“Dövlətimizin bütün dövrlərdə cəmiyyətin güzgüsünə çevrilən, hər bir ölkənin inkişaf səviyyəsini göstərən mətbuatın fəaliyyətinin stimullaşdırılması, media mühitinin sağlamlaşdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu gün artıq yeni dövrün yeni reallıqlarını yaşayırıq. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həllivacib məsələlər qoydu. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, hər bir sahədə möhkəm təməl uğurların davamlılığında əhəmiyyətli rol oynayır: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi ilə mətbuatımızın qarşısında yaranan imkanlar zaman keçdikcə daha da genişlənir, dövrün tələblərinə uyğun olaraq qarşıya çıxan vəzifələrin yerinə yetirilməsi üçün medianın fəaliyyətini tənzimləyən qanunda əlavə və dəyişikliklərə, o cümlədən yeni qanunun qəbuluna zərurət yaranır. Məlum olduğu kimi, “Media haqqında” Azərbaycan Respublikasının yeni Qanunun qəbulu da bu zərurətdən yarandı. Belə ki, 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun o dövrün reallıqlarını əks etdirirdi. Zaman keçdikcə ölkəmizin həyatında baş verən yeniliklər, eyni zamanda, hər bir sahənin inkişafına geniş imkanlar yaradan, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızda da yeniləşməni bir tələb kimi qarşıya qoyurdu. Bu baxımdan mətbuatın inkişafında yol xəritəsi kimi dəyərləndirilən “Media haqqında” Qanun özündə 78 maddəni ehtiva edir və burada əks olunan hər bir müddəa çağdaş mətbuatımız qarşısında yeni vəzifələr qoyur. Təbii ki, hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün birgə səylərin göstərilməsi, qüvvə və bacarıqların səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir mətbu orqan “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri sözdə deyil, əməldə yerinə yetirsə, düşünürük ki, azad və demokratik ölkəmizdəki mühitin daha da təkmilləşdirilməsinə, sağlamlaşdırılmasına öz böyük töhfəsini verə bilər.”
“Hər zaman bu reallığı təqdirəlayiq hal kimi qeyd edirik ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bütün bu reallıqları görməzdən gəlib Azərbaycanı qərəzli surətdə “qeyri-azad ölkə”lər sırasında qeyd edən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatları ilə bağlı dövlət başçısı İlham Əliyevə ünvanlanan sualların cavabı daim bu olur ki, internetin azad olduğu ölkədə mətbuata hər hansı qadağalardan söhbət gedə bilməz. Azərbaycanda azad sözə, fikrə böyük dəyər verilir. Hər kəs öz fikirlərində sərbəstdir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil”, - Baş redaktor bildirib.
Vüqar Rəhimazədə vurğulayıb ki, Azərbaycan dövlətinin, cəmiyyətinin mətbuatdan gözləntiləri də dövrün reallıqlarına uyğun dəyişir. Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqların daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir.
"Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsini və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək” söyləyən Baş redaktor qeyd edib ki, Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından böyük önəm kəsb edir.
Telegram kanalımız