük qələbədən qürrələnən vətənpərvər bir azərbaycanlı idi...
Hacı Şahin niyə bu qədər sevilirdi?
Bu sualın da cavabı var: Çünki bir əqidəyə qulluq edirdi. Çünki sözü ilə əməli düz gəlirdi. Çünki əməlisaleh adam idi. Bu dünyanın fani olacağını, dünya malının dünyada qalacağını bilirdi...
Niyə bu azman din adamını həm də dinsizlər sevirdi?
Çünki barışdırıcı idi. Hansı dinə, hansı əqidəyə xidmət etməsindən asılı olmayaraq, Allahın yaratdığı hər kəsi sevirdi. Yaradılanı Yaradandan ötrü sevirdi. Aqressiyadan uzaq idi. Heç kimə qarşı kinli deyildi. Həssas qəlbi heç vaxt nifrət püskürmürdü. Yaradanın yaratdıqları arasında heç vaxt fərq qoymurdu...
Hacı Şahini kimlər sevmirdi, yaxud kimlər söyürdü?
Hə, belələri də var. Mənəvi cəhətdən kasıb olan, mənəviyyatın kasadlığını yaşayan, başqa ölkələrin əlində alət olan adamlar Hacı Şahini sevmirdi. Onlar Hacının İslamı olduğu kimi yaşamasını və təbliğ etməsini bəyənmirdi. Onlar bu mötəbər din adamının Allahla bəndə arasına hansısa dələduzu soxmaq istəyən işbazlara qarşı çıxmasını həzm edə bilmirdi. Başqa bayraqların kölgəsinə sığınanlar Azərbaycanın üçrəngli bayrağının qarşısında qürurla dayanan Hacı Şahin Həsənlinin əzmətli duruşunu qəbul edə bilmirdilər. Onlar dünən söyürdülər, bu gün isə sevinirlər. Onlar bu vaxtsız ölümə sevindiklərini gizlətmirlər...
Amma ölüm sevinməsin. Çünki Hacı Şahin ömrünü bada vermədi. Əkdiyi toxumlar çoxdan cücərməyə başalyıb, Bu ölkə hələ çox Hacı Şahinlər yetişdirəcək. Dövlətinə, torpağına, bayrağına bağlı olan Uca Şahinlər yetişdirəcək...
Seymur Verdizadə
Telegram kanalımız