“Diqlas” Ticarət Mərkəzində bu gün baş verən yanğın Fövqəladə Hallar Nazirliyi, xüsusilə qurumun rəhbəri Kəmaləddin Heydərovu ictimai hədəfə gətirib. Yanğının qarşısının vaxtında alına bilməməsi, mərkəzin tamamilə yanması müşahidəçilər tərəfindən FHN-in bacarıqsızlığı kimi qiymətləndirilib. “Yeni Sabah” yanğınla bağlı sosial şəbəkələrdə paylaşılmış bir neçə şərhi təqdim edir:
Ekspert Osman Gündüz:
FHN rəsmisi deyib ki, “Diqlas”da heç bir yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Qanunvericiliyə görə yanğın təhlükəsizliyi sahəsində mövcud standartlar, normalar və qaydalara əməl edilməsini təmin edən qurum elə FHN-dir. Ötən il enerji sektorunda baş verən “3 iyul” böhranı ilə bağlı FHN rəhbəri Prezident yanındakı müşavirədə Azerenerji-nin sabiq rəhbəri Etibar Pirverdiyevin FHN tərəfindən verilən yanğın təhlükəsizliyi ilə bağlı tapşırıqları icra etmədiyini bildirmişdi. Görəsən bu dəfə də FHN-in bu ticarət obyektinə yanğın təhlükəsziliyinə əməl edilməsi ilə bağlı hansısa göstərişləri üzə çıxacaqmı? pizza hut
Əgər belə olacaqsa, deməli onda DİQLAS-ın sahibi FHN generalından da güclü birisi olub. Bütün bunlar isə bir daha onu göstərir ki, ölkədə icra intizamı sahəsində, qanun və qərarların icrası, hesabatlılıq sahəsində problemlər var.
İcra intizamının gücləndirilməsi və icraya nəzarətin təkmilləşdirilməsi üçün ciddi addımlar atılmalıdır.
Hadisənin şahidi olan jurnalist Dünya Sakit:
“Diqlas” Ticarət Mərkəzinin əvvəlcə bir tərəfi yanırdı - yanğın içəri keçməmişdi. İki yanğınsöndürən maşın gəldi, 5 dəqiqə suladı, yanğının qarşısı xeyli alındı. Amma su qurtardı və maşınlar su dalınca getdilər, yanğın isə şiddətlənib bütün mərkəzi ağuşuna aldı. Dəhşətdir vallah, cüzi zərərlə hadisədən çıxmaq mümkün olduğu halda FHN-in qeyri-peşəkarlığı sayəsində onlarla xırda-orta sahibkara milyonlarla manat zərər dəydi.
Jurnalist Azər Həsrət:
Bu “Diqlas” Ticarət Mərkəzinin yanmağı yadıma bir məsələni saldı. Yadımdadır, oranın yerində yaxşı çoxillik şam ağacları vardı. Bu yırtıcılar o ağacları amansızcasına kəsib yerində bu mərkəzi tikdilər. İctimai rəyə tüpürərək özü də. Tək onlarmı etdi bunu? Deyil. Mərkəzin yerləşdiyi Qara Qarayev prostektinin hər iki tərəfində çoxillik ağacları qırıb yerində çoxmərtəbəli ticarət mərkəzləri tikiblər və tikməyə də davam edirlər. Onu da əlavə edim ki, bənzər ağac soyqırımı Ukrayna meydanının üzərindəki Heydər Əliyev parkında da gedir. Özü də çox intensiv şəkildə.
Jurnalist Əli Əhmədov:
Yanğından Mühafizə Xidmətinin rəhbərliyi deyir ki, bu gun yangin olan "Diqlas" TM-də yangin təhlukəsizliyinə əməl olunmayıb. "Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb".
Ən maraqısı da odur ki, bu sadalanan məsələlərə elə Baş Dövlət Yanğından Mühafizə Xidmətinin özü nəzarət etməlidir...
Necə olur ki, yanğından təhlükəsizliyi ilə bağlı bu qədər problemi olan qurum hələ də fəaliyyət göstərə bilirdi? Buradakı vəziyyətə nəzarət edən qurumlar niyə vaxtaşırı bu məsələləri araşdırıb, ticarət mərkəzi rəhbərliyini bu qaydalara əməl etməyə məcbur etmirlər? Axı yanğını qabaqlamaq onu söndürməkdən daha asandır.
Bizdə isə sakitcə gözləyirlər, bilərəkdən və ya bilməyərəkdən bu tələblər ya qoyulmur, ya da onların yerinə yetirilməsinə nəzarət edilmir (halbuki hər ikisi eyni dərəcədə vacibdir), yanğın olanda da Fövqəladə Hallar Naziri çıxıb deyir ki, bəs sahibkarlara kompensasiya verilməyəcək, çünki özəl qurumlardır.
Doğrudur, sahibkarlar öz mallarını və obyektlərini sığortalamalıdırlar, bu onların borcudur. FHN-nin də borcu yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət etməkdir. Bu qaydalarda çox məsələlər var, obyektdə yanğın mühafizə sisteminin qurulmasından tutmuş, binanın yaxınlığında, yanğın söndürən maşınlara mane ola biləcək yerlərdə avtomobil dayanacağının qadağan edilməsinə qədər. Buna kim, və necə nəzarət edir? Məsələ budur.
Araşdırmaçı Xəqani Cəfərli:
Yarandığı gündən bu günə kimi texnika alınmasına bir neçə milyard manat sərf etmiş Fövqəladə Hallar Nazirliyinin paytaxtın ən çox insan məskunlaşan bir ərazsində yanğını uzun müddət söndürə bilməməsi bu nazirliyin fəaliyyətinin bərbad olmasından xəbər verir. Prezident İlham Əliyev ən qısa müddətdə Kəmaləddin Heydərovu fövqəladə hallar naziri vəzifəsindən azad etməlidir. Bu addım “Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərər görmüş vətəndaşlara bir təsəlli olardı.
Düşünürük ki, bu bir neçə mövqeni təqdim etmək ümumi fikri ifadə edir. Amma daha bir maraqlı məqam var. Bu gün bəlkə də nazir Kəmaləddin Heydərov qədər FHN-in mətbuat xidmətinin yeni rəhbəri Yəhya Babanlı da hədəfdə idi. Səbəb?
Yazının sonunda təqdim etdiyimiz fotoda sağdakı Y. Babanlının şəklidir. Yanğın zamanı külə dönmüş “Diqlas”ın fonunda çəkilən foto aşağıda qeyd etdiyimiz “təqdimat”la tənqid olunur:
“Bu gün "Diqlas" Ticarət Mərkəzində baş vermiş məlum dəhşətli yanğın. İçəridə yüzlərlə kiçik sahibkarların qəpik-qəpik topladıqları sərmayə yanır.
Gözüyaşlı zərərçəkən dükan sahibləri pərişan durumda.
FHN alovu söndürə bilmir. Alov yaxınlıqdakı ticarət obyektlərinə də keçir, ərazidə tüstüdən zəhərlənən insanları təcili tibbi yardım maşınları xəstəxanaya aparırlar.
Və bütün bunların fonunda Fövqəladə Hallar Nazirliyinin yeni, "çiçəyi burnunda" mətbuat katibi hörmətli Yəhya Babanlı sevincək foto çəkdirir!
Bu foto ilə bağlı nə yazacağımı bilmədim... Sadəcə anlaşılmazdır!!!”.
Telegram kanalımız