Keçmiş vəkil Əlayif Həsənov Vəkillər Kollegiyasının Rəyasət Heyətini məhkəməyə verib.
“Yeni Sabah”ın məlumatına görə, Bakı İnzibati Məhkəməsində hakim Elnur Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilsə də, növbəti proseslər pandemiya səbəbindən təxirə salınıb və may ayının 18-nə təyin edilib.
Keçmiş vəkil iddia əizəsində göstərib ki, Vəkillər Kollegiyası 2017-2019-cu illərdə onun imtahanlarla bağlı ərizələrinə baxmayıb: “2017-ci il dekabrın 16-dan başlayaraq hər il keçmiş vəkillər üçün keçirilən imtahanlarda iştirakı üçün Vəkillər Kollegiyasına müraciətlər göndərmişəm. pizza
Kollegiya yalnız “müraciətlərinizə cavab veriləcək” cavabı ilə kifayətlənib. 2020-ci ilin yanvarında isə kollegiya biləndə ki, mən iddia ilə məhkəməyə müraciət etmişəm, məni şifahi imtahana dəvət edib. Lakin bilmirəm, məni 2017-ci ildə göndərdiyim müraciətə görə çağırıblar, 2018-ci ildə göndərdiyim müraciətə görə, yoxsa 2019-cu ildəkinə görə? Qanun ildə bir dəfə müraciət hüququ nəzərdə tutur”.
Vəkillər Kollegiyasının nümayəndəsi isə bildirib ki, Ə.Həsənov ilk müraciəti 2017-ci ilin dekabrında göndərib və onun baxılmasına 2018-ci ildə başlanılıb: “Ona görə də bunu 2018-ci ilin müraciəti kimi qəbul etmək lazımdır. Kargüzarlıq daxil olmuş müraciəti qeydiyyata alıb. Həmin dövrdə qəbul imtahanlarının sayı məhdud idi. Həsənovun müraciətlərinə cavab verilib və dəfələrlə izah olunub ki, əvvəl vəkil işləyən şəxslər müsahibə komissiyayasına sənədlər verməlidir. Sənədlər demək olar ki, eynidir”.
Qeyd edək ki, Əlayif Həsənov vətəndaş fəallarının hüquqlarının müdafiəsi ilə tanınır. O, hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarının müdafiəsində iştirakı zamanı Vəkillər Kollegiyasından kənarlaşdırıllıb. Buna L.Yunusun kamera yoldaşının hədələrinə məruz qalması barədə bəyanatının vəkil tərəfindən açıqlanması səbəb olub.
Azər İsrafilov
Telegram kanalımız