“Mart ayından başlayaraq hökumət məktəbləri, metronu, böyük ticarət mərkəzlərini bağladı, əslində Avropa ilə pararlel hərəkət etdi. Karantin rejiminin, qadağaların tək bir məqsədi var idi, o da virusun sürətlə yayılmasının qarşısını almaq, zaman qazanmaq, bu zaman kəsimində yeni modul tipli xəstəxanalar tikmək, yeni reanimasiya otaqları yaratmaq, süni tənəffüs aparatları, tibbi avadanlıqlar almaq, dezinfeksiya məhsullarını ölkəyə gətirmək. Yəni martdan başlayaraq tətbiq edilən, aprel ayından isə daha da sərtləşdirilən karantin tədbirləri məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Karantin özü-özlüyündə virusa qalib gəlmir, sadəcə virusun yayılma sürətini azaldır ki, hazırlaşmaq mümkün olsun”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O hesab edir ki, mart-aprel aylarında atılan addımlar, müəyyən qüsurlarla da olsa, doğru addımlar olub: “Sonra hökumət may ayının 18-də SMS-lə evdən çıxma məsələsini ləğv etdi, kafe-restoranların saat 18:00-a qədər işləməsinə icazə verdi, qeyri-ərzaq ticarət mağazaları açıldı. Həmin gün yoluxma sayı 113 idi, ümumilikdə isə ölkədə 3 387 virusa yoluxmuş insan var idi. Daha sərt karantinə keçid günü, yəni 4 apreldə isə yoluxma sayı 78 nəfər olub və ölkədə cəmi 521 nəfər koronavirus xəstəsi var idi. Yəni SMS ləğv edildiyi, hökumətin daha çox açılımla bağlı qərar verdiyi mayın 18-də yoluxma sayı sərt karantin tədbiq edilən gündən 40%-ə yaxın daha çox idi. Ağlı və məntiqi olan hər kəs düşündü ki, bu boyda hökumət yəqin nə etdiyini bilir. Əgər SMS-i ləğv edib iqtisadiyyatı açırlarsa, deməli, artıq səhiyyə sistemini qaydaya salıblar, xəstə qəbulu üçün artıqlaması ilə yer hazırlayıblar, yəqin reanimasiya sayı da artırılıb, süni tənəffüs aparatları da alınıb ki, hökumət rahat açılıma gedir. Bu fikir iyunun 1-də daha da gücləndi. “Mall”lar açıldı, kafe-restoranlara saat 22:00-a qədər işləməyə icazə verdilər və biz də dedik ki, daha ən pis günlər arxada qaldı. Lakin yumşalmanın artdığı gün, yəni iyunun 1-də 168 nəfər virusa yoluxub və bütün qərarları hökumət ictimai müzakirələr aparmadan, təkbaşına verir, deməli, qərarların məsuliyyətini də daşımağı bacarmalıdır. İyunun 6-7də hökumət misli görünməmiş, analoqu olmayan çox sərt “lockdown” elan edir. Belə ki, zibil atmaq olmaz, çörək və dərman belə satmaq olmaz, evdən çıxmaq qəti qadağan olunur və bu hal 14-15 iyunda da təkrar olunur. Yaxşı, yumşalma nədir, üzərindən 3 gün keçməmiş bunu edilməsi nədir?”.
Ekspert həmçinin çıxış yolunu da göstərib: “Hökumət tezliklə mütəxəssislərdən ibarət böhran masası qurmalı, 4 istiqamət üzrə o masa işə başlamalıdır: 1) Səhiyyə, 2) İqtisadi, 3) Sosial, 4) Siyasi-idarəetmə məsələləri. Hökumət anlamalıdır ki, səlahiyyəti öz əlində cəmləməklə məsuliyyəti də öz çiyninə yükləyir, ola bilməz ki, uğuru öz adına, bütün uğursuzluqları isə camaatın adına yazsın…” Pepperoni pizza
Telegram kanalımız