Bu gün Türkiyədə baş vermiş zəlzələnin ikinci günüdür.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işləri həyata keçiriliblər.
Hazırda Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.
Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.
Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Telegram kanalımız