“Haylar sadəcə tapşırıq gözləyirlər“ - Sahib Alıyev

saytların hazırlanması

Evə çatdırılma

“Haylar sadəcə tapşırıq gözləyirlər“ - Sahib Alıyev

Siyasət

01 Oktyabr 2020 15:13 1119


Bu günədək erməni diasporunun fəaliyyəti ilə bağlı böyük bir mif var idi. Belə ki, əksəriyyət erməni diasporunun çox güclü olduğu, istənilən dövlətin rəhbərliyinə rahatlıqla təsir edə bildiyi qənaətində idi. Lakin aprelin 27-dən başlayan müharibədən sonra bir qədər fərqli mənzərə ortaya çıxıb. Beynəlxalq təşkilatların, müxtəlif ölkələrin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi fonunda, sanki erməni diasporu yoxa çıxıb. Maraqlıdır, erməni diasporunun bu susqunluğunun səbəbi nədir?

Millət vəkili, siyasi şərhçi Sahib Alıyev bununla bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, erməni diasporunu digər klassik diasporlardan fərqləndirən bir sıra cəhətlər var.

"Erməni diasporu casusluq yuvası kimi fəaliyyət göstərir"

Deputatın fikrincə, erməni diasporu casus və maliyyə fırıldaqçılığı yuvası kimi fəaliyyət göstərir: "Onlar bu və ya digər dərəcədə yerləşdikləri ölkənin, xüsusilə də böyük dövlətlərin xüsusi xidmət orqanlarına bağlı olurlar. Ayrı-ayrı böyük dövlətlər erməni diasporundan həm bir-birinə qarşı, həm də bir sıra hallarda aparıcı müsəlman ölkələrinə, ilk növbədə də Türkiyəyə qarşı faydalanırlar. Bu da heç kimə sirr deyil. Ona görə də erməni diaspor təmsilçilərinin bir çox qanlı terror aktı törətmələrinə baxmayaraq, onların əksəriyyəti ya ümumiyyətlə, məhkəməyə cəlb edilməyib, ya da çox qısa müddətdən sonra sərbəst buraxılıblar. Erməni diasporunun təmsilçiləri Los-Anceles, Paris, Moskva, Almaniya və Yaxın Şərqdə ardıcıl olaraq terrorlar törədiblər. İlk növbədə Türkiyə, əsrin əvvəlində isə Azərbaycan Xalq Cümhuriyyəti təmsilçilərinə qarşı bunu ediblər. Ötən əsrin sonlarında Dağlı Qarabağ savaşının başlaması ilə həmin erməni diaspor təmsilçiləri terrorçu olaraq həm Qarabağda vuruşurdular, həm ayrı-ayrı terror aktlarının törədilməsində yer alırdılar ki, onların arasında məhz yaşadıqları ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları da var idi. Məsələn, bizim qatarlardan birini partladan Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları idi. Bu dediklərimin arxasında böyük fakt var”.

"İrandakı diversiyalarda erməni diasporunun az rolu yoxdur"

Millət vəkili Sahib Alıyev vurğulayıb ki, SSRİ-nin dağıdılmasında Amerikadakı və Rusiyadakı erməni diasporunun çox fəal rolu olub: “Amerikadakı erməni diasporu Rusiyadakı erməni diasporuna təsir edərək bütün bu prosesləri başladı və nəticə SSRİ-nin dağılmasına gəlib çıxdı. O zaman Qorbaçovun yaxın ətrafı məhz erməni diasporunun təmsilçiləri idi. İndinin özündə İranda yenə də erməni diaspor təmsilçiləri həmin o casusluq fəaliyyəti ilə məşğuldurlar. Ümumiyyətlə, bunlardan ikili-üçlü agentlər kimi istifadə olunur. İran bir sıra nüvə obyektlərində baş verən partlayışlarda, hərbi obyektlərdə olan ayrı-ayrı diversiyalarda erməni diasporunun az rolu yoxdur. Lakin buna baxmayaraq, onlara böyük sevgi var”.

"Erməni havadarlarının strategiyası bəllidir"

Həmsöhbətimizin sözlərinə görə, erməni diasporunun başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, onlar sadəcə öz maraqlarına dayanaraq hərəkətə keçmir, həm də bu və ya digər dövlətlərin təhriki ilə fəaliyyətə başlayırlar: “Hələlik o hay havadarları - böyük dövlətlər Qarabağda gedən əməliyyatlardan narahatdırlar. Onların bununla bağlı strategiyası bəllidir. Amma indiki  dövrdə hansı taktiki addımların atılacağı tam dəqiqləşməyib. O, tam dəqiqləşəndən sonra həmin diaspor təmsilçiləri də buna uyğun şəkildə fəaliyyətə başlayacaqlar və fəaliyyətə başlayarkən onların terrorçu mahiyyəti üzə çıxacaq. Bunu biz 12 iyul təxribatından sonra onların Avropada, Rusiyada, Amerikada etdikləri vəhşiliklərdə açıq-aydın gördük. Onlar yenidən Azərbaycanın diplomatik təmsilçilərinə, Azərbaycana qarşı bu cür murdar sifətlərini göstərəcəklər, sadəcə tapşırıq gözləyirlər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!