“İndiyə qədərki proseslərə və Azərbaycanın son günlər atdığı addımlara nəzər salsaq, görəcəyik ki, artıq rus hərbçilərinin müvəqqəti dislokasiya edildiyi Qarabağın dağlıq hissəsində sözün əsl mənasında narahatlıq hiss olunmaqdadır. Hesab edirəm ki, Azərbaycan tərəfinin Xankəndidə həm ekologiya ilə bağlı məsələləri yoxlaması, həm də bunun fonunda medianın orada apardığı çəkilişlər onu göstərir ki, deməli, artıq vaxt yetişib ki, biz proseslərə birbaşa müdaxilə etməli və belə demək mümkündürsə, rus hərbçilərin orada etdiyi hərəkətlərin qarşısını almalıyıq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib.
Politoloq Qarbağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin komandanı, general-mayor Andrey Volkovun Azərbaycan mediasına verdiyi müsahibədə ərazidə gömrük postlarının qurulacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Pepperoni pizza
Mütəxəssisə görə, sülhməramlıların komandanı Andrey Volkovun müvəqqəti yerləşdikləri Qarabağ ərazisində gömrük postlarıyla bağlı verdiyi açıqlamada tam olaraq bu əraziyə kimin nəzarət edib-etməyəcəyi ilə əlaqədar məsələyə toxunmaması ondan xəbər verir ki, bu, Moskva ilə Bakı arasında gedəcək danışıqlardan və əldə olunacaq razılıqlardan asılıdır:
“Bu günə qədər olan proseslərə nəzər salsaq, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan tərəfinin ortaya qoyduğu qəti mövqe yaradılacaq gömrük postlarında Azərbaycan hərbçiləri rus hərbçiləri ilə bir yerdə həmin postlarda xidmət həyata keçirə bilərlər. Hesab edirəm ki, gömrük işçiləri azərbaycanlılardan ibarət, gömrük postlarına nəzarətin həyata keçirilməsi isə müştərək şəkildə olacaq. Çünki ora Azərbaycanın suveren əraziləridir, o baxımdan da, fikrimcə, həmin gömrük postlarında Azərbaycan hərbçilərinin xidmət keçməsi məqbuldur və bu, mütləqdir”.
S.Hümbətovun fikrincə, əgər razılaşma əldə olunsa, Azərbaycan hərbçiləri rus hərbçiləriylə birlikdə orada xidmət keçəcək, Azərbaycan gömrükçüləri isə müvafiq gömrük məntəqələrində fəaliyyət göstərəcəklər:
“Fikrim bu yöndədir. Yəni inanmıram ki, Azərbaycan tərəfi bu vəzifəni təkbaşına rus hərbçilərinin öhdəliyinə verə. Onsuz da 2 ildən artıqdır ki, rus hərbi kontingentinin oradakı təkbaşına nəzarəti ciddi mənada heç bir müsbət irəliləyiş verməyib, əksinə, problemləri daha da qabardıb. O baxımdan, məncə, rəsmi Bakı rus sülhməramlılarına icazə verməz ki, təkbaşına, öz bildiyi kimi orada hansısa bir fəaliyyət həyata keçirsinlər. Bilirəm ki, Azərbaycan tərəfi qəti mövqe ortaya qoyub həmin ərazidə gömrük postları və hərbçilərimizin xidmətinə nail olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız