Məktəblərdə qorxulu dönüş: Şagirdlər niyə qəfil aqressivləşir?

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə qorxulu dönüş: Şagirdlər niyə qəfil aqressivləşir?

Sosial

03 May 2026 10:48 222


Son illər məktəblərlə bağlı xəbərlər artıq yalnız təhsil uğurlarından yox, getdikcə daha çox narahatedici hadisələrdən bəhs edir. Sinif yoldaşının digərini yandırmağa cəhd etməsi, məktəbin tualetində amansız döyülmə görüntüləri, hətta bıçaqlanma halları… Bunlar tək-tək insidentlər deyil, cəmiyyətin diqqətindən qaçmayan və getdikcə sıxlaşan bir mənzərənin parçalarıdır. Ən təhlükəlisi isə odur ki, bu hadisələrin qəhrəmanları nə kriminal keçmişi olan şəxslər, nə də yetkin cinayətkarlardır, əksinə, onlar məktəblilərdir.

 Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Fəridə Şərifova bildirib ki, bu hallar sistemli problemin əlamətləridir:

“Bu suallar son vaxtlar  bir çox valideyni və mütəxəssisi narahat edir və açığı, ortada “tək səbəb” yoxdur. Bu  hadisələr sistemli bir problemin əlamətləridir .

Son illərdə cəmiyyətimizdə aqressiyanın artmasının əsas səbəblərinə baxsaq burda bir neçə faktor üst-üstə düşür.

İlk olaraq emosional savadsızlıqdan danışmaq istəyirəm.

Uşaqlarımızı böyüdərkən  çoxuna “nə hiss edirsən?” sualı verilməyib, sadəcə  “özünü bu cür apar!, belə et, belə davran, belə danış” kimi göstərişlər verilib. Halbuki uşağın hər bir narahat və aqressiv davranışının ardında mütləq ki, bir duyğu gizlənir. Duyğunu düzgün tanımadan davranışı düzgün şəkildə korreksiya etmək mümkün deyil. Nəticədə, uşaqlarda qəzəb  yeganə hisslərini  ifadə forması olur,  inciklik, utanc, qorxu aqressiyaya çevrilir.

Daha sonrakı əsas səbəb olaraq rəqəmsal təsir və zorakılığın normallaşmasını götürə bilərik.

“TikTok” və digər sosial şəbəkələr , oyunlar, videolarda  zorakılıq çox vaxt ya “əyləncə”, ya da “güc” kimi təqdim olunur. Uşaqlar tərəfindən  isə  empatiya hissi  formalaşmadan bu görüntülər təqlid olunur”.

Psixoloq qeyd edir ki, valideynlər arasında konflikt, sərt cəza üsulları və ya emosional laqeydlik uşaqlarda gərginliyi artırır:

“Digər önəmli səbəb, ailə daxilində gərginlik, ailə münasibətlərində çatışmazlıqlar özünü göstərir.

Açıq demək lazımdır ki,  valideynlər arasında konflikt, sərt cəza və ya laqeydlik, emosional yaxınlığın olmaması uşağın daxilində yığılan gərginliyi artırır. Uşaq bunu sözlə yox, davranışla “danışır”.

Məktəbdə nəzarət və münasibət problemləri də mövcud mənzərəni ortaya qoyan fakatorlardandır.

Bir çox məktəblərdə  bullinqə gec reaksiya verilir, müəllim-şagird münasibəti daha çox “nəzarət” üzərində qurulur, psixoloji dəstək formal xarakter daşıyır . Uşaq özünü təhlükəsiz hiss etməyəndə ya qurban olur, ya da aqressor.

Ailədən gəlir, yoxsa məktəbdən?

Bu sualı “ya o, ya bu” kimi qoymaq bir az yanıltıcıdır. Daha dürüst cavab budur:

Ailə – təməl verir, məktəb – onu aktivləşdirir və ya zəiflədir.  Ailədə uşaq emosiyanı necə idarə etməyi öyrənir, məktəbdə isə bu bacarığın “testi” olur. Yəni iki sistem bir-birini ya qoruyur, ya da daha da zədələyir”.

Mütəxəssis aqressiyanın ən çox 12–16 yaş aralığındaa müşahidə edildiyini qeyd edib:

“Aqressiyanın kəskin müşahidə edildiyi ən qabarıq dövr: 12–16 yaşdır. (erkən və orta yeniyetməlik)

Səbəbləri hormonal dəyişikliklər olduğu üçün  uşaqlarda impulsivlik artır, şəxsiyyət formalaşması dönəmi olduğu üçün  qəbul olunma ehtiyacı qrupa uyğunlaşmaq üçün sərt davranışlar, valideyn və müəllimlə qarşıdurma baş verə bilir.  Bu dövrdə uşaq: “Məni başa düşmürlər” hissi ilə yaşayır, amma bunu izah etməyi bacarmır. Nəticədə davranış dili sərtləşir. Bu dönəmdə uşaqlara psixoloji dəstək çox böyük önəm daşıyır və zamanında müraciət olunduqda faciəvi halların qarşısı alına bilir. Bu baxımdan ehtiyatlı olmaq, uşaqlara düzgün mütəxəssisə yönləndirmək vacibdir.

Əslində heç bir  uşaq “pis” deyil. Onlar sadəcə emosiyasını idarə etməyi bilməyən,  özünü ifadə etmə kanalları olmayan, bəzən də görülməyən uşaqlardır. Bu isə sadəcə onların deyil hamımızın problemidir.  Aqressiya çox vaxt güc yox, kömək çağırışıdır”.

 Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!