Kriminal avtoritet Bəhruz Rəfiyev hədə-qorxu ilə pul tələb etdiyinə görə həbs edilib.
“Yeni Sabah”ın məlumatına görə, adı istintaq sirri olduğu üçün gizli saxlanılan vətəndaş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi ərizə ilə müraciət edərək ondan hədə-qorxu ilə pul tələb olunduğunu bildirib. Baş idarə tərəfindən dərhal peşəkar əməliyyatçılardan ibarət qrup yaradılıb və azyaşlını oğurlayan Rəfiyev Bəhruz Əfqan oğlu həbs edilib və ona qarşı cinayət məcəlləsinin 144.3-cü (Adam oğurluğu- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə xəsarət yetirmə ilə törədildikdə) və 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. B.Rəfiyev barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, B. Rəfiyev 2016-cı ildə "Bulaq" restoranında baş verən atışmada iştirak etdiyi üçün həbs edilib. Belə ki, cinayət hadisəsi 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev, Hüseyn Hüseynov və Samir Allahyarov tutulublar. Xatırladaq ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. 2018-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Tofiq Qaramizadə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Atışma hadisəsi kriminal aləmdə nüfuza malik olan Lotu Quli ləqəbi ilə tanınmış Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib. Toyuqlu pizza
Azər İsrafilov
Telegram kanalımız