Koronovirus bəlasına “ilişən” ulduzlar -   Aralarında azərbaycanlılar da var

saytların hazırlanması

Evə çatdırılma

Koronovirus bəlasına “ilişən” ulduzlar - Aralarında azərbaycanlılar da var

İdman

06 Fevral 2020 12:43 2590


Çində yayılan və tez bir zamanda digər ölkələrə də keçən ölümcül koronovirus orada yaşayan futbolçuları da təşvişə salıb. Digər ölkələrdən Çinə üz tutan məşhur futbolçuların işləri bu bəlaya “ilişib” və ölkəni tərk etmək istəyirlər. Belə ki, bir çox legioner oyunçu öz sosial hesablarında maska ilə şəkillərini paylaşıb, narahatlıqlarını ifadə ediblər. Onlardan bəziləri yaranmış duruma görə Çini tərk etmək fikrindədir. 

FİFA qaydaları da onlara haqq qazandırır. Qaydalara görə, əgər futbolçu sağlamlıq və can təhlükəsi yaşayarsa, sözləşməsini təktərəfli dayandıra bilər. 

“Yeni Sabah” sözügedən futbolçularla bağlı araşdırma edib. Həmin araşdırmanı təqdim edirik: Dominos pizza

Anderson Taliska

Koronovirus səbəbindən ölkəni tərk etmək niyyətində olan futbolçulardan biri də Taliskadır. Çinin yuxarı liqasında mübarizə aparan “Quançjou Everqrand” klubunun üzvü olan brazilyalı futbolçu öz “İnstagram” hesabından maska ilə şəkil paylaşaraq qorxusunu ifadə edib. Epidemiya səbəbindən ölkədə bütün növ idman yarışlarının dayandırılması da 26 yaşlı yarımmüdafiəçini narahat edən məsələdir. Braziliya mətbuatında gedən xəbərlərə görə, “Palmeras” klubu (Braziliya) futbolçu ilə danışıqlara başlayıb. Hətta bunun üçün Çin klubu ilə də danışıqlar gedir. Heyətində keçmiş “Qalatasaray”lı Felipe Melonun da olduğu “ağ-yaşıllar” Çin klubunun yarımmüdafiəçiyə verməli olduğu pulu öz öhdəsinə götürə bilər. Maraq üçün bildirək ki, 2016-2018-ci illərdə Türkiyənin “Beşiktaş” klubunun şərəfini qoruyan və “ağ-qaralar”ın heyətində böyük sevgi qazanan braziliyalı forvard 2018-ci ilin iyununda Çin təmsilçisinin heyətinə qatılıb.

Oskar Cuniyor

Çin klubunda çıxış edən daha bir brazilyalı ulduz Oskar Cuniyordur. Yuxarı dəstə klubu “Şanxay SİPQ”in yarımmüdafiəçisi də ölkəni tərk etmək niyyətindədir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. 28 yaşlı futbolçu sosial şəbəkə hesabında maska ilə şəkil paylaşaraq mövcud vəziyyəti izah etməyə çalışıb. 

Qeyd edək ki, Oskar İngiltərənin “Çelsi” klubunun sabiq üzvüdür. O, 2012-2016-cı illərdə “zadəganlar”ın heyətində 203 oyuna çıxıb və 38 qola imza atıb. Orada böyük sevgi qazanan futbolçu 2017-ci ildə Premyer Liqa təmsilçisindən Çin klubuna keçib. Deyilənlərə görə, yarımmüdafiəçinin Çin təmsilçisini seçməyinə səbəb yüksək maaş olub. Maraq üçün bildirək ki, futbolçu ilinə 25 milyon dollar qazanır. 

Vitor Pereira

Türkiyənin “Fənərbaxça” klubunun portuqaliyalı sabiq baş məşqçisi Vitor Pereira da “koronovirus məskəni”ndədir. Belə ki, 51 yaşlı mütəxəssis hazırda Çinin “Şanxay SİPQ” klubunun çalışdırıcısıdır. Xarici mətbuatda gedən xəbərlərə görə, Pereira ölkədə idman yarışlarının dayandırılmasından narahatlığını bildirib. Bu səbəbdən o, çempionatın bərpa olunmasına qədər məşqləri davam etdirmək qərarına gəlib. Çalışdırıcı futbolçuları bağlı məkanda məşq etdirir və onların məşq prosesinə həkimlər tərəfindən nəzarət olunur. 

Qeyd edək ki, baş məşqçi 2015-2016-cı illərdə İstanbul təmsilçisini çalışdırıb. Mütəxəssis 2018-ci ildə Çin klubuna keçib. 

Tusko Tosiç

“Beşiktaş” klubunun daha bir sabiq futbolçusu Tosiç də virusdan narahat olan idmançılardan biridir. 35 yaşlı mərkəz müdafiəçisi də “İnstagram” hesabından maska ilə şəkilini yayıb. Onun xarici klublarla danışıq apardığı deyilir. 

Qeyd edək ki, serbiyalı futbolçu 2012-2015-ci illərdə “Gənclərbirliyi”ndə, 2015-2018-ci illərdə isə “Beşiktaş” klubunda (hər ikisi Türkiyə) çıxış edib. Çin təmsilçisi “Quanzou”dan yüksək maaş təklifini alan futbolçu klubunu dəyişməyə razılıq verib. 

Marek Hamşik

Slovakiya yığmasının üzvü Hamşik Çinin “Dalyan İfan” klubunun şərəfini qoruyur. Yaranmış vəziyyətdən narahat olan 32 yaşlı yarımmüdafiəçinin artıq Çini tərk etdiyi deyilir. Bu barədə onun meneceri açıqlama verib. Çexoslovakiyalı futbolçunun meneceri xarici mətbuata açıqlamasında bunları deyib: “Marek Slovakiyaya qayıtdı. Çindəki vəziyyəti görürsünüz. Asan bir vəziyyət deyil”. 

Qeyd edək ki, yarımmüdafiəçi ötən ilin fevralında Çin təmsilçisi ilə sözləşmə imzalayıb.

Sedrik Bakambu

2014-2015-ci illərdə “Bursaspor”un (Türkiyə) şərəfini qoruyan 28 yaşlı hücumçu Çində yayılan epidemiyanın güdazına gedib. Belə ki, yaranmış vəziyyətdən dolayı, Çin təmsilçisi “Beyinq Quan”dan ayrılmaq niyyətində olan fransalı futbolçu üçün “Barselona” (İspaniya) klubundan təklif gəlib. Sözləşmə imzalamaq üçün ölkəni tərk edən hücumçu son anda şokedici xəbərlə sarsılıb. Katoloniya klubunun idman direktoru ona zəng edərək “Müqavilə imzalanmayacağıq” deyib. Xarici KİV-də yayılan xəbərlərə görə, “Barselona”nın transferdən son anda imtina etməsinin səbəbi Çində yayılan koronovirus olub. Kotoloniya klubu Çində yaranmış duruma görə, futbolçudan da şübhələnib. Deyilənlərə görə, futbolçu bu olaydan sarsılıb. 

Qeyd edək ki, Çində yaranmış vəziyyət digər qonşu ölkələrə də təsirsiz ötüşməyib. Ona qonşu olan Taylandda yaşayan azərbaycanlı futbolçuların da karyerası bu bəlaya "ilişib". Onlar da yaranan durumdan narahatdır və ölkəni tərk etmək, klublarını dəyişmək istəyirlər. Mahsun Qənbərli, Röyal Nəcəfov, Kamil Hüseynov və Məmməd Quliyev epidemiyaya görə, ölkəmizə qayıtmağa hazırlaşırlar. Onlar açıqlamalarında vəziyyətin kritik olduğunu, epidemiyanın sürətlə yayıldığını bildirmişdilər. Bilet tapmaqda çətinlik çəkən futbolçlarımız tez bir zamanda ölkəyə qayıtmaq istədiklərini vurğulamışdılar. Vəziyyətin kritikliyi Məhsun Qəriblinin bu ölkə klubundan gələn təklifi rədd etməsindən də açıq-aydın görünür.

Əlavə edək ki, karyerasını Azərbaycanda da keçirmiş bəzi futbolçular hazırda Çin klublarındadır. Məsələn, bir neçə gün öncə “Qarabağ”ın futbolçusu Dani Kintana Ağdam klubundan ayrılıb. Yarımmüdafiəçi Çinin “Chengdu Better City” klubuna transfer edilib. Müqavilənin şərtləri barədə ətraflı məlumat verilməyib. Eyni zamanda 2016-2017-ci illərdə “Qarabağ”ın şərəfini qorumuş Dini Ndlovu da hazırda karyerasını Çində davam etdirir. Belə ki, hücumçu Çinin birinci dəstə təmsilçisi “Xançjou Qrintaun”un üzvüdür.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!