Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib ki, son 5-6 gün ərzində Tbilisidə mart-aprel ayları üçün otel rezervasiyalarının 90%-ə yaxını ləğv olunub. Onun sözlərinə görə, buna səbəb koronavirus təhlükəsinin getdikcə böyüməsidir.
Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə fəaliyyət göstərən otellərdə rezervasiyaların ləğv olunmasıyla bağlı faktlar varmı?
Mövzu ilə əlaqədar Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxlasaq da, bu barədə məlumat verməkdən imtina etdi: "Bizim mövqeyimiz belədir ki, əhalidə panika yaratmaq olmaz. Bu məsələni qabartmasaq, daha yaxşı olar. Belə həssas məqamda KİV-in üzərinə düşən başlıca vəzifə insanlarda panika yaratmamaqdır. Virus o qədər də dəhşətli olmaya bilər, panika isə dəhşətli ola bilər".
Yəqin ki, hörmətli Kənan Quluzadə də bilməmiş deyil ki, sual vermək jurnalistin, cavab vermək isə məmurun borcudur. Məmur, xüsusən də mətbuatla işləyən məmur sualları cavabsız qoymaqla təmsil etdiyi qurumun adı ərtrafında lazımsız söz-söhbətlərin, şübhələrin yaranmasına rəvac verir.
Bu da bizdən məsləhət... Telegram kanalımız