Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treyninqlərin keçirilməsinə start verib.
Əmlak Məsələləri Dövlət Komitəsinin “Yeni Sabah”a verdiyi məlumata əsasən, bunun üçün torpaq müfəttişlərindən ibarət işçi qrupu yaradılıb. İlk treyninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı, Xaçmaz rayonlarında keçirilib.
Bildirilib ki, torpaq müfəttişləri ərazilərin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması ilə bağlı genişmiqyaslı işlər aparmalı, baş verən neqativ hallar barədə dövlət qurumlarını məlumatlandırmalıdır.
Qeyd edilməlidir ki, aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Müvafiq qurumlar tərəfindən mühafizə zonasına düşən torpaqların qanunsuz olaraq fiziki və ya hüquqi şəxslərə ayrılması, bələdiyyələr və vəzifəli şəxslər tərəfindən təyinatına zidd olaraq torpaqla bağlı qərarların verilməsi halları müəyyənləşdirilir.
Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bir sıra hallarda torpaqlar birbaşa məqsədləri ilə deyil, yaşayış, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin münbit qatı korlanaraq orada tikinti işləri aparılır.
Telegram kanalımız