Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, əslən Şuşadan olan jurnalist Bəxtiyar Məmmədli ilə Milli Məclisdə görüşüb, Şuşanın azad olunması münasibəti ilə onu təbrik edib, gələcək planları ilə maraqlanıb.
Yenisabah.az xəbər verir ki, görüşdə, Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhərinin mədəniyyət təsərrüfatının, o cümlədən media orqanlarının bərpası və ya yenilərinin qurulması istiqamətində, habelə jurnalistin özünün yaradıcılıq planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzəffər Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə təmin etdiyi tarixi zəfərin ən yeni Azərbaycan tarixinin parlaq səhifəsi, yeni dönəm təşkil etdiyi vurğulanan görüşdə Şuşanın işğaldan azad edilməsinin Qarabağ zəfər dastanında ən həlledici amil kimi qəbul edildiyi bildirilib. Şuşa qalibiyyətinin özlüyündə həm strateji həm də rəmzi anlam daşıdığı qeyd edilib. pizza
Qənirə Paşayeva bir insan üçün ən geriverilməz itkinin uşaqlığın əldən alınması, başqa sözlə, yaşanmamış uşaqlıq xoşbəxtliyi olduğunu, Ermənistanın on minlərlə azərbaycanlı uşağın xoşbəxtliyini oğurladığını vurğulayıb: “Siz Şuşadan çıxanda uşaq idiniz, öz uşaqlığınızı Şuşada qoyub gəlmişdiz, çox şükürlər, indi sizin uşaqlarınız doğma Şuşada xoşbəxt yaşaya biləcək”.
Bəxtiyar Məmmədli əziz Şuşanın, ümumiyyətlə Qarabağ torpaqlarının tam azad ediləcəyi ilə bağlı həmişə sarsılmaz inama malik olduğunu bildirərək, qələm adamlarının ictimai fikrə məhz inam aşılamalı olduğunu söyləyib.
Bəxtiyar Məmmədli səmimi görüş və xoş arzuları, təbrikləri üçün Komitə sədrinə təşəkkür edib.
Telegram kanalımız