Meyxanaçı Baləli “Cip”lə, alim Məmmədəli boş ciblə gəzir... 

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Baləli “Cip”lə, alim Məmmədəli boş ciblə gəzir... 

Maraqlı

07 Fevral 2023 21:00 19381


Yəqin ki, ötən gün Türkiyədə dəhşətli zəlzələ baş verməsəydi, sosial şəbəkələrin Azərbaycan seqmenti hələ də meyxanaçı Baləlini müzakirə edirdi. O şəkli mən də gördüm. Axırıncı dəfə bu qədər adamı harda gördüyümü yadıma sala bilmirəm. Son bir neçə ildə şəhid dəfnləri istisna olmaqıla Azərbaycanda bu qədər insanın bir araya gəldiyini xatırlamıram.  

Həmin gün də dəfn mərasimi vardı. Amma bu dəfə canını Vətən uğrunda fəda edən hansısa igidimizi dəfn etmədik. Bu dəfə həmişə varlığıyla öyündüyümüz mədəniyyətimizi, mədəni səviyyəmizi dəfn etdik. Həm də deyə-gülə, sevinə sevinə... 

Baləlinin adını ilk dəfə bu günlərdə eşitmişəm. Qınamayın, meyxana həvəskarı deyiləm. Onun da əlindən meyxana deməkdən savayı fərli-başlı bir iş gəlmədiyi üçün heç vaxt yollarımız kəsişməyib. Buna görə zərrə qədər də məyus deyiləm. Yəqin ki, heç Baləlinin də vecinə deyil.  pizza mizza

O şəkil məndə maraq oyatdı. Bu qədər insanı bir araya gətirmək zarafat deyil. Sabah Anar, Elçin, Çingiz Abdullayev imza günü keçirsə, nə qədər adam gələr? Əkrəmin imza gününə iki cüt, bir tək adam gəlmişdi. Hansı ki, özünü Anardan, Elçindən, Çingizdən zəif yazıçı saymır...

Dedim axı, meyxananı sevmirəm. Amma meyxanaya nifrət də eləmirəm. Cümlə-fəlakətlərimizin baiskarının meyxana olduğunu da düşünmürəm. Zövqlər müxtəlifdir. Bizə qalır sayğı duymaq. 

Bu gün bilmişəm ki, Baləli özünün qara “Range Rover”i ilə kameraya düşüb. Bu xəbərin linkini yollayan dostum and-aman elədi ki, həmkarı Pərviz Bülbülə ilə deyişmə zamanı dediyi “Mən qara Range Roverəm, sən bala Chevrolet” qafiyəsi ilə trendə çevrilən Baləli təkcə özünü deyil, həm də bu maşını populyarlaşdırıb. İnanmaya bilərsiniz, amma Baləlinin sayəsində qara “Range Rover”in satışında artım müşahidə olunurmuş... 

Dostum məndən Baləlinin sürdüyü qara “Range Rover”in qiymətini bilib-bilmədiyimi soruşdu. Bu dəfə lap əsəbləşdim: “Bilmirəm, heç bilmək də istəmirəm”. 

Dedi ki, heç olmasa, bunu bil: "Həmin “Range Rover”in nömrəsi ilə sənə babat bir "Çeşka" almaq olar”. 

Təkcə sadə insanlar deyil, hətta bir çox yaradıcı adamlar da meyxanaçıların paxıllığını çəkir. Qırx il teatrın tozunu udan aktyor bundan sonra 5 il yeyib-içməsə belə, yenə Baləlinin qara “Range Rover”inin iki təkərini ala bilməz. 

Bəs kimdir günahkar? Axı Baləli məmur deyil. O, heç vaxt büdcə vəsaitini talamayıb. Əminəm ki, bir gün belə dövlət idarəsində işləməyib, heç vaxt xalqın pulunu oğurlamayıb. Məclislərdə xalq özü könüllü şəkildə onun başına pul səpib. Əksinə, bəzi nadinc uşaqlar onun pulunu oğurlayıb ciblərinə dürtüşdürüblər... 

Soruşmağa haqqınız çatır ki, bəs, müəllif nədən narazıdır? 

Yazım...

Baləlinin yağ-bal içində üzdüyünü görən yeniyetmə ona oxşamağa çalışacaq. Onun nəyinə lazımdır ki, alim olub hansısa ixtiraya imza atsın, ya da xərçəngin müalicəsini tapsın... Hamı zəhmətsiz gəlir arxasınca qaçsa, sabah orta məktəblərdə uşaqlarımıza kim dərs deyəcək? Sabah xəstələrimizi kim sağldacaq? Sabah Xəzərin dibindən nefti kim çıxaracaq? Təkcə böyüklər deyil, uşaqlar da görür ki, meyxanaçı Baləli “Cip”lə, alim Məmmədəli isə boş ciblə gəzir...

Demək istədiyim odur ki, Baləlinin qara “Cip”i ilə ağ günə çıxmaq olmaz...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!