Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ayrı-ayrı vətəndaşlara məxsus qanuni əmlakları ələ keçirmək istəyir.
Xatırladaq ki, Eldar Mahmudov MTN rəhbəri olduğu dönəm ərzində Bakı şəhərində yerləşən “Dolçasaray” MMC-yə məxsus yaşayış binasını inşa edən iş adamlarına hədə-qorxu gəlməklə, oğlunun adına bir neçə mənzil almasına dair hüquqi qüvvəsi olmayan müqavilələr yazdırıb.
Ancaq Eldar Mahmudovun özünün və MTN-də yaratdığı mütəşəkkil cinayətkar qruplaşmanın ifşasından sonra MTK rəhbərliyi Mahmudovun adına yazdığı mənzilləri ona verməkdən imtina edib.
Bir qrup vətəndaş isə adıçəkilən MTK-ya ödəniş edərək özlərinə mənzil alıb və təmir ediblər.
Həmin şəxslər 10 ildən artıqdır ki, ÇIXARIŞlı mənzillərində yaşasalar da, mahmudovların Bakı Apelyasiya Məhkəməsinin rəhbərliyi və hakim Məmməd Məmmədovla gizli işbirliyi nəticəsində onlar öz qanuni əmlaklarından məhrum edilmək riski ilə üz-üzə qalıb.
“Yeni Sabah” bildirir ki, məsələ ilə bağlı Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, birinci instansiya məhkəməsi vətəndaşların mülkiyyət hüququnun toxunulmaz olmasına dair qərar çıxarsa da, sonradan Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədov Konstitusiyaya və qanunlara zidd qərar çıxarıb.
Məlum olub ki, Anar Mahmudov həmin mənzilləri MTK-dan almasına dair şirkətin hesabına hər hansı məbləğ mədaxil etməyib.
Belə ki, Anar Mahmudovun məhkəməyə təqdim etdiyi sənəddə nə mənzilin dəyəri, nə də hər hansı ödənişə dair rəqəm və qəbzlər var.
Bu fakt kifayətdir ki, həmin mənzillərin Eldar Mahmudov tərəfindən hədə-qorxu ilə əldə olunması təsdiqlənsin.
Hətta mahmudovlar o binadan mənzil almış olsalar belə, burada məhkəmə öhdəliyi vicdanlı alıcı olan digər vətəndaşların üzərinə deyil, MTK-nın üzərinə qoymalıdır.
Amma hakim Məmməd Məmmədov qanunları heçə sayaraq, vətəndaşları öz əmlaklarından məhrum etmək istəyir.
Sayta açıqlamasında mülkiyyət hüquqlarına Məmməd Məmmədov tərəfindən qəsd olunan vətəndaşlar bildirir ki, qərardan sonra hakim “məsələ mənlik deyil” deyər ismarıc yollayaraq, məsuliyyəti dolayısı yolla Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun üzərinə atıb.
Hazırda Ali Məhkəməyə kasasiya şikayəti hazırlayan vətəndaşlar, sonuncu instansiya məhkəməsində ədalətli qərar qəbul olunacağına inamlarını ifadə edib.
Onlar, həmçinin Məhkəmə-Hüquq Şurasının hakim Məmməd Məmmədov barəsində intizam icraatı başlatması üçün də mübarizə aparacaqlarını bəyan edib.
Məmməd Məmmədovun qanunları tapdalayaraq, Baş Prokurorluqda “MTN İşi” çərçivəsində aparılan istintaqa cəlb olunan və illərdir ki, istintaqdan yayınan Anar Mahmudova lobbiçilik etməsi də ayrıca araşdırma mövzusudur.
Telegram kanalımız