"Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran izotopları ətrafa dağılsa, həmin ərazi və ətrafda olan ərazilər üçün çox böyük bir təhlükə yaranacaq".
"Yeni Sabah" xəbər verir ki, bunu AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov bildirib.
İranda əsas atom reaktorları Buşəhərdə yerləşir və Natanz şəhəri də daxil olmaqla 17 yerdə nüvə tədqiqatları aparılır. pizza sifarişi
Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi prosesində xeyli irəliləyib:
"Hətta bu prosesin son mərhələsinə qədəm qoyub. Buna görə də İranın üzərinə bu cür iri miqyaslı hərbi hücumlar var. Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran izotopları ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yaranacaq.
Uranın yarımparçalanma dövrü milyard illə ölçülür və ətrafa yayılması küləyin sürətindən və istiqamətindən asılı olaraq böyük ölçüdə dəyişir. Əgər İranda nüvə ilə bağlı hər hansı xoşagəlməz bir hadisə yaşansa, radiasiyanın Azərbaycana yayılması bizim torpaqlara çata bilər. Bunun mühafizəsi üçün hansı tədbirlərin görülməsi sual işarəsi altındadır.
Keçmişdə insanların yerləşdirilib qorunması üçün müəyyən yeraltı sığınacaqlar var idi. İndi sığınacaqlar artıq yoxdur və ya istifadə halında deyil. Bu tip qorunma sığınacaqlarının yenidən qurulması üçün isə olduqca ciddi maliyyə vəsait tələb olunur. Amma istənilən halda radioaktiv bir problem yaşanacağını düşünmürəm.
Əgər nüvə reaktoruna zərbə endirilsə, küləyin istiqamətindən asılı olaraq, hər hansı bir ölkəyə çox sürətlə yayıla bilər. Çernobıl hadisəsində baş verən partlayışdan sonra küləyin istiqamətinə görə radioaktiv maddə hava yolu ilə əvvəlcə Belarusa, daha sonra Almaniyaya və İsveçrəyə qədər gedib çıxmışdı.
Uran-235-in parçalanma dövrü həcmindən və kütləsindən asılı olaraq olduqca uzun çəkir. Bir daha ümid edək ki, İranla bağlı belə bir hadisə yaşanmayacaq, çünki əks halda həm qəzanın baş verdiyi ölkə, həm də qonşu ölkələr üçün ciddi fəsadlar törədəcək".
Rəvan Rzazadə
Telegram kanalımız