Dünya tarixi zaman-zaman öz xalqının, yurdunun və məmləkətinin taleyində mühüm rol oynamış şəxsiyyətlər yetişdirməkdədir. Məhz bu şəxslər böyük məsuliyyəti öz çiyinləri üzərinə götürməklə tarixi missiyalarını həyata keçirmiş, dünya tarixində dərin iz buraxmışlar.
Azərbaycan tarixi də bu kimi şəxsiyyətlərlə zəngindir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bildi. Tarix Azərbaycan xalqına son yüz ildə bir çox bəla və müsibətlər yaşatdı. Lakin nə xoş bu xalqa ki, Heydər Əliyev kimi müdrik bir dövlət xadimi, dahi lider, uzaqgörən siyasətçi və ən önəmlisi də vətən aşiqi olan bir şəxsiyyət onun sıralarından çıxmışdır. Son yüz illik tariximizə nəzər salsaq, tariximizin istənilən səhifəsində Ulu öndərimizin əvəzsiz rolunun şahidi olarıq. O, Müstəqil Azərbaycan Dövlətinin böyük memarı, xalqımızın dövlətçilik ənənəsinə sadiq qalaraq müstəqil Azərbacanın təməl daşlarını sarsılmaz qayalar üzərində tikilən qala kimi möhkəm dayaqlar üzərində salmış, onun dərin tarixi köklərdən qoparılmasının qarşısını almış, dövlətçiliyimizin varisliyini təmin etmiş və gələcək nəsilərə, yəni bizlərə miras buraxmışdır.
Zərgər dəqiqliyi ilə müstəqil Vətənimizin parçalanmış dövlətçilik məfkurəsinin halqalarını bir araya gətirmiş, Azərbaycan xalqının vahidliyinin təcəssümü olaraq bizi bir amal ətrafında birləşdirməyə nail olmuşdur. Hər bir azərbaycanlı bu mirası göz bəbəyi kimi qorumalı, vətənə sadəqət və onun inkişafı hər birimizin həyatının başlıca məqsədi olmalıdır. Tarixin dərinliklərinə nəzər salsaq şahidi olmuş olarıq ki, müstəqil dövlətə malik olmaq heç də hər bir xalqa, millətə nəsib olmur. Lakin ən önəmlisi isə odur ki, müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin olur. O, bu ağır vəzifənin öhdəsindən də layiqincə gəlmişdir. Məhz Heydər Əliyev yetmiş illik əsarətdən sonra müstəqillik qazanmış xalqımıza çətin günlərində parlaq gələcək işığını salmış, bu xalqın işıqlı gələcək ümidini yenidən dirçəltmişdir. Hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə ölkəmizə rəhbərlik etməyə başlamış H.Əliyev Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. O, hər zaman xalqının yanında olmağa çalışmış, doğma xalqının müstəqil gələcəyinin elmə və təhsilə bağlı olduğunu anlayaraq hələ sovet dövründə Azərbaycan gəncliyinin təhsil alması üçün bütün imkanlardan istifadə etmişdir. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılmalı idi. H.Əliyev bu ideyanı ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Məhz ümumbəşəri prinsip və normaları özündə birləşdirən Azərbaycan Konstitusiyası onun rəhbərliyi və siyasi iradəsi əsasında, təməl demokratik, dünyəvi və mütərəqqi prinsiplərə əsaslanmaqla hazırlanaraq xalqın iradəsi əsasında ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Şərqin ilk demokratik dövləti yenidən öz varlığını bərpa etdi. Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və Azərbaycan xalqının hürr idarəsi ilə qəbul edilmiş Konstitusiya ümumbəşəri dəyərlərə əsaslanmaqla yanaşı, tarixi köklərimizi, xalqımızın milli ruhunu, dilimizi, mənəvi xüsusiyyətlərimizi özündə cəmləyən, yüzillərin sınağından keçmiş dövlət qurucuğu və idarəetmə sistemlərinin ən müsbət tərəflərini özündə birləşdirən siyası və hüquqi sənədə çevrildi. Günümüzdə özünü demokratiya carçısı kimi qələmə verən bir sıra dünya gücləri belə bu günədək Azərbaycan Respublikasının Konstitusiyası kimi hüquqi sənədin qəbul edilməsinə nail olmamışlar. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq Azərbaycan xalqının olmasının Konstitusiyanın ilk maddəsinin ilk bəndində təsbit edilməsi, məhz dahi öndərimizin öz xalqına verdiyi yüksək dəyərin təcəssümüdür. Bununla yanaşı Azərbaycan Konstitusiyası dünya tarixində qəbul edilmiş nadir sənədlərdəndir ki, onun təməlini hüquqi dövlətin bütün prinsipləri təşkil edir, dövlətin ali məqsədi olaraq isə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi təsbit olunur. pizza mizza
Məhz bu Konstitusiyanın qəbul edilməsindən sonra Ulu öndər bütün həyatını konstitusion prinsiplər əsasında qurulmuş gənc dövlətin möhkəmlənməsinə, onun inkişafına və müstəqilliyinin əbədi olmasına ithaf etmişdir. Bu gün isə bizim üzərimizə düşən onun tərəfindən təməli qoyulmuş hüquqi ideyalara, dünyəvi prinsiplərə uyğun dövlətçilik ənənəsinə sadiq qalaraq Azərbaycanın müstəqilliyini, bütövlüyünü, dövlətimizin varisliyini və xalqımızın vahidliyini pozmağa cəhd göstərən qüvvələrə qarşı daim mübarizə aparmaq, vətənimizin əbədi səadəti və gələcək nəsillərin firavanlığı üçün əlimizdən gələni əsirgəməməkdir. Necə ki, 2020-ci ilin 8 noyabr tarixində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi ilə Ulu öndərin vəsiyyətinə sadiq qalaraq Azərbaycanın bütövlüyünü təmin etmiş və bununla da dövlətimizin qüdrəti bütün dünyaya səs salmışdır.
Əminliklə deyə bilərik ki, gələcək nəsillər bundan sonra da əsrlər boyu Heydər Əliyev irsini öyrənəcək və dahi liderimizin həyat yolu və onun ideyaları gənclərimiz üçün yol xəritəsi rolunu oyanayacaqdır.
Fərid İsmayılzadə,
Şəki İnzibati Məhkəməsinin hakimi
Telegram kanalımız