Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idman zalında qətl törətməkdə təqsirləndirilən Əli Abbasovun cinayət işi üzrə məhkəmə məhkəmə araşdırması davam etdirilib.
Yenisabah.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Dindirilən şahid Nahid Piriyev bildirib ki, hadisə zamanı o zalda idmanla məşğul olub: “Bir-birinə baxmaq üstündə sözləşdilər. Daha sonra Əli idman zalından çıxdı. Gəldim Əlini sakitləşdirmək istədim. Dedim ki, lazım deyil. Məni arxayın elədilər ki, söhbət bitdi. Sonra gəldilər zala, Bəxtiyar Əlini şapalaqla vurdu. Əli də onu bıçaqla vurdu. Vüsalla Bəxtiyar bir yerdə idilər. Mən ikisini də sakitləşdirdim. İki qardaş ikisi də Əliyə qarşı əsəbi idilər. Vüsal və Bəxtiyar dedim ki dava lazım deyil". pizza mizza
Prosesdə qətlə yetirilən Bəxtiyar Nəsibovun anası şahidə etiraz edib. O bildirib ki, bu işdə bir neçə nəfərin əli var, Əli Abbasov Bəxtiyar Nəsibovu tək qətlə yetirməyib.
"Əgər Nahid Bəxtiyarı arxadan tutmasaydı Əli onu öldürə bilməzdi. Bu işdə bir neçə nəfərin əli var. Sən niyə Əlini ikinci dəfə zala buraxmısan? Gördün ki dava olub Əli çıxıb çölə, onu ikinci dəfə niyə içəri buraxırsan? Marağın nə idi?"
Şahid bildirib ki , Əli Abbasov ona deyib ki, Bəxtiyarla barışmaq istəyir.
Şahid Əli Mustafayev bildirib ki, Əli Abbasovla Bəxtiyar Nəsibov zalda məşq edərkən səs-küy eşidib.
"Gördüm Əli ilə Bəxtiyar mübahisə edir. Mübahisə sakitləşdi, Əli çantasını götürüb getdi. Mən zalda məşqimi bitirib geyinmə otağına keçdim. Paltarımı geyinəndə gördüm ki zalda səs-küy qalxdı. Zala qayıdanda gördüm Bəxtiyar yerdə uzanıb. Mən telefonumu götürüb təcili yardıma yığdım",- şahid deyib.
Xatırladaq ki, Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.
İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız