“İndiyə qədər dünya belə bir böhranla üzləşməyib” –   Vüqar Bayramov 

saytların hazırlanması

Evə çatdırılma

“İndiyə qədər dünya belə bir böhranla üzləşməyib” – Vüqar Bayramov 

Siyasət

01 Aprel 2020 13:53 1583


Koronavirus pandemiyası təkcə insanların sağlamlığı üçün təhlükəli deyil. Dünyanı təhdid edən bu bəla həm də qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu gün əsas müzakirə mövzularından biri də məhz pandemiyanın yaratdığı iqtisadi fəsadlardır. 

Yenisabah.az mövzu barədə Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramovla söhbətləşib.

- Vüqar bəy, koronavirus pandemiyasının iqtisadi fəsadları barədə çox danışılır. Sizcə, baş verənlər qlobal iqtisadiyyatda düzəni dəyişə bilərmi? pizza

- Güman edilir ki, qlobal iqtisadiyyatda yeni düzən yarana bilər. Çünki indiyə qədər dünya belə bir böhranla üzləşməyib. Bu, yeni və fərqli böhrandır. Hətta ötən əsrin 30-cu illərində ABŞ-da baş verən iqtisadi böhran belə, mövcud vəziyyətlə müqayisə olunmur. Nəzərə almaq lazımdır ki, indiyə qədər baş verən böhranlarda ölkələrarası sərhədlərin bağlanması müşahidə olunmayıb. Ölkələr bu dərəcədə iqtisadi əlaqələrini məhdudlaşdırmayıb. 

Bu gün pandemiyanın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği 3 trilyon dollarla ölçülür. Pandemiya aktivliyini saxlayacağı təqdirdə ziyanın məbləği arta bilər. 

Xüsusilə aparıcı ölkələr ciddi ziyan görüb. Bu da təbii olaraq dünya iqtisadiyyatına ciddi təsir göstərir və yeni iqtisadi düzənin yaranmasını şərtləndirən faktora çevrilir. 

- Belə iddialar səsləndirilir ki, əslində koronavirus yeni siyasi və iqtisadi düzənin yaradılması üçün dünya gücləri tərəfindən düşünülmüş ssenaridir...

- Bəli, koronavirus infeksiyasının yayılmağa başladığı ilkin mərhələdə belə iddialar səsləndirilirdi. Amma sonradan ABŞ və Avropa Birliyinin kütləvi yoluxmaya məruz qalması bu iddiaların inandırıcılıq dərəcəsini aşağı saldı. Bu gün koronavirusa ən çox yoluxma halı ABŞ-da müşahidə olunur. Dünya üzrə infeksiyaya yoluxan 5 nəfərdən 1-i ABŞ vətəndaşıdır. ABŞ koronavirusla mübarizəyə 2 trilyon dollar vəsait ayırıb. Avropa ölkələrində pandemiyanın yaratdığı fəsadlar göz önündədir. “Qoca qitə”nin aparıcı ölkələrində hər gün yüzlərlə insan infeksiyaya yoluxur, ölüm halları artır və s. 

- Çin və Yaponiya artıq pandemik virusu lokallaşdıra bilib. Dünyanın digər aparıcı ölkələrində isə koronavirus infeksiyası hələ də tüğyan edir və problemin yaxın perspektivdə həllinə ümidlər azdır. Bu vəziyyətdə qlobal iqtisadiyyatdakı balans Asiyanın xeyrinə dəyişə bilərmi? 

- Belə bir hal baş verə bilər. Nəzərə almaq lazımdır ki, strateji məhsulların qiyməti də aşağı düşüb. Bu isə həmin məhsulların istehsalçısı olan Səudiyyə Ərəbistanı, Rusiya kimi “Böyük İyirmilik”ə daxil olan ölkələrin qlobal iqtisadiyyatdakı mövqelərinə ciddi təsir göstərib. ABŞ və Avropa Birliyindəki mənzərəyə bayaq toxundum.  Bu situasiyada Çin və Yaponiyanın koronavirusu lokallaşdırması təbii ki, onların qlobal iqtisadiyyatda payının artmasına və balansın Asiyanın xeyrinə dəyişməsinə səbəb ola bilər.

- Pandemiyanın Azərbaycan iqtisadiyyatına hansı təsirləri var və bu təsirlər daha da dərinləşərək iqtisadi kataklizmə səbəb ola bilərmi?

- Təbii ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirləri azaltmaq üçün yaradılan İşçi Qrupun hesabatında qeyd edilir ki, infeksiyanın Azərbaycanda 4 sektora və 20 fəaliyyət sahəsinə  mənfi təsirləri var. Bura əsasən xidmət, nəqliyyat, otelçilik, turizm sahələri daxildir. Yəni, koronavirus bu sahələrə birbaşa təsir göstərir. Məsələn, bu gün Azərbaycanda ictimai iaşə obyektləri fəaliyyətini dayandırıb. Yaxud sərhədlər bağlandığı və uçuşlar dayandırıldığı üçün ölkəyə turist gəlmir. Bu isə öz növbəsində otelçiliyə mənfi göstərir. 

Əlbəttə ki, pandemiyaya qarşı mübarizədə vətəndaşların sağlamlığı daha önəmlidir. Dövlət də bu baxımdan sosial təcrid siyasətini həyata keçirir. Bununla paralel olaraq iqtisadiyyata mənfi təsirləri minimuma endirmək üçün addımlar atılır. 

Dövlət dəstək proqramlarının maliyyə həcmi 2.5 milyard manat təşkil edir. Neftin qiymətinin aşağı düşməsi fonunda bu kifayət qədər böyük məbləğdir. 

- Post-pandemiya dövrü üçün hansı iqtisadi addımlar atılmalıdır?

- Hesab edirəm ki, post-pandemiya dövründə də sahibkarlara dövlət dəstəyi davam edəcək. Eyni zamanda daxili istehsalın gücləndirilməsinə diqqət yetiriləcək. Təqdiəlayiq haldır ki, dövlət indiki çətin vəziyyətdə sahibkarlara yardım etməyi planlaşdırır. Bu koronavirusun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması baxımından önəmli addımdır. Bu addımların post-pandemiya dövründə də atılması Azərbaycan iqtisadiyyatının çiçəklənməsi baxımından mühümdür.

Vidadi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!