“Mən vaxtilə İranın Azərbaycana münasibətiylə bağlı mövqeyimi mətbuatda, habelə 2020-ci ildə “Cümhuriyyətə gedən yol” adlı əsərimdə də bildirmişəm. Vaxtilə İran Azərbaycan Cümhuriyyətinə düşmən münasibət bəsləyirdi. Bu düşmən münasibəti də onlar Azərbaycan adıyla pərdələmək istəyirdilər.
O vaxt iddia edirdilər ki, guya Azərbaycan adı yalnız indiki İran ərazisində olub və quzeydə yalnız Arran, Şirvan və Muğan var idi. Məmməd Əmin Rəsulzadə isə 1919-cu ildə “Azərbaycan” qəzetində onlara tutarlı və elmi bir cavab vermişdi ki, bu, yanlışdır. Çünki həm qədim sasani-fars mənbələrində, həm ərəb qaynaqlarında, həm də orta əsr istər Hülaki dövrü, istərsə də digər fars mənbələrində şimal torpaqlarının Azərbaycan adlanmasıyla bağlı kifayət qədər çoxsaylı məlumatlar var. Hətta rus qaynaqlarında da Azərbaycan adının şimala aid olmasıyla bağlı məlumatlar istənilən qədərdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tarixçi alim Boraz Əziz deyib. pizza hut
Alim İranın tarixi ilə yanaşı Azərbaycan sözünün etimalogiyasından da söz açıb.
“Bu çoxsaylı yazıların içərisində yalnız birini deyim ki, 1783-cü ildə Georgiyevsk müqaviləsindən sonra Rusiyanın himayəsinə sığınan Kartli-Kaxetiya çarları, Azərbaycan xanlıqlarının, xüsusilə də İrəvan və Gəncə xanlıqlarının üzərinə hücum edərək bu torpaqları viran qoyub, yaşayış məntəqələrini dağıdıb, xeyli sayda adamı əsir aparırlar. Belə bir vaxtda qubalı Fətəli xan rus çariçası II Yekaterinaya məktub yazaraq bildirib ki, “şübhəsiz ki, Azərbaycan xanlıqlarının şərəfini qorumaq mənə düşür””, – əlavə edib.
Alim təsdiqləyib ki, bu kəslər özlərinin Azərbaycan coğrafiyasına mənsub olan dövlət qurumlarının başçısı olduğunu dərk edirdilər:
“Bu baxımdan da, qurucu babalarımızın cümhuriyyətə Azərbaycan adını vermələri təsadüfi deyil. I Dünya Müharibəsinin qalibi olan ABŞ, Böyük Britaniya və İran iddia edirdi ki, guya cümhuriyyət qurucuları Azərbaycan adını Osmanlı hərbçilərinin təkidi ilə qəbul etmişdilər. Məqsəd isə hər iki Azərbaycanı birləşdirərək gələcəkdə qurulması nəzərdə tutulan Turan imperiyasının, yaxud Osmanlı dövlətinin tərkibinə qatılmasından ibarət idi. Məmməd Əmin Rəsulzadə isə “Azərbaycan” qəzetində belə fikrin yanlış olduğunu bildirirdi və göstərirdi ki, “güneydən fərqli olaraq, quzeydəki əhali özünün milli haqlarını dərk etmiş, hüquqlarını anlamış və dünya xalqları kimi sivil bir dövlət qurmağı nəzərdə tutmuşdu. Bu dövlətin də Azərbaycan adlanması bizim təbii hüququmuzdur”.
"Amma məsələ burasındadır ki, Məmməd Əmin Rəsulzadə çox doğru olaraq göstərirdi ki, o torpaqlarda yaşayan milyonlarla insana haqq və hüquqlar verilmədiyinə görə, o adamlar etiraz edəcək. Çünki İranda şahlıq rejimi idi, cümhuriyyət dönəmində isə dünyəvi bir dövlət idi. İkincisi, cümhuriyyət qadınlara seçki hüququ verirdi, İranda isə ümumiyyətlə, bu barədə anlayış yox idi. Cümhuriyyət aqrar islahat keçirmək istəyirdi, halbuki İranda bu barədə təsəvvür belə yox idi. Yəni belə dövlət quruluşunda insan haqq və hüquqlarında səhvlər olduğuna görə, bir zamanlar İranda əsarət altında olan Azərbaycan türkləri ayağa qalxaraq hüquqlarını tələb edəcəklərinə görə, şah rejimi ehtiyat edirdi. Ona görə də, əslində, ad bəhanə idi. Bu baxımdan, Məhəmməd Əmin Rəsulzadə çox doğru cavab vermişdi”.
B.Əzizə görə, indi də həmin siyasət eynilə davam edir:
“Bugünkü İran çox gözəl bilir ki, Azərbaycan dünyəvi, demokratik bir respublika olaraq inkişaf etdikcə, oradakı adamlar da öz hüquqların anlayaraq, doğma dillərində məktəb, təhsil, qəzet, televiziya və insan kimi yaşamaq haqqını tələb edəcəkdir və bu da onları qorxuya salır. Ona görə də Azərbaycana düşmən münasibət bəsləyirlər. Yəni bu düşmənçiliyin kökü buradadır. Əslində isə İran özünü guya bütövlükdə müsəlmanların və xüsusən də şiələrin himayəçisi elan edir. Amma 30 il torpaqlarımız işğalda olarkən İran dövlətinin şiəlikdən bir vasitə kimi hakimiyyətlərini qorumaq və fars rejiminin türklər üzərindəki ağalığını saxlamaq məqsədilə istifadə etdiyini açıq-aydın gördük. Bir dəfə də olsun məscidlərimizdə donuz saxlayan, pirlərimizi, ibadətgahlarımızı yerlə bir edən Ermənistana etiraz etməmişdi. Ona görə də İranın bugünkü etirazlarının dinlə və təriqətlə bağlı olmadığını hər kəs anladı, başa düşdü və bu cəhətdən də İranın mövqeyinin yanlış olduğu bizə bəlli oldu. Ona görə də Güney Azərbaycanda yaşayan xalqımızın öz milli varlığını qorumaq uğrundakı mübarizəsini anlayışla qarşılayırıq”.
Müsahibimiz vurğulayıb ki, biz, əslində, heç bir əraziyə demokratiya və insan haqları ixrac etmirik və bu işlə də məşğul olmuruq:
“Amma orada haqq və hüququ tapdalanan adamların mübarizəsinə biganə qalmırıq və xüsusilə də soydaşlarımızın bu istiqamətdəki şərəfli mübarizəsinə haqq qazandırırıq və əlimizdən gəldiyi qədər də bunu etməyə borcluyuq. Ona görə də hesab edirəm ki, bir imperiya olaraq İranın parçalanacağı şübhəsizdir.
Bilirsiniz, məsələ burasındadır ki, imperiyaların yaranması, inkişafı və süqutu tarixi qanunauyğunluqdur. Heç bir imperiya əbədi deyil. Məsələn, biz eramızdan əvvəldən başlamış Qədim Yunan, Roma, Sasani, Ərəb, Səlcuq, Bizans imperiyasını götürsək, görərir ki, bunlar əbədi yaşaya bilmədilər”.
“Təbiətdə və dəqiq elmlərdə olduğu kimi, cəmiyyətin də özünün inkişaf qanunauyğunluqları var. Bu tarixi qnaunauyğunluqlardan biri də imperiyaların yaranması, inkişafı və süqutudur. Gəlin, sonuncu imperiya olan SSRİ-ni götürək. Bu, təkcə Mixail Qorbaçovla bağlı deyildi ki, onun süqutu qaçılmaz idi. Sadəcə olaraq, hansısa bir dövlət rəhbəri onun süqutunun vaxtını uzada və ya sürətləndirə bilərdi. O cümlədən də İran adlı qurama və 30-cu illərdə yaranmış bir imperiya aydın məsələdir ki, süni şəkildə yaranmış bir imperiya idi və onun da dağılacağı heç kəs də şübhə doğurmur”, - yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız