“Helikopterlərin havaya qaldırılması şou idi” - Polkovnik-leytenant

saytların hazırlanması

Evə çatdırılma

“Helikopterlərin havaya qaldırılması şou idi” - Polkovnik-leytenant

Sosial

27 Mart 2019 14:01 7527


Ötən gün “Diqlas” ticarət Mərkəzində yanğının söndürülməsi zamanı helikopterlərin suyu yanğın baş verən ərazidən xeyli kənara boşaltması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb və bu tənqid edilib. 

“Yeni Sabah” xəbər verir ki, FHN-nin keçmiş əməkdaşı, FHN Akademiyasının baş müəllimi işləmiş, ehtiyatda olan polkovnik-leytenant İsgəndər İsmayıl bu haqda Yenicag.az-a açıqlama verib. O, bildirib ki, yanğınsöndürənlərin birinci dərəcəli işi yanğın söndürmək deyil, onların birinci dərəcəli işi istənilən ticarət obyektində yanğın təhlükəsizlik qaydalarına əməl edilməsinə mütləq nəzarət etməkdir. Əgər yanğın baş veribsə, ilk vəzifə onun daha geniş sahəyə yayılmasının qarşısının alınmasıdır. Əvvəlcədən bu tədbirlər görülməlidir ki, yanğın baş verməsin. 

““Diqlas” Ticarət Mərkəzinin yanması kadrlarına baxmışam. Yanğın bütün binanı əhatə edib. Görünən odur ki, əvvəlcədən profilaktik tədbirlər çox zəif aparılıb”. pizza mizza

Helikopterlərin suyu düzgün yerə boşaltmaması və bu yanğında helikopterin cəlb edilməsinin vacibliyinə gəldikdə isə mütəxəssis bunları deyib: “Yanan binanın üzərində beton dam örtüyü var. Havadan suyun oraya buraxılmasının daxilə hansısa bir xeyri ola bilər? Açıq yanğın olsa, havadan suyun buraxılması effektli olur, çünki su alovun üzərinə, birbaşa mənbəyinə düşür. Ancaq beton örtüklü binanın üzərinə su tökməyin bir mənası yoxdur. Su yanğın mənbəyinə çatmırsa, onun mənası yoxdur. Açıq deyəcəm, bu gün baş verən yanğın zamanı yanğınsöndürən helikopterlərin havaya qaldırılması şou idi. Bizdə belə bir düşüncə var ki, yanğın baş verən əraziyə nə qədər çox sayda canlı qüvvə cəlb edilərsə, yanğın tez sönər. Bu əksinədir. 

“Diqlas”da yanğının bu səviyyəyə gəlib çatmasının bir nömrəli səbəbi əvvəlcədən FHN-nin Dövlət Yanğından Nəzarət Xidmətinin həmin obyektdə profilaktik tədbirlər görməsi sıfır səviyyədə olub. Əgər yanğından sonra ancaq sütunlar qalıbsa, demək ki, orada əvvəlcədən hər hansısa bir tədbir görülməyib. Əgər yanğınsöndürən hadisə yerinə gəlirsə, onun bir nömrəli vəzifəsi yanğının yayılmasına imkan verməməlidir. Əgər yanğın yayılırsa, demək ki, söndürülmədə ciddi səhv var. Əgər söndürülmə düzgün aparılsaydı, yanğın geniş əraziyə yayılmazdı. Lap hesab edək ki, yanğınsöndürənlər gec çağırılıb. Kimdir günahkar? Yenə də FHN. Orada yanğının södürülməsinə cavabdeh şəxs təyin olunub. Ona da bilavasitə öyrədilib ki, birinci növbədə işi yanğından mühafizəyə xidmətinə zəng etməkdir. Əgər yanğını söndürməyə sənin gücün çatırsa, onu etməli və obyektdə olan şəxsləri təxliyə etməlisən. Yanğının baş verməsində də, yanğının yayılmasında da bir nömrəli günahkar FHN və onun əməkdaşlarıdır. 

Baş verən yanğında görünən odur ki, yanğınsöndürənlər yanğını yox, yanğın onları idarə edib. Həmin əraziyə 18-19 nömrəli hissə yaxındır. Onların əraziyə gəlib çatması lap 10 dəqiqə vaxt alsın. Tez gəlib, yanğını söndürməyiblərsə də günahkardılar, gec gəliblərsə də günahkardılar. Gec gələndə ona görə günahkardırlar ki, demək, profilaktika düzgün aparılmayıb. Yanan əraziyə hər saniyədə veriləcək suyun həcmii var. Əgər onu doğru vermirsənsə, yanan maddələr bitənə qədər yanğın davam edəcək. Mənim dediklərimin hamsının elmi əsası var”.

“Azərbaycanda daha genişmiqyaslı yanğınlar baş verəcəyi təqdirdə FHN-nin bu yanğınları söndürməyə gücü çatarmı” sualına isə İsgəndər İsmayıl belə cavab verib:

“Azərbaycanda yanğın söndürmək üçün canlı qüvvə və texnika var. Problem ondadır ki, bizdə olan canlı qüvvəyə həmin texnikadan istifadə etməyi öyrətməyiblər. Bizdə çatışmayan budur. Bizim yanğınsöndürənlərin peşə hazırlığı çox aşağı səviyyədədir. 15 il bundan əvvəl demişəm ki, vay bu xidmətin halına”.

Yanğın profilaktikasının binanın layihəsindən başladığını deyən, İsgəndər İsmayıl bildirib ki, hər şeyə cavabdeh FHN-dir: “Obyektin tamamən yanmasında günahkar FHN-dir. Çünki layihənin hazırlanmasında da, profilaktik tədbirlərin görülməsində də, istismara verilməsində də FHN söz sahibidir”.

Qeyd edək ki, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində ticarət mərkəzinin binası tam yararsız hala düşüb. Oradakı sahibkarlara isə külli miqdarda zərər dəyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!