Üç il əvvəl Goranboyda bir iş adamı itinə toy etmişdi. Əlbəttə, qazandığı pulu hər kəsin istədiyi kimi xərcləmək hüququ var. Bu hadisə mənim yadımda ona görə qalıb ki, həmin iş adamı toy elədiyi eybəcər iti üçün tort bişirtmişdi. Əgər həmin tort undan hazırlanmasaydı, mən bu işin başına ip salmazdım. Müqəddəs nemət saydığımız çörək də undan bişirilir. Undan hazırlanan bir nemətin üzərinə it şəkli çəkmək üçün qanmaz olmaq azdır, insan həm də qudurğan olmalıdır…
Bir müddət əvvəl sosial şəbəkələrdə bir nəfərin lifti çağırmaq üçün ayağından istifadə etməsiylə bağlı görüntülər yayılmışdı. Həmin adamın kimliyi tezliklə məlum oldu. Liftin düyməsinə əliylə toxunmağı özünə rəva bilməyən şəxs “British Petrol”-un(BP) Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse-prezidenti Zaur Paşayev idi. O vaxt BP həmin adam barəsində tədbir görüləcəyini bildirmişdi. Şəxsən mən hansısa tədbirin görülüb-görülmədiyini bilmirəm. Bildiyim bircə odur ki, Paşayev yoldaşın yaxşı vəzifəsi var. Aydın məsələdir ki, vəzifəsi yaxşı olduğu üçün maaşı da yaxşıdır. Buna görə də liftə bir gün təpik atır, o bir gün kəllə. Hətta istəsə, hansısa işçisini pəncərədən aşağı da atar…
Dünən xəbərlərin arasında vurnuxanda DİN-in yaydığı bir məlumat qarşıma çıxdı. Məlumatda deyilir ki, Bakı-Qazax yolunun 60-cı km-də qurulmuş postda Tərtər rayon sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. O, hərəkətini davam etdirərək Bakı-Qazax yolunun 113-cü km-də qurulmuş postda xidmət aparan Şirvan şəhər Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı M.Mirzəlini vurandan sonra hadisə yerini tərk edib. M.Mirzəli sol əlinin bilək nahiyəsinin sınığı ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib”. Pepperoni pizza
Bilirsiniz, sonra nə baş verib? Axşam xəbərlərdə xəsarət alan polis əməkdaşının müsahibəsini dinlədim. Deyir ki, qarşılaşanda E.Məmmədov onun üzünə bozarıb: “Sən kimsən ki, mənim yolumun üstünə çıxrsan?”
Bu, hələ hamısı deyil. Məmmədov Hacıqabul Rayon Polis Şöbəsinə məxsus xidməti “Ford” markalı avtomobilə əyləşdirilərkən arxa sağ şüşəni təpiklə sındırıb. Allah bilir, bəlkə də şöbədə rəisi də danlayıb, ondan tabeliyində olan polis əməkdaşlarına “tərbiyə” verməyi tələb edib...
Sizcə, polisə xəsarət yetirən, polis maşınını təpikləyən bu yoldaş kimdir? Aydın məsələdir ki, yardım üçün Zaur Baxşəliyevin verilişinə müraciət edən 8432 adamdan biri deyil. Hələki adını dəqiqləşdirə bilmədiyim hansısa şirkətin direktor müavinidir. Şirkət varsa, deməli, pul da var. Pul varsa, lotuluq etməyə əsas da var. Bu ölkədə pulun qudurtduğu o qədər adam var...
Koronavirus dünyada 126 milyon insanı işsiz qoyub. Azərbaycanda da işini itirən, bir tikə çörəyə möhtac olan minlərlə insan var. Əməkdar artist Mətanət İsgəndərli dünən belə demişdi: “Adam tanıyıram ki, suya batırıb yeməyə quru çörək tapmır”.
Liftə təpik, polisə kəllə atan adamlar niyə ortaya çıxıb, beş adama kömək etmirlər?
Vaxtilə bir iş adamı öz dostlarına belə demişdi: “Hündür maşında gedəndə yolun kənarındakı adamlar gözümə pişik boyda görünürlər. Bəzən istəyirəm ki, onları əzib xurd-xəşil edim. Amma maşının təkərlərinə heyfim gəlir”.
Bunun adı qudurğanlıqdır! İti yal, insanı pul qudurdur. Qudurğan adamlara quduzluq əleyhinə iynə vurmaq isə biz ziyalıların, jurnalistlərin vəzifəsidir.
Allaha şükür, qələmimiz neştər kimidir…
Seymur Verdizadə
Telegram kanalımız